"Şuşanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin orada hərbi qarnizonu olmalıdır"

MÜSAHİBƏ 15 apr 2021, 21:17
"Şuşanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin orada hərbi qarnizonu olmalıdır"

Demokrat.az Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir:
 
- Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan iddia edir ki, savaşın dördüncü günü Baş nazir Nikol Paşinyana döyüşlərin dayandırılmasın lazım olduğunu deyib, amma hökumətin başçısı ona məhəl qoymayıb. Ümumiyyətlə, təkcə Qasparyan yox, bir çox erməni hərbçisi tərəfindən də Paşinyana qarşı bu kimi iddialar səsləndirilir. Sual yaranır ki, əgər bu iddialar doğrudursa, o zaman niyə Paşinyan erməni ordusunun Azərbaycana məğlub olacağını bilə-bilə “dayanmaq” əmri verməyib?
 
- Sanki Ermənistanın məğlub olduğu müharibədən zaman keçdikcə, Baş nazir Nikol Paşinyanın özünəinamı artır. Paşinyan müharibə bitdikdən dərhal sonra özünə gizlənməyə yer axtarırdı, mitinqdə “məni bağışlayın” dedi. İndi isə əksinə, Paşinyan parlament seçkilərindən əvvəl rəqiblərinə qarşı hücumları gücləndirib və müharibədəki məğlubiyyəti Ermənistanın keçmiş rəhbərlərinə yükləmək istəyir. Paşinyan dünənki açıqlamasında bildirdi ki, Azərbaycan kəşfiyyat məqsədilə kosmik raket alanda Ermənistandakı hakimiyyət nümayəndələri yığdıqları pulla kef edirdilər. Paşinyan keçmiş prezidentlərin xətalarını açmağa davam edir. Düzdür, qarşı tərəflər Paşinyanın bu ittihamlarını inkar etsələr də, bunu sübut etmək çətindir. Bir sözlə, Paşinyan məğlubiyyət sindromundan qurtularaq, diqqəti parlament seçkilərinə və daha çox səs toplamağa yönəldib.
 
Qasparyana gəldikdə, bu, ikisi arasında baş tutan görüşdür, kimin doğru dediyini söyləmək çətindir. Qasparyan belə deyir, Paşinyan da başqa söz. Paşinyan onu da deyir ki, Levon Ter-Petrosyan 2018-ci ildə ona Qarabağın Azərbaycana verilməsini təklif edib. Petrosyan da bildirir ki, ona belə söz deməyib. Əsas budur ki, Paşinyan rəqiblərinə qarşı hücumları gücləndirib. Rəqibləri də zəifləyib. Guya Qasparyan ona müqavimət göstərəcəkdi, amma bunu edə bilmədi, Paşinyan istədiyi adamı baş qərargah rəisi təyin etdirə bildi.
 
- Paşinyan dünənki açıqlamasında Rusiya ilə Azərbaycanla sərhəddə hərbi bazanın qurulması ilə bağlı müzakirələrin aparıldığını söylədi. Sövdələşmə baş tutsa, rus hərbi bazasının Zəngəzurda yaradıla biləcəyi deyilir. Rusiyanın buna ehtiyacı varmı?
 
- Paşinyan dünən parlamentdəki çıxışı zamanı Moskva ilə iki istiqamətdə danışıqların getdiyini dedi. Birinci istiqamət Rusiyanın Gümrüdəki hərbi bazasının genişləndirilməsidir. İkinci istiqamət də Rusiyanın Azərbaycanla yaxınlıqda – Zəngəzurda yeni hərbi bazasının yaradılmasıdır. Belə görünür ki, Azərbaycan ərazilərinə “İsgəndər” raketlərini atan zehniyyət Ermənistandakı hərbi bazasını genişləndirməyə və yenisini də yaratmağa hazırlaşır. Bizim sualımız da budur ki, bunlar kimə qarşıdır? Əslində bu suala dünən Moskvada erməni həmkarı ilə görüşən Rusiyanın baş qərargah rəisi cavab verdi. O, açıq şəkildə bildirdi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas strateji müttəfiqidir.
 
