Ənənəvi səhiyyə, yoxsa icbari tibbi sığorta?

SOSİAL 01 apr 2021, 21:10
Azərbaycanda  artıq tam olaraq icbari tibbi sığortanın tədbiqinə başlanıldı.  Bu gündən bütün Azərbaycan əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcək. 

İcbari tibbi sığorta dünyada qəbul olunmuş və geniş tətbiq edilən səhiyyə xidmətidir. Ölkəmizdə 2016-cı ildə bu istiqamətdə ilkin addımlar atılıb.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb və təqribən 1 il sonra bu sistem Mingəçevir və Yevlax rayonlarında pilot layihə kimi işə salınıb, əhatə dairəsi tədricən genişlənib. Ən əsası uğur, vətəndaş məmnunluğu qazanıb.

Beləliklə, Azərbaycanda qısa müddətdə ilkin uğurlu təcrübə əldə olunub  və artıq tam olaraq icbari tibbi sığortaya keçməyin vaxtı çatıb. 
Azərbaycanda prosesə gec başlanılmasının isə  obyektiv səbəbi var-təcrübəsizlik! Bizə zaman lazım idi və pilot layihələr kifayət qədər təcrübənin əldə olunmasına fayda verdi;  digər ölkələrin praktikası mənimsənildi. 

Məlumdur ki, icbari tibbi sığorta cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edə bilən ən uğurlu bir modeldir. Dünyanın inkişaf etmiş ölkələri bunun tətbiqinə çoxdan başlayıb və onun gətirdiyi rahatlıqdan, pozitiv nəticədən məmnundur. 

Təbii ki, Azərbaycan cəmiyyətində bununla bağlı birmənalı rəy formalaşmayıb və hamılıqla razılıq əlamətlərini zəif müşahidə edirik. İctimai rəydə bəziləri elə hesab edir ki, mövcud səhiyyə nədirsə, icbari tibbi sığorta da elə həmin şeydir; ya müqayisə aparmaq imkanları yoxdur, ya da ümumiyyətlə aradakı fərqi görməyə həvəsli deyillər. Bu da onunla bağlıdır ki, aparılan bütün genişmiqyaslı təbliğat işlərinə rəğmən cəmiyyətin bu yöndə  bilgisi yetərli olmayıb. İcbari tibbi sığorta nə deməkdir, hansı üstünlüklər, rahatlıqlar qazandırır, ondan necə və konkret kimlər yararlana bilər kimi incəliklərə bələd olmasına hələ də ehtiyac var.  Yəni, hər bir fərd bu sistemin faydasını öz üzərində, yaxın adamında  hiss etməyənə qədər icbari tibbi sığorta onun üçün suallar yaradacaq. 

Nəzəri olaraqsa dəyişməyən, konkret fikir və reallıq budur ki, icbari tibbi sığorta vətəndaşın müalicə qayğılarını yüngülləşdirir, onun sağlamlıqla bağlı problemlərini maddi yöndən həll etmiş olur ki, əslində sosial durumu orta səviyyədə, yaxud nisbətən aşağı səviyyədə olan insanlar  xəstəxana xərcləri ilə bağlı narahatlıq keçirmirlər. Çünki artıq onlar özlərinin tibbi sığortalanması prosesində iştirak ediblər, bu sistemə töhfə veriblər, əvəzində müalicələrini asan və əlverişli bir varianta dəyişiblər. Demək ki, məmnun qalmamağa əsas yoxdur.   

Bəs, burada maraqlı olmayan kimdir? 

Sözsüz ki, ənənəvi metodla işləməyə vərdiş etmiş tibbi personal. Çünki onlar gündəlik qazancla işləyiblər, əməliyyatlardan və ya xəstəni müayinə etməklə müəyyən gəlir əldə ediblər. Əlbətdə ki, icbari tibbi sığorta metodu ilə işləmək onları razı salmır... Hansısa formada yeni sistemin üstünlüklərini hələ də yaxın buraxmaq istəmirlər. Sanki bu sistem onlara daha az gəlir qazandıracaq.

Onda belə qənaət hasil olur ki, ümid yeni nəsli təmsil edən həkimlərə qalır. Onlar yeni qaydalarla asan işləyəcək, başqa sözlə,  yeniliyə adaptasiya problemi yaşamayacaq, köhnə sistemi arzulamayacaqlar.  Bu da bir pozitiv yanaşmadır.

Bütün hallarda dəyişməyəcək bir reallıq var. İstənilən halda bu prosesin geri dönüşü yoxdur. Çünki yeni sistem xalqın bütün təbəqələrinin maraqlarına, övladlarımızın gələcəyinə xidmət edən, beynəlxalq təcrübədə uğur qazanmış bir sistemdir. 

İnsanlar zaman-zaman bu sisitemin üstünlüklərini real olaraq gördükcə daha çox dəstək və məmnunluğunu ifadə edəcək. İllərdir səhiyyədə olan daşlaşmış problemlər aradan qalxdıqca hamının tibbi sığortaya münasibəti müsbətə doğru daha da dəyişəcək, müəyyən həkimlərin belə soyuq münasibəti aradan qalxacaq. Sadə dillə desək, tibbi sığorta həm əhaliyə yüksək xidmət, həm də həkimlərə alnı açıq formada yaxşı qazanmaq vəd edir. Geri yol yoxdur! Bunun əksi bizi ancaq və ancaq ənənəvi səhiyyə bataqlığına sürükləyə bilər.
Əməkdar jurnalist
Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top