Politoloq: “Rusiya "qoluzorluyam, hər şeyi edərəm" əxlaqı ilə hərəkət edir”

GÜNDƏM 07 apr 2021, 12:37
Aprelin 2-də ANAMA Rusiyaya məxsus "İsgəndər-M" raketinin Şuşa şəhərindəki qalıqlarının fotoları paylaşıb. İxracı beynəlxalq konvensiyalarla qadağan edilən bu raket növünün Şuşaya haradan və necə atılması hələki dəqiq məlum deyil. Bəs üçtərəfli sazişin əsas icraçılarından olan Rusiya bu təxribatla bağlı niyə hələ də rəsmi mövqe bildirmir?

Mövzu ilə bağlı Pravda.az-a danışan politoloq Qabil Hüseynli sözügedən modernləşdirilmiş "İsgəndər" raketinin Rusiyanın Gümrüdəki briqadasının ərazisindən atıldığına şübhə belə etmir.

Politoloq qeyd edir ki, Rusiya həmişə ətrafındakı millətlərə, xalqlara sataşıb, beynəlxalq hüquq normalarına zidd hərəkətlər edib.

"Bütün bunları heç vaxt dilə gətirib etiraf etməyib, buna görə nə məyus olub, nə də üzr istəyib. Hər zaman "qoluzorluyam, hər şeyi edərəm" əxlaqı ilə hərəkət edən Rusiya "İsgəndər" raketlərinin Azərbaycana, Şuşa ətrafına atılması ilə bağlı da ənənəvi davranış nümayiş etdirir. Faktlar gözə girir, açıq-aydın ortaya qoyulub. Beynəlxalq konvensiyalarla ləğv edilmiş, satışı qadağan olunmuş raketlərin qalıqları Azərbaycan ərazisində tapılıb. Sübut olunur ki, Şuşaya Rusiya istehsalı olan "İsgəndər-M" raketlərindən atəş açılıb", - Qabil Hüseynli əlavə edib.

Müsahibimizin sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət ünvanlayaraq Rusiyadan hesabat tələb etməlidir: "Hazırda dünya bu məsələni müzakirə edir, Azərbaycan həmin metal qırıntılarının sərgisini keçirir, amma Rusiya bununla bağlı rəsmi mövqe bildirmir, heç bir məlumat vermir. Özünü elə yekəxana aparır ki... Sanki deyir ki, siz kimsiz ki, mən sizə hansısaməsələ ilə bağlı hesabat verim. Vladimir Putinin sözçüsü də açıqlama verirdi ki, Rusiya "İsgəndər-M"ləri heç kimə satmayıb, II Qarabağ müharibəsində bu raketlərdən istifadə edilməyib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top