Hesab edirəm ki, Rusiyanın Ermənistanın istəyini yerinə yetirməsi mümkündür: həm mövcud hərbi bazasını genişləndirə, həm də yenisini yarada bilər. Rusiya onsuz da bizə xoş olmayan xeyli addımlar atır. Bu da Azərbaycan üçün xoşagəlməyən növbəti addımı olacaq. Rusiya hərbçiləri bölgədə yerləşməyənə qədər bizim bu ölkə ilə bu qədər problemimiz yox idi. Dedilər ki, rusiyalı hərbçilər Qarabağda olsun, biz də məcbur olub razılaşdıq. Bundan sonra sualların sayı da artdı. Çünki təxribatlar getdikcə çoxalır, “İsgəndər” məsələsi var, bölgədə modul tipli yaşayış yerlərinin sayını artırırlar, bayraqlarını hava limanından asırlar, Laçın dəhlizi nəzarətsiz qalıb. Bütün bunlar, Rusiyanın Azərbaycana qarşı xoş olmayan mesajlarıdır. Amma Rusiyada anlamalıdırlar ki, bu cür sualların sayı artıqca, Moskva Azərbaycanla münasibətlərə mənfi təsir edir və edəcək.
 
- Azərbaycan bu addımlara qarşı nə etməlidir?
 
- Bizim “İsgəndər”lə bağlı suallarımıza heç bir münasibət bildirmirlər. Peskov da diqqəti yayındırmaq üçün belə bir açıqlama verdi ki, guya məsələ müzakirə predmetidir. Biz müharibədə Ermənistan üzərində qələbə qazandıq, yenə olsa, yenə udacağıq. Ermənistan bizim qarşımızda zəifdir. Amma qarşımızda Rusiya-Ermənistan hərbi ittifaqı olanda bu, bizim üçün müəyyən problemlər yaradır. Biz buna cavab olaraq, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik.
 
Bir neçə gün əvvəl belə bir təkliflə çıxış etdim ki, Şuşada mütləq Türkiyənin hərbi qarnizonu yaradılmalıdır. Bu, bizim üçün çox vacibdir. İlk növbədə, erməni separatçıları son yüz ildə Şuşaya qarşı xeyli təxribatlar törədib. İşğal etdilər, yandırdılar, dağıtdılar, qətliamlar həyata keçirdilər. Əlbəttə, sonda Azərbaycan qələbə qazandı və Şuşaya nəzarətimizi bərpa etdik. Buna görə də, Şuşanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin orada hərbi qarnizonu olmalıdır. Digər yandan, Türkiyənin orada hərbi qarnizonu olarsa, bəlkə də Rusiya hərbçilərini Qarabağdan çıxarmaq mümkün olardı. Biz də bundan sonra deyə bilərik ki, əgər Türkiyə hərbi qarnizonunun Şuşada olmasını istəmirsinizsə, o zaman bölgədəki bütün hərbi qüvvələr çıxarılsın, o cümlədən Rusiya hərbçiləri.
 
- Peskov deyir ki, Şuşaya atılan “İsgəndər M” raketi ilə bağlı Rusiya və Azərbaycan hərbçiləri arasında dialoq aparılır. Sanki Rusiyanın siyasi rəhbərliyi bununla məsuliyyəti öz üzərindən atıb, yükü hərbçilərinin üstünə qoymaq istəyir. Peskovun bu açıqlamasından çıxan məntiq belə ola bilərmi?
 
- Kremlin icazəsi olmadan “İsgəndər M” raketləri Ermənistana verilə bilməzdi. Bunu hamı anlayır. Yəni Rusiyanın Müdafiə Nazirliyi öz qərarı ilə bunu Ermənistana verməsi mümkün deyil. Bu, Kremlin razılığı ilə baş verib. Cinayət üstündə yaxalanıblar, buna görə də deməyə sözləri yoxdur. Amma anlamalıdırlar ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Bir ara xəbər yaydılar ki, guya ermənilərin Rusiyanın hansısa zavodundan raketləri oğurlayıblar. Bu, real deyil. Çünki dünyada ən güclü kəşfiyyat və kosmikizləmə sistemləri Rusiyadadır. Yəni belə yolla raketləri zavoddan götürmək mümkün olmazdı. Bu, diqqəti yayındırmaq üçün ortaya atılmış iddia idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top