Deputat: "ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli imkanlarını buxovlamağa yönəlib"

GÜNDƏM 15 apr 2021, 11:54
"ATƏT-in Minsk Qrupuna inam və etimad çoxdan itib. Belə olan halda, kimi inandıra bilərlər ki, 30 ildən sonra Minsk Qrupu siyasi tənzimləmə məsələlərində rol oynayacaq, eyni zaman elə davranış ortaya qoyacaq ki, həllini gözləyən məsələlər bundan sonra obyektiv və ədalətli həllini tapacaq?! Biz nəinki onların münaqişənin həllinə çalışdığını görməmişik, bir çox hallarda münaqişənin həllinin buxovlanmasına xidmət edən davranış sərgilədiklərinin şahidi olmuşuq. Bu reallıqdır!"

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Minsk Qrupunun təxminən 30 illik fəaliyyətinin nəticəsinə qiymət verilsə, bunun, sadəcə, fəaliyyətsizlik olduğu diqqətdən yayınmaz: "Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu 1992-ci il mart ayının 24-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə  yaradılmış qurumdur. Vaxtilə öyünürdülər ki, əgər Minsk Qrupu olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. Ancaq həm Aprel döyüşləri, həm də Vətən müharibəsi göstərdi ki, onların bu məsələdə də öyünmələri üçün heç bir əsas yoxdur və fəaliyyətləri bir çox hallarda nəinki münaqişənin həll edilməsinə yönəlib, əksinə münaqişənin həlli imkanlarını buxovlamaq məqsədi daşıyıb. Biz xüsusilə Fransanın timsalında bunun dəfələrlə şahidi olmuşuq. Müharibə dövründə də hələ Fransanın ali siyasi rəhbərliyi səviyyəsində Ermənistanın necə açıq şəkildə dəstəkləndiyini gördük. Bu yaxınlarda da eşitdik ki, Fransa səfiri Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətini ləyaqətli məğlubiyyət adlandırıb. Bu nə termindir, nə yanaşmadır?! Ləyaqətsiz məğlubiyyət də olur?! Bunu eşidəndə yadıma düşdü ki, bir çox hallarda Qərb dövlətləri, elə Fransanın özü də terrorizmə münasibətdə eyni yanaşmanı ortaya qoyurlar. Bölgü aparırlar ki, bu yaxşı terrorçudur, digəri pis terrorçudur. Belə yanaşma ilə terrorizmə qarşı mübarizənin də heç bir effekti olmur".

Elman Nəsirovun fikrincə, məhz bu ikili standartlar səbəbilə cənab Prezident haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticələrinin sıfıra bərabər olduğunu söylədi: "Qeyd etdi ki, indiki vəziyyətdə münaqişə bitibsə, sözügedən Qrup hansı fəaliyyəti göstərəcək, məqsədləri nədir?! Bu o deməkdir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin 30 il ərzində heç bir nəticəsi olmayıb".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top