“Soyqırımı” şantajının hədəfi: Türkiyə və Azərbaycan qalib gələcək — TƏHLİL

TƏHLİL 26 apr 2021, 16:12
ABŞ prezidenti Co Bayden aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi Türkiyənin milli maraqlarına xidmət edən müstəqil siyasətini baltalamaq cəhdi olduğu şübhəsizdir. Bayden hələ 2019-cu ildə jurnalistlərə müsahibəsində məqsədini açıq mətnlə dilə gətimişdi.

Bayden iki il öncə belə demişdi: “Ona (Ərdoğana) fərqli yanaşma tətbiq etməliyik. Müxalifət liderlərini dəstəklədiyimizi, “yol xəritəmizin” olduğunu göstərməliyik. Əvvəllər etdiyim kimi, onlarla (müxalif liderləri) ilə təmasa keçərək, Ərdoğanı məğlub edəcək qədər gücləndirməliyik. Çevrilişlə yox, seçki yolu ilə. İstanbuldan bayıra atıldı, partiyası bayıra atıldı. Düşündüyümüz məsələ ilə bağlı səsimizi ucaltmalıyıq, əvəzini ödəməlidir”.

İndi ABŞ prezidenti olan Bayden hələ o vaxt Ərdoğanın ölkəsini milli maraqlarına xidmət edən siyasətini qəbul etmədiyini və buna qarşı hətta “çevriliş planı”nın olduğunu etiraf edirdi. Oval kabinetə gəlişindən sonra ilk dəfə Türkiyə prezidenti ilə təmas quran və bir gün sonra “soyqırımı” ifadəsini işlədən Baydenin gerçək hədəfi məhz qardaş ölkənin müstəqil siyasətinə, geosiyasi uğurlarına zərbə vurmaqdır.



Qondarma “erməni soyqırımı” ABŞ və Qərb dairələrinin əlində həmişə Türkiyəyə qarşı təzyiq aləti olub. Hər il bu məsələ gündəmə gətirilir, müxtəlif bəyanatlar, qərarlar verilir, lakin bu iddia üzərindən təzyiq siyasəti yürüdənlər Türkiyənin arxivlərin açılması təklifini rədd edirlər.

Türkiyə uzun müddətdir ki, qondarma “erməni soyqırımı” məsələsini aydınlaşdırmaq üçün arxivlərin açılmasını təklif edir. Lakin nə Ermənistan, nə də bu məsələni siyasi oyuna çevirən ABŞ və Qərb dairələri bu təklifi qəbul etmirlər. Çünki arxivlərin açılması gerçəklərin ortaya çıxması, heç bir soyqırımının olmadığını sübut edəcək. 

Arxivlərin açılmasını istəməyən ABŞ prezidenti nəhayət bu il “soyqırımı” sözünü işlətdi və bu, qondarma “erməni soyqırımı”nı tanımaq yox, məhz Türkiyənin müstəqil siyasi kursunu baltalamaq planının bir hissəsidir.

Türkiyə uzun müddət müttəfiqlik prinsipinə sadiq qalaraq, ABŞ və NATO-dakı digər ölkələrin maraqlarına qarşı addım atmayıb. Hərçənd ki, qardaş ölkə özlərini müttəfiq adlandıranlardan adekvat münasibət görmədi. Misal üçün, hava hücumundan müdafiə sistemini möhkəmləndirmək məqsədilə “Patriot” sistemlərini almaq istəyən Türkiyə uzun müddət qapı arxasında gözlədildi. Nəhayət, Ankara Moskva ilə anlaşdı və S-400 sistemlərini aldı. Bundan sonra ABŞ Türkiyəni F-35 proqramından çıxardı. Yaxud, Türkiyə milli müdafiə sənayesi uzun müddət Qərbdən asılı olub. Türkiyəyə satılan silahın gülləsini, helikopterin təchizatını, raketin sistemini vermirdilər. Qardaş ölkə özünün müdafiə sistemini inkişaf etdirdi və bu gün kənardan asılılığını minimuma endirib.



Bütün bunlar ABŞ-ı və Qərb dairələrini narahat edir. Onları narahat edən həm də Türkiyənin illərdir ona qarşı istifadə edilən PKK kartını məhv etmək əzmini nümayiş etdirməsidir. 

Türkiyə ordusunun ölkə daxilində və xaricində keçirdiyi əməliyyatlar PKK terrorunu bitirmək üzrədir. Suriyada həyata keçirilən “Fərat qalxanı”, “İdlib əməliyyatı”, “Zeytun budağı”, “Sülh çeşməsi”, “Bahar qalxanı”, Şimali İraqda keçirilən “Pəncə” əməliyyatları terrorun kökünü qurutmaqdadır. 

Bu, illərdir Türkiyəyə qarşı PKK terrorunu silah kimi istifadə edən qüvvələri narahat edir.

2016-cı il 15 iyul çevriliş cəhdi də məhz Türkiyənin milli siyasi xəttini qırmaq planı idi. Bu plan baş tutmadı və Türkiyə xarici siyasətini daha da şaxələndirərək, milli hədəflərinə doğru addımlarını sürətləndirdi. Milli müdafiə sənayesini, milli iqtisadiyyatı, milli sənayesini gücləndirdi. Bu gün Türkiyə geosiyasi proseslərin əsas aktorlarından biridir.



Qarabağ müharibəsində Azərbaycanında yanında olan qardaş Türkiyənin geosiyasi gücü daha da artıb. Xüsusilə Zəngəzur dəhlizinin inşasına başlanması türk coğrafiyasının parçalanmasını aradan qaldıracaq. Bunun fonunda Türk Şurasının yeni güc olaraq meydana çıxdığı müşahidə olunur.

Baydenin “soyqırımı” deməsi, ümumiyyətlə bu məsələ məhz Türkiyənin artan nüfuzunu zədələmək, gücünü zəiflətmək məqsədi daşıyır.

Lakin bu, təzyiqlərin nəticə verməyəcəyi şübhəsizdir. Türkiyə indiyə qədər sərgilədiyi mövqeyi, milli maraqlarına uyğun atdığı addımları ilə sübut etdi ki, təzyiqlərlə onu “sındırmaq” mümkün deyil. 

Ən mühüm məqam isə bütün bu proseslərdə Azərbaycanın qardaş Türkiyənin yanında olmasıdır. Bu, Türkiyənin gücünə güc qatan amildir. Çünki Azərbaycan təkcə regional oyunçu yox, bir çox geosiyasi proseslərin həlledici açarlarından biridir. İstər Avropanın enerji təhlükəsizliyi olsun, istərsə Qərblə Şərqin birləşməsi üçün strateji körpü məsələsində, Azərbaycan olmadan regiondakı layihələrin həyata keçirilməsi mümkün deyil. 

Azərbaycan həmişə Türkiyənin yanında olub, yanındadır və olacaq. Azərbaycan və Türkiyə qardaşlığı belə təxribat hücumları dəf etməyə, güclənməyə və milli maraqlarımızı müdafiə etməyə kifayət edəcək qədər böyükdür.

Prezident İlham Əliyevin bəyanat etdiyi kimi, “XXI əsr türkün əsridir”.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top