Deputat: “Erməni silahlılarının Qarabağdan çıxarılmasına başlanılıb”

QARABAĞ 03 may 2021, 12:17
Bu günlərdə sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsindən sonra Qarabağda qalmış erməni silahlılarının bölgəni tərk etməsi ilə bağlı videogörüntülər yayıldı. Kadrlardan görünən odur ki, içərisində şəxsi heyət olan hərbi avtomobil karvanı, hərbi texnika hərəkət edir. Güman ki, video Azərbaycan əsgəri tərəfindən lentə alınıb. Çünki videoda Azərbaycan dilində deyilir ki, erməni yaraqlıları Xankəndini tərk edərək Laçın dəhlizi vasitəsilə Ermənistana gedirlər.

AYNA-nın mənbəsinin verdiyi məlumata görə, həqiqətən də hərbi karvan erməni ordusuna məxsusdur və bölgədən çıxarılır. Mənbəmiz onu da qeyd edir ki, bu barədə yayılmayan bir çox videolar da var.

Lakin məsələ ilə bağlı rəsmi bir məlumat yoxdur. Azərbaycanın aidiyyəti dövlət qurumları görüntüləri nə təsdiq edib, nə də təkzib. Rusiya və Ermənistan tərəfindən də hansısa rəsmi açıqlamaya rast gəlmədik. Sadəcə ermənilərin Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı olan informasiya resurslarında bu haqda xəbərlər yayılıb. Bu da məlumdur: parlament seçkisiöncəsi müxaliflər Paşinyana qarşı bu faktdan istifadə etməyə çalışırlar. Azərbaycan ictimaiyyəti isə xəbərin doğru olub-olmamasının dəqiqləşdirilməsini istəyir. “Niyə görüntülər rəsmi təsdiqlənmir?” sualı isə cavabsızdır.

Məsələ ilə bağlı AYNA-nın suallarını hakim Yeni Azərbaycan Partiyasının səlahiyyətlisi, deputat Elman Nəsirov cavablandırıb. Xatırladıb ki, İkinci Qarabağ müharibəsinə son qoyan 9 bənddən ibarət 10 noyabr Birgə Bəyanatın 4-cü bəndində darmadağın edilmiş Ermənistan Ordusunun tör-töküntülərinin birmənalı şəkildə Qarabağdan çıxarılması göstərilib:

YAP-çı deputat DTX-ya müraciət etdi:     “Onlar buqələmundurlar”

- Amma biz başqa halların şahidi olurduq. Bəyanatdan sonra Rusiya sülhməramlılarının bölgəyə gəlişi çox sürətlə reallaşsa da, sənəddə göstərilən müddəaların əksəriyyətinin həll olunmamasını görürdük. Xüsusən də Birgə Bəyanatın 4-cü bəndi ilə bağlı, yəni erməni silahlı terrorçularının çıxarılması məsələsində laqeydlik, biganəlik nümayiş olunurdu.

- Sülhməramlıların missiyasına uyğun davranmadığını nəzərdə tutursunuz?

- Bəli. Cənab Prezident İlham Əliyev çıxışlarında sülhməramlı qüvvələrin ayrı-ayrı epizodlarda öz missiyalarını düzgün yerinə yetirməməsi ilə bağlı iradlar bildirib. Ölkə başçısı qeyd edirdi ki, sülhməramlılar bir sıra hallarda Birgə Bəyanatda təsbit edilməmiş humanitar missiya ilə məşğul olurlar, halbuki əsas missiya kənarda qalıb. Məsələyə bu prizmadan yanaşdıqda görürük ki, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olan ən mühüm məsələlərdən biri - silahlı ermənilərin hələ də ərazilərimizi tərk etməməsi ilə bağlı idi. Bəyanata əsasən isə, silahlı ermənilər Qarabağdan sülhməramlıların yerləşməsi ilə paralel şəkildə çıxarılmalı idilər. Qarabağda sadəcə mülki ermənilərin qalmasından söhbət gedir ki, onlar da bizim vətəndaşlardır. Yəqin ki, onların Azərbaycan pasportu ilə təmin edilmələri prosesi çox uzun çəkməyəcək. Azərbaycan dilini öyrənmək erməni vətəndaşlarımızın qarşısında dayanan əsas vəzifələrdən biridir. Bu proseslər baş tutmalı idi. Amma yubanırdı.

