Fazil Mustafa: "Xocalı, 20 Yanvar, 31 Mart siyasətimizdə müəyyən dəyişikliklər olmalıdır"

GÜNDƏM 30 mar 2021, 11:12
Ermənilərin 1918-ci ildə Azərbaycanda törətdikləri 31 mart soyqırımından 103 il ötür.  Xatırladaq ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Daşnaksütyundan olan erməni silahlı dəstələri Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,  Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə   azərbaycanlılara qarşı qırğın törədib. Rəsmi mənbələrə əsasən həmin vaxt soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Beləliklə, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Ermənilər həmçinin milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Sovet hakimiyyəti dövründə təxminən 70 il bu soyqırımı xalqın qan yaddaşından silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmayıb və nəhayət, Azərbaycanın ümummilli lideri Heydər Əliyev  1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyevin isə 2018-ci il yanvarın 28-də imzaladığı sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

Təbii ki, bu il Azərbaycan 31 Mart soyqırım gününü 44 günlük Vətən müharibəsində zəfər qazanmış xalq kimi qeyd edəcək. Bu da bir faktdır ki, 103 il öncə azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımın isbatı üçün kifayət qədər sənədlər var və hökumətimiz bu istiqamətdə son illərdə xeyli səmərəli işlər görüb. Bəs bu dəfə xalqımız 31 Mart soyqırımını əvvəlki illərlə müqayisədə daha hansı fərqlə qeyd edəcək?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a qeyd etdi ki, soyqırım üzərində çox konsentansiya olunmağımızın bir mənası yoxdur:

“Hazırda dünyanı tarix çox da maraqlandırmır. Təbii ki, təbliğat nöqteyi-nəzərindən bu təbliğatda erməni tezislərini söndürmək üçün və 100 il öncə şəhid edilən həmvətənlərimizin xatirəsini əziz tutmaq üçün biz bunu yüksək səviyyədə qeyd etməliyik. Bu bizim birmənalı vəzifə və mənəvi borcumuzdur.

Lakin bunu bir təbliğat vasitəsinə çevirmək yerinə bütün gücümüzü Qarabağda məskunlaşma, ordu quruculuğunun  üzərində qurmalıyıq. Bir vaxta qədər biz gücsüz idik və Qarabağa yalnız Lələtəpədən boylanıb, baxa bilirdik və torpaqları qısa müddətə geri qaytara biləcəyimizlə bağlı hər hansı bir ümidimiz də yox idi. Amma 44 günlük müharibənin sonunda biz bu zəfəri əldə etdik və bu bizim üçün yeni bir eranın başlanğıcıdır. Ona görə də Xocalı, 20 Yanvar, 31 Mart siyasətimizdə də müəyyən dəyişikliklər olmalıdır. Yəni rituallar müəyyən qədər dəyişməli və biz diqqətimizi daha çox gələcəyə yönəltməliyik.

Təbii ki, biz o insanları anmalıyıq. Ancaq müəyyən dərəcədə turist kimi ölkəmizə gələnlərin yaddaşında erməni vəhşiliyini göstərmək üçün təbliğat vasitəsi kimi istifadə etməliyik. Beynəlxalq əlaqələrdə, təşkilatlarda bunu gündəmə gətirməliyik ki, erməni tezislərini zərərsizləşdirək və eyni zamanda özümüzün haqlı mövqeyimizi göstərək. Lakin bunu əvvəlki illərdən daha fərqli, yüksək səviyyədə qeyd etməyimizin izahını vermək bir qədər çətindir. Çünki qeyd etdiyim kimi, bu həm də bizim diqqətimizi əsas məsələdən yayındırır. Bu gün biz düşünməliyik ki, 5 ildən sonrakı dövrdə hansı addımlar ataq ki, bu bizim üçün təhlükəyə çevrilməsin. Yəni soyqırım məsələsinin təbliğindən də vacib Qarabağda məskunlaşma, orada suverenliyimizin bərpası və ermənilərlə yeni münasibətlərin diktə olunmasıdır. Bunu həll edə bilməmək tariximizdə oyalandığımız dövrlərə təkrar geri dönmək deməkdir və bu bizə yaxşı heç nə vəd etmir".

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top