Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: “Başsağlığına gedəcəm”

HADİSƏ 21 apr 2021, 16:53
Bir həftə əvvəl - aprelin 15-də Abşeron rayonu, Məmmədli kəndində yaşayan 13 yaşlı Nəbiyev Nihad Nicat oğlunun ehtiyatsızlıqdan öldürülməsi xəbəri eşidənləri sarsıtdı. Yeri gəlmişkən hadisə aprelin 7-də baş verib, Nihad Nəbiyev hadisədən 8 gün sonra - aprelin 15-də 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib.

“Report”un əməkdaşları hadisənin baş verdiyi kəndə gedərək faciənin təfərrüatını öyrənib.

Məlum olub ki, Nəbiyevlər ailəsi hazırda evdə deyil. Onlar doğma Tovuz rayonuna mərhum Nihad Nəbiyevin yasını keçirtmək üçün gediblər.

Qonşulardan öyrənirik ki, Nihad üçuşaqlı ailənin böyük oğludur. O, Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin 6-cı sinif şagirdi imiş.

Hadisəni ehtiyatsızlıqdan törətmiş, hazırda polis nəzarətində olan (o, həbsdə deyil- “Report”) mərhumun həmkəndlisi, 63 yaşlı Sücəddin Rzayev isə evdə idi. O, kamera qarşısında danışmaq istəməsə də hadisə ilə bağlı detallı məlumat verdi.



Kiçik fermer təsərrüfatı olan Rzayevin sözlərinə görə, Məmmədli kəndində sahibsiz küçə itləri çoxdur:

“Üzüm bağımıza ziyan vurmasınlar deyə ərazidə ov tüfəngi ilə atəş açdım. Daha sonra kolların arasından bir nəfərin yerə yıxıldığını gördüm. O, kolluqda gizlənib siqaret çəkirmiş. Yaxınlaşdım gördüm ki, bu, Nihaddır. O, yerdə idi...”

Hadisədən son dərəcə peşmançılıq keçirərək sarsılan S.Rzayev deyir Nihadın ailəsi ondan şikayətçi olmayıb:

“Ailəsini tanıyıram, atası Nicat dostumdur. Uşaq gözlərimin qabağında böyüyüyüb... Sabah Nihadın yeddi mərasimidir. Tovuza başsağlığına gedəcəyəm”.

 Sücəddin Rzayev

Qeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top