- Belə çıxır ki, artıq proses başlayıb?

- Cənab Prezidentin bu məsələlərlə bağlı son dərəcə qətiyyətli və prinsipial mövqeyi var. Ölkə başçısı ADA Universitetində keçirilən beynəlxalq tədbirdə bir daha səsləndirdi, açıq şəkildə Qarabağla bağlı bütün məsələləri çox kəskin şəkildə qoydu və vurğuladı ki, Zəngəzur dəhlizi açılmalıdır. Naxçıvanla-Azərbaycan arasında birləşmə məhz həmin dəhliz vasitəsilə reallaşmalıdır. Hansı ki, bu da Birgə Bəyanatda əksini tapıb. Eyni zamanda, Prezident hər çıxışında bildirir ki, “biz istəyirik sülh bərqərar olunsun, sənəddə göstərilən müddəalar yerinə yetirilsin. Amma bunlar baş verməsə, Ermənistan təxribatçı mövqeyindən geri çəkilməsə, biz güc yolu ilə eyni missiyanı həyata keçirə bilərik”. Bu, Ermənistana çox ciddi mesaj oldu.

Bu gün Ermənistanda revanşizm dalğası güclənməkdədir, ölkəmizə qarşı yenidən ərazi iddiaları irəli sürülür. Təxribatçı davranışlar ortaya qoyurlar ki, bu, regionda çox ciddi problemlər yaratmış olur. Prezident xatırlatdı ki, Azərbaycanın “Dəmir yumruğu”nu unutmasınlar. Bunlar ciddi mesajlardır. ABŞ Prezidentinin məlum “soyqırımı” ifadəsi, digər yandan Fransa Senatının sədrinin Ermənistana gəlib orada təxribatçı açıqlamalar verməsi məsələsi var. Guya ki, biz 62 erməni əsirini saxlayırıq, halbuki onlar əsir yox, terrorçudur. Bütün bunlar regionda vəziyyəti gərginləşdirir və sülh prosesinə ciddi zərbə endirir, yeni müharibə təhlükəsi yaradır.

Belə vəziyyətlərdə Azərbaycan lideri son dərəcə qətiyyətli mövqe nümayiş etdirdi, bəyanatlar verdi. Bildirdi ki, hadisələr belə ssenarilər üzrə inkişaf edərsə, Ermənsitana himayədarlıq edib, revanşist hissləri gücləndirərlərsə, bu, artıq regionu yenidən fəlakətə sürükləyəcək. Müharibə yenidən başlayacaqsa, Ermənistan yenidən “Dəmir yumruğu” hiss edəcək. Belə mövqe qarşısında hesab edirəm, Rusiya anladı ki, hadisələr doğrudan da məhvərindən çıxa bilər.

- Bütün bunlar əvvəldə dediyiniz prosesin başlanğıcı oldu? Yəni, Birgə Bəyanatın bəndlərinin yerinə yetirilməsi prosesi start götürüb?

