Deputat: “Neofaşizm cərəyanı Almaniyanı öz mərkəzinə çevirməkdədir”

GÜNDƏM 30 mar 2021, 12:37
“Almaniya Federativ Respublikası bir sıra reallıqlar fonunda neofaşizm cərəyanının qarşısını almaq, hüquqi müstəvidə addımlar atmaq əvəzinə, Azərbaycanı hədəf seçib, dezinformasiya maşınlarını işə salıb. Xalqımız bunların hər birini görür və bu addımların arxasında hansı niyyətlərin dayandığını yaxşı bilir. Unutmaq lazım deyil ki, bu gün Azərbaycanda səfərbər olmuş cəmiyyət, vətəndaş həmrəyliyi mövcuddur”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, bəzi səbəblərdən hakimiyyətlə diktə və təzyiq dili ilə danışa bilmədikləri üçün, Azərbaycanı qaralamağa və ləkələməyə başlayırlar, dövlətə müxtəlif böhtanlar atırlar: “Çox təəssüf ki, bu gün özünü demokratiyanın avanqardlarından hesab edən Almaniya Federativ Respublikası da bu baxımdan istisna deyil. Ümumiyyətlə, dövlətin iki halda çox ciddi beynəlxalq təzyiqlə üzləşə biləcəyini tarix artıq sübut edib. İndi isə biz Azərbaycanın timsalında bu həqiqətin bir daha şahidi oluruq. Birincisi, dövlət zəif olduğu təqdirdə bir çox böyük dövlətlər, beynəlxalq təşkilatlar öz strateji maraqlarından çıxış edərək həmin dövlətə təzyiqlər göstərir, prosesləri tənzimləyir, dövlətin idarəetmə mexanizmlərini ələ keçirmək istəyir və öz məqsədlərinə nail olmağa çalışırlar. Biz bu situasiyanı təxminən 30 il əvvəl, 1990-cu illərin əvvəllərində yaşadıq. Müstəqilliyimizi elan etməyimizə baxmayaraq, biz yenə də son dərəcə zəif idik. Belə olan vəziyyətdə Azərbaycan 1993-cü ilə qədər çoxsaylı təzyiqlərə məruz qaldı, torpaqları işğal altına düşdü və s. İndi isə güclü olmağımıza rəğmən yenə də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqlərin şahidi oluruq. Bu dəfə isə səbəb elə gücümüzdür: Vətən Müharibəsində qalib gəlmişik, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz şanlı qələbəyə imza atıb, yeni tarix yazıb, beynəlxalq hüququ bərpa edib. Beləliklə, müəyyən qüvvələr bizim bu qələbəmizi həzm edə bilmirlər. Çünki güclü dövlətin güclü rəhbəri olduğu kimi, güclü rəhbərin arxasında da güclü xalq dayanır”.

E.Nəsirov vurğulayıb ki, kimisə ittiham edən zaman ilk növbədə güzgüyə baxmaq lazımdır: “Almaniyanın Vətən Müharibəsi dövründə proseslərə necə qeyri-obyektiv, qərəzli yanaşdıqlarının şahidi olduq. İndi də Azərbaycana qarşı ittihamlar səsləndirməyə davam edirlər, təzyiqlə danışmaq tendensiyasını müşahidə edirik. Almaniyalı deputatlarla iş birliyində ittiham edilənlər var və s. Yəni bütün bunlar əsassız, sübuta yetirilməyən ittihamlardır. Bunun səbəbi odur ki, Azərbaycanın güclü dövlətə çevrilməsi, müstəqil siyasət həyata keçirməsi onları qane etmir. Hesab edirəm ki, kimisə ittiham edən zaman ilk növbədə güzgüyə baxmaq lazımdır. Almaniyada bugünlərdə neofaşizm cərəyanı inkişaf etməkdədir. Orada “Pegida” adlanan neofaşist təşkilatı peyda olub, Almaniya küçələrində Münhenə qədər yürüşlər keçirir. Bu yürüşlərə artıq 10 minlərlə gənclər qoşulur. Şüarları islamafobiya, türklər əleyhinə və faşizm ideologiyasının təbliğindən xəbər verir. Bildiyiniz kimi, I və II Dünya müharibələrini Almaniya başladıb, faşizm İtaliya və Almaniyada tüğyan edib və indi isə neofaşizm cərəyanı Almaniyanı öz mərkəzinə çevirməkdədir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top