Sülh əleyhinə bəyanatın səbəbi: Həmsədrlər yenidən “yaxşı yaşamaq” istəyir

SİYASİ 14 apr 2021, 17:54
30 il ərzində fəaliyyəti yalnız bölgəyə turist səfərləri və yaxşı yeyib-içmək olar ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə həll ediləndən sonra yenidən aktivləşib. Onlar yeni danışıqlar aparmaq istəyir, amma kiminlə və nə haqda?

Gülməli vəziyyətdir, çünki münaqişə həll olunub, Azərbaycaqnın ərazi bütövlüyü təmin edilib, həmsədrlər indi ayılıblar və birbaşa Ermənistandakı revanşist düşüncələri körükləyəcək bəyanat qəbul ediblər.

Bu, həmsədrlərin bölgədə sülhün bərqərar olmasında maraqlı olmasını şübhə altına atır. Əslində keçmiş amerikalı həmsədr Riçard Hoqlandın etirafları həməsdrlərin 30 il ərzində elə bu işlə məşğul olduğunu deməyə əsas verir.

Hoqland etiraf edir ki, həmsədrlər bölgəyə dincəlmək üçün səfər edirmiş: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü”.

Doğrudan da həmsədrlər yaxşı yaşayırdılar və aradabir özlərini yada salmaq üçün bəyanatlar verir, görüşlər keçirirdi. Hoqlandın etirafı onu da təsdiqləyir ki, ABŞ, Fransa və Rusiya həmsədr postuna çox vaxt ölkələrində onuncu dərəcəli, nüfuzu olmayan, bir çox hallarda məsələnin mahiyyətini bilməyən diplomatları təyin ediblər.

“30 il Dövlət Departamentində işlədikdən sonra təqaüdə çıxacaqdım, lakin Minsk qrupunda müvəqqəti həmsədr vəzifəsini icra etmək təklif olundu.
Doğrusu, müvəqqəti həmsədr olmağı təklif edəndə əvvəlcə bir az tərəddüd etdim, Dövlət Departamentində belə bir vəzifə karyera yüksəlişi kimi qəbul edilmirdi. Açığı, bu vəzifəni tam hüquqlu səfir təyin olunmağı gözləyən diplomat, yaxud təqaüdə çıxana qədər işləməsi lazım olan biri tuturdu”, - Riçard etiraf edir.

Bu onu təsdiqləyir ki, həmsədr ölkələr Minsk qrupuna “gözləmə postu” kimi baxır və səfir göndəriləcək, yaxud təqaüdə çıxacaq diplomatlarını bura təyin edirmişlər.

Hoqlandın ən diqqətçəkən etirafı isə münaqişənin həlli ilə bağlıdır. O deyir: “Həmsədr həmkarlarımla İrəvana və Bakıya çoxsaylı səfərlərim zamanı heç vaxt açıq dilə gətirmədiyim bir qənaətə gəldim. Dağlıq Qarabağ problemini yalnız müharibə ilə həll etmək olardı”.

Azərbaycan məhz yeganə həll variantını həyata keçirdi, münaqişəni həll etdi, BMT-nin məlum 4 qətnaməsini icra etdi və həmsədrlərin 30 il ərzində etmək istəmədiyini yerinə yetirdi.

Artıq hər şey keçmişdə qalıb, həmsədrlər isə yatıb, indi oyanıblar. Minsk qrupunun dünənki bəyanatı bunun nümunəsidir. Bu bəyanatın bölgədə sülhün əleyhinə olduğu aydın görünür, çünki münaqişə həll olunandan sonra heç bir predmeti olmayan danışıqlara dəvət etmək Ermənistanda revanşizmin baş qaldırmasına xidmət etmək deməkdir. 

Sual yaranır: Azərbaycan nəyə görə yenidən lazımsız və mənasız danışıqlar aparmalıdır? Danışıqlar aparası tərəfdə– Ermənistanda xaosdur, Paşinyan dövləti idarə etməkdə çətinlik çəkir, ölkə daxilində vəziyyət son dərəcə qeyri-stabildir, kiminlə danışıq apara bilərik? Danışıqlar predmeti yoxdur – münaqişə bitib, BMT-nin müvafiq qətnamələri icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Həmsədrlər yenidən səfərlərə başlayıb nəyi həll etmək istəyirlər?

Görünür işsiz qalmaqdan qorxan həmsədrlər yenidən bölgəyə gəlmək, beşulduzlu otellərdə yeyib-içmək məclisləri təşkil etmək arzusundadır. Bəyanatdan çıxan nəticə də budur. Hərçənd, real nəticələr başqadır. Misal üçün, bəyanatda mədəni abidlərlə bağlı irəli sürülən iddialar bir məsələni yada salır. Münaqişənin həllindən əvvəl ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi, lakin qurum və həmsədr ölkələr bununla bağlı heç bir tədbir görmədilər. İndiyə niyə əl-ayağa düşüblər.

Bəyanata imza atana rusiyalı həmsədrin mövqeyi də suallar yaradır. Görünür, Popov ölkəsinin sülhməramlılarının Dağlıq Qarabağda olduğunu,  regionda tam yeni bir reallıq yarandığını unudur.

Yaxud Fransanın mövqeyinin absurd olduğu ortadadır. Bu ölkə başa düşməlidir ki, Azərbaycan cəmiyyətində bu ölkəyə heç bir etimad, inam yoxdur, o, ilk növbədə öz itirilmiş nüfuzu haqqında düşünməlidir. Fransa Minsk Qrupuna daxil olmasının şərtlərini xatırlamalıdır və obyektivlik, bitərəflik kimi kriteriləri kobud şəkildə pozan ölkənin bu prosesdə iştirakının arzuolunmaz olduğunu qəbul etməlidir.

Ümumiyyətlə, hər şeydən öncə “ATƏT MQ niyə bu 3 ölkənin monopoliyasında olmalıdır?”, “Niyə regionda mühüm rola və çəkiyə malik Türkiyə orada olmalı deyil?”, “Niyə yalnız xristian dövlətləri bu prosesdə iştirak etməlidir?” suallarına cavab verilməli, buna uyğun addımlar atılmalıdır.

Həmsədr ölkələr anlamalıdır ki, münaqişə həll olunub və ATƏT Mink Qrupu artıq münaqişənin tənzimlənməsində iştirak edən qurum deyil. Həmsədrlər sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin quruculuğu və s. bu kimi məsələlərlə məşğul ola bilər.

Əgər istəyirlərsə, niyyətləri həqiqətən sülhə töhfə verməkdirsə, bunu etsinlər, əks təqdirdə onların turist səfərlərinin heç nəyə xeyri yoxdur.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top