- Əlbəttə! Birgə Bəyanatın müəlliflərindən olar Rusiyanın yeni müharibənin olması heç bir marağına cavab vermir. Rusiyanın ali siyasi rəhbərliyi proseslərin gedişini anladı və Ermənistana qarşı təzyiq mexanizmlərini gücləndirdi. Artıq proses başlayıb. Ən son məlumatlara görə, Qarabağda hələ də qalmaqda olan məhv edilmiş erməni yaraqlılarının tör-töküntüləri tələm-tələsik bölgəni tərk edirlər. Canlı qüvvə və texnikanın çıxdığının videokadrları da bunu sübuta yetirir. Bunlar Prezidentin zamanında səsləndirdiyi bəyanatların, yürütdüyü siyasətin nəticəsidir. Ölkə başçımızın bir sözü var: “Biz o zaman hərəkət edəcəyik ki, iki məsələ xeyrimizə dəyişsin: zaman və geosiyasi vəziyyət”. İkinci mühüm tezis isə odur ki, “nəyi, nə vaxt, necə etmək lazımdır, biz çox gözəl bilirik”. Fikir verin, altı ay müddətində cənab Prezident sülhdən yana olduğunu ortaya qoydu, amma eyni zamanda, bildirdi ki, lazım gələrsə “Dəmir yumruq” işə düşə bilər. Qarşı tərəf də bilir ki, Azərbaycan Ali Baş Komandanı nəyi deyirsə, onu da edir. Mənə elə gəlir ki, bu siyasət erməni silahlılarını Qarabağdan çıxmağa məcbur etdi.

- Məsələ burasındadır ki, sözügedən videogörüntülərlə bağlı rəsmi Bakının mövqeyi yoxdur. İctimaiyyət sual verir: bu videolar nə dərəcədə həqiqətdir, Xankəndini erməni yaraqlıları tam tərk edir, yoxsa bir hissəsi çıxır, nə qədər terrorçu çıxarıldı, texnikaının hamısımı çıxdı, indi təmas xətti deyilən ərazidə kim xidmət edir və s. Amma bir rəsmi açıqlama yoxdur. Sizcə, rəsmi açıqlama niyə yoxdur? Niyə ictimaiyyətimizi rahatladan açıqlama verilmir?

- Düzdür, sosial şəbəkələrdə yayıldığı üçün ictimaiyyət bir az şübhə ilə yanaşır. Mən sözügedən məlumatı “Baku-Moskva” portalından da oxudum. Bu portal kifayət qədər ciddi bir informasiya resursudur. Eyni zamanda, göz qabağında videogörüntülər var. Əlbəttə, haqlı sual yaranır ki, bu barədə niyə rəsmi xəbər verilmir. Subyektiv fikrimi deyəcəm. Bəzən elə məsələlər var ki, onu rəsmiləşdirərkən fəsadı daha çox olur. Əsas nəticədir. Erməni terrorçularının Qarabağdan çıxarılması prosesi başlayıb, çıxarılırlar. Məlumatı geniş işıqlandıranda, ona rəsmi münasibət bildirəndə, bu, nəticə etibarilə həmin prosesin uğurlu sonluğuna mənfi təsir göstərə bilir. Bu gün Ermənistan daxilindəki vəziyyət aydındır. Ermənilərin ayağa qalxması, etirazların güclənməsi, revanşizmə çağırışlar var. Belə məlumatlar Ermənistanda keçirilməsi gözlənilən 20 iyun seçkilərində revanşistlərin mövqeyini xeyli gücləndirə bilər. Bu isə bizə lazım deyil. Mənə elə gəlir ki, bu ehtimalları nəzərə alıb sözügedən məlumatı rəsmi bəyan etməyə ehtiyac görülmür.

- Dediyinizdən belə çıxır ki, rəsmi Bakı informasiya siyasəti ilə həm də Ermənistandakı daxili siyasi vəziyyəti idarə etməkdədir?

- Tamamilə doğru deyirsiz. Əlbəttə ki, bu gün Azərbaycan diktə edən tərəfdir, qalib ölkədir. 44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın “yenilməz ordusunu” darmadağın edib. İnanın ki, Rusiyanın bu prosesə müdaxiləsi olmasaydı,  Azərbaycandan xahişi olunmasaydı, artıq tamamilə fərqli mənzərənin şahidi olardıq. Bu, hər kəsə bəllidir. İndi də bütün proseslər tamamilə Azərbaycanın diktəsi altında gedir. Azərbaycan Prezidentinin açıq və prinsipial mövqeyi proseslərə yön verir. Ölkə başçısı bizi narahat edən bütün məsələləri qəti şəkildə aidiyyəti dairələrə çatdırır.

Məsələn, Prezident müharibə dövründə Rusiyanın bəzi dairələrinin Ermənistana dəstək olduğunu, silah verdiyini bildirdi və narazılığını çatdırdı. Şuşaya atılan “İsgəndər M” raketi ilə bağlı israrlı və qətiyyətli mövqeyini ortaya qoydu. Bununla yanaşı, ABŞ dövlət katibi ilə telefon danışığı zamanı açıq şəkildə söylədi ki, Co Baydenin “soyqırımı” ifadəsi Azərbaycan və Türkiyə ictimaiyyətinin narahatlığına və narazılığına səbəb oldu. Və qeyd etdi ki, əməkdaşlıqda bu məsələlər nəzərə alınmalıdır. Bu, çox cəsarətli irad idi.

Deməyim odur ki, ölkə başçısı lazım gələndə narazılığımızı Rusiyaya da, ABŞ-a da, marağımıza zidd addım atan hər bir ölkəyə çatdırır. Cənab İlham Əliyevin bəyanatları Ermənistanda və digər maraqlı dövlətlərdə çox ciddi şəkildə təhlil edilir, nəticələr çıxarılır. Bu gün real mənzərə ondan ibarətdir ki, Prezidentin qətiyyətli siyasəti nəticəsində bizimlə hesablaşılır, diktə edən tərəf bizik. Bilirsiniz, bizim üçün artıq Dağlıq Qarabağ Muxtar Vilayəti anlayışı da yoxdur. Buna uyğun da addım atılır.

- Yeri gəlmişkən, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da fəaliyyətini dayandırdı...

- Çünki bizim üçün daha “Dağlıq Qarabağ”, “status” sözləri, yanaşması yoxdur. Bizim üçün var Bakı şəhəri, var Gəncə şəhəri, Lənkəran şəhəri, Xankəndi şəhəri, Əskəran şəhəri, Hadrud qəsəbəsi və s. Daha bura Dağlıq Qarabağ bölgəsidir ifadəsi olmadığına görə, icma da yoxdur. Söhbət ümumi Azərbaycan ərazilərindən gedir ki, oraya Bakı, Gəncə, Lənkəranla yanaşı, Xankəndi də daxildir. İndi Qarabağın nə azərbaycanlı, nə də erməni icması var. Muxtar Vilayətdə vaxtilə də, işğal dövründə də yaşamış mülki erməni vətəndaşlarımız yenə də orada yaşayacaqlar. Necə ki, bu günədək Azərbaycanda minlərlə erməni sərbəst şəkildə yaşayıb, yaşayırlar da. Eyni qaydada Qarabağda da erməni vətəndaşlarımız yaşayacaqlar.

- Hesab edirsiniz ki, Azərbaycan ictimaiyyəti narahat olmasın, Birgə Bəyanatda göstərilənlər ləngimə ilə də olsa, həyata keçiriləcək?

- Təbii ki, insanlarımızın bəzən hövsələsizliyini də anlayıram. Bəzi feyk xəbərləri oxuyurlar, erməni mənbələri tərəfindən ortaya atılan təxribatçı informasiyalara qıcıqlanırlar. Amma hər kəs inansın ki, Ali Baş Komandan öz işini görür, milli maraqlarımıza uyğun siyasətini həyata keçirir. Hər şeyin zamana ehtiyacı var. Dünyada işıqdan sürətli heç nə yoxdur, amma ona da Günəşdən başlanğıcını götürüb Yerə çatana kimi 8 dəqiqə vaxt lazım olur. Biz deyirik ki, “müharibə bitdi, bəyanat imzalandı, vəssalam. Niyə 5 ayda problemlərin hamısı həllini tapmadı?”. Əlbəttə, narahatlıqlar başadüşüləndir. Amma hər şey o qədər də sadə deyil. Zamana ehtiyac var. Əmin ola bilərik ki, yekunda Azərbaycanın istəyi olacaq.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top