Ermənistan XİN-ə cavab: Ağıllanmasalar, “dəmir yumruq" olan-qalan hər şeylərini darmadağın edəcək

GÜNDƏM 21 apr 2021, 11:58
"Azərbaycan heç bir zaman işğalçılıq müharibəsi aparmayıb, əksinə öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatı həyata keçirib, ermənilərə cavab verib. Bütün bunlar ermənilərin vəhşiliyinin kökünü kəsmək üçün edilib. Ermənilərə xitabən deyirəm ki, sizi indi müdafiə edənlər son erməni ölənə qədər bu qırğınları aparacaqlar. Ağıllı olun, diqqətlə baxın ki, müharibə zamanı sizə vəd verənlərin əsgərləri ölmədi, erməni əsgərlər öldü. Qonşunun gücünə arxayın olmayın!"

Bunu Pravda.az-a açıqlamasında Milli Meclisin deputatı Elman Məmmədov Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərhi ilə bağlı deyib.

Deputat bildirib ki, Ermənilərin ağıllanmaması, sərsəm bəyanatlar verməyə davam etməsi, revanşist istəkləri Prezident tərəfindən hər zaman şərh edilib və yanlış addım adlandırılıb: "Bu gün Ermənistan həm siyasi və hərbi, həm də iqtisadi cəhətdən böhran içində yaşayır. İndi isə kənar qüvvələrin ümidverici vədlərinə uyaraq yenidən yanlış yola meyl etsə, əlbəttə ki, "Dəmir yumruq" onların olan-qalan hər şeylərini darmadağın edəcək. Bir şeyi anlasınlar ki, Azərbaycan Vətən müharibəsini torpaqlarını işğaldan azad etmək üçün öz ərazisində aparıb və nəticədə ərazi bütövlüyünü təmin edib. Lakin bundan sonra Ermənistan nəyəsə arxayın olub yenidən müharibəyə meyl etsə, artıq bu dəfəki döyüşlər Azərbaycanın ərazisində deyil, tarixi torpaqlarında - hazırda Ermənistan dövlətinin qurulduğu Qərbi Azərbaycan adlandırılan ərazilərdə gedəcək. Beləliklə, onlar tamamilə məhv ola və bir dövlət kimi mövcudluqları məsələsi gündəmə gələ bilər. Ermənilər ümid edirlər ki, kimlərsə gəlib kömək edəcək, dəstək duracaqlar və s. Elə müharibə başlamamışdan əvvəl də, döyüşlər davam edərkən də onlara kifayət qədər kömək edirdilər. İllər boyu silahlandırılıb, təlimatlandırılıblar. Prezident İlham Əliyev aprelin 20-də müsahibəsi zamanı qeyd etdi, müharibəyə 1-2 ay qalmış sərnişin təyyarələri ilə, quru yolla və müxtəlif başqa yollarla bir sıra dövlətlər, xüsusilə Şimal qonşumuz tərəfindən Ermənistana silah-sursat daşınırdı. Nə faydası oldu? Nə edə bildilər? Azərbaycanın gücü qarşısında tab gətirə bilmədilər. Bundan sonra da ağıllanmasalar, bu dövlət Cənubi Qafqazda mövcud olmaya bilər".

Qeyd: Prezident İlham Əliyev 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” - deyə vurğulayıb. Ermənistan XİN isə iddia edir ki, bu, Ermənistanın ərazi bütövlüyünə təhdiddir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top