"Cıdır düzünə gedəcəm, bir vaxtlar Paşinyanın yallı getdiyi məkanda gözəl vaxt keçirəcəyik"

MÜSAHİBƏ 07 mar 2021, 15:26
Hər zaman “Bir millət, iki dövlətin səfiri” kimi tanıdığımız Azərbaycan sevdalı diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bu həftə ikinci vətəninə səfər etmişdi. Musavat.com-a geniş müsahibəsində səfərinin məram və məqsədləri barədə danışan dəyərli diplomat Qarabağla bağlı suallarımızı da məmnuniyyətlə cavablandırdı:

- Hulusi bəy, növbəti dəfə öz Vətəninizə xoş gəlmisiniz. Ən önəmlisi budur ki, budəfəki səfəriniz qalib Azərbaycanadır. Onu da deyim ki, sinənizə taxdığınız “Xarı bülbül” nişanı, Azərbaycan və Türkiyə bayraqları sizə çox yaraşır... Sizin Azərbaycan sevdalı olduğunuzu hər kəs bilir, elə bu fəaliyyətinizə görə, Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyev sizi 9 il öncə “Dostluq” ordeni ilə təltif etmişdi, bu, ilk nümunə idi. Unutmamışıq ki, həm diplomatik fəaliyyətiniz dönəmində, həm ondan sonrakı bütün zamanlarda Qarabağın azad olunması uğrunda sözünüzü dediniz, hətta Qarabağ uğrunda şəhid olmağa hazır olduğunuzu dəfələrlə bildirdiniz. Bu mənada Qarabağın azadlığı ilə bağlı təbrik həm də sizə düşür.

- Çox təşəkkür edirəm. Bir il sonra Azərbaycana reallaşan budəfəki səfərim dediyiniz kimi, torpaqlarımızın düşmən işğalından qurtuluşundan sonra gerçəkləşdi. Buraya gəlişimin bir səbəbi televiziyalarda, qəzetlərdə, saytlarda Azərbaycanın böyük zəfərilə əlaqədar mövqeyimi bildirməyim, həm də rəsmiləri təbrik ziyarəti idi. Pandemiya səbəbindən bir az gecikdik. Mən hər zaman bunu söyləmişəm: bir millətin səfiri oldum və bir millətin səfiri olmağa davam edəcəyəm. Bu, daim belə olacaq, heç zaman dəyişməyəcək. Siz çox yaxşı bilirsiniz ki, mən ilk gündən bəri “Qarabağ uğrunda şəhid olmağa hazıram” demişdim.

Mən 40 mikrafonun qarşısında bunu söyləyirdim. Vətən Müharibəsi günlərində də cismim Türkiyədə idi, amma ağlım və ruhum Qarabağda idi, sizinləydi. İstər “Skype” bağlantıları ilə, istər yazılarımla zəruri olan mənəvi dəstəyi verməyə çalışdım. Sağ olsunlar, bunu bilənlər oldular, məni təbrik etdilər. Təbii ki, 30 ildən sonra torpaqlarımızı düşməndən qurtarmağımız çox önəmlidir. Cənab Prezidentin üstün liderliyi, can Azərbaycan xalqımızın liderinin ətrafında birləşməsi və ordumuzun yüksək səviyyədə inkişafı, modernliyi bu savaşı cəmi 44 gün ərzində qazanmağımıza səbəb oldu.

- Qardaş Türkiyənin də hər an yanımızda olmasını da xüsusi qeyd etməliyik...

- Təbii ki, Türkiyənin, cümhurbaşkanımız sayın Rəcəb Tayyib Ərdoğan başda olmaqla, nazirlərimiz, Məclis başkanımız, cümhurbaşkan yardımçımız və bütün Türk xalqı Azərbaycanın yanında idi.

- Həmçinin Türkiyə mediası ön cəbhədəydi, haqq savaşında Azərbaycanın səsi oldu...

- Bəli, Türkiyə mediası zatən, hər zaman burada oldu, dünyada səsimiz oldular. Mənə görə, media çox böyük bir gücdür. Türk mediası bu gücünü göstərdi. Türk mediası sanki bu savaş Türkiyədə olurmuş kimi işlədi. Siz də onlara çox böyük dəstək oldunuz. Mən həm Türkiyə, həm də Azərbaycan mediasını təbrik edirəm. Gerçəkdən bir millət belə olur, bunu bütün dünya gördü.

- Hulusi bəy, Qarabağ zəfərinə sizin baxış bucağınızı bilmək istərdik. Sizcə, bu qələbənin ən önəmli tərəfləri nələrdir?

- Qarabağ zəfərinin çox böyük üstünlükləri var. Birincisi, 30 ildən sonra torpaqlarımızı geri aldıq. İkincisi, sayın Prezident İlham Əliyevin liderliyi və xalqın dəstəyini, ordunun gücünü bütün dünya gördü. Üçüncüsü, gələcəyə yönəlik olaraq Türkiyə-Azərbaycan qardaşlığının bizim üzərimizdəki məsuliyyət yükünü də unutmamalıyıq. Bundan sonra Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu zəfərlə yeni körpülər atıldı. Üstəlik, Türkiyədə yaşayan 83 milyon Türkiyə-Azərbaycan qardaşlığının önəmini gördü, Azərbaycanı daha yaxından tanıdı. Eyni zamanda Azərbaycan xalqı da Türk xalqını tanıdı ki, yanımızda qardaş bir ölkə var.

- Bəs, Türkiyə və Azərbaycanın Ermənistanla bundan sonrakı münasibətlərini necə təsəvvür edirsiniz?

- Bu gün bölgədə yeni bir reallıq yaradılıb. Bu reallığı Ermənistanın qəbul etməsi lazımdır. Biz yaxşı qonşu istəyirik, doğru-dürüst qonşu istəyirik. Ermənistan bu günədək dövlət ola bilmədi. Erməni lobbisinin, erməni diasporasının, kilsənin nəzarətində olan bir terror təşkilatı kimi mövcud oldu. Bizim heç bir kimsə ilə, heç bir xalqla düşmənçiliyimiz yoxdur. Türkiyədə 60 min erməni vətəndaşımız var, həmçinin 100 min Ermənistan vətəndaşı orada çörək qazanır.

Bilirik ki, burada da 30 mindən çox