İrandan gələn narkotiki əldə edən sahibkara hökm oxundu

HADİSƏ 04 may 2021, 13:08
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsində iştirak etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Anar Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Anar Bağırov qanunsuz yolla qazanc əldə etmək üçün “Anuş” adlı İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşıb. “Anuş” əldə olunmuş razılaşmaya və ümumi cinayətkər niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvü Cəlilabad rayonunun Alar kəndinin ərzisində yerləşən köhnə tikilidə gizlədilmiş narkotik vasitə barədə Anar Bağırovu məlumatlandırıb.

Anar Bağırov 2020-ci il, yanvarın 2-də 20077,780 qram (10 kiloqram 77,780 qram) olan tiryəki qanunsuz əldə edib, saxlamaqla avtomobil yolunun kənarında dayanmış vəziyyətdə olan idarə etdiyi “Kia Forte” markalı avtomobilin yanına daşıyıb.

Həmin gün saat 20.30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı avtomobilin yanında saxlanılıb.

İstintaq orqanı tərəfindən Anar Bağırovun barəsində Cinayət Məcəlləsinin 32.5, 206.2 (qaçaqmalçılıqda iştirakçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü ( külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Bağırov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Bağırov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın verilməsini istəyib.

Anar Bağırovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, Anar Bağırovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Anar Bağırov ali təhsillidir və ailəlidir. Onun himayəsində iki azyaşlı uşağı var. O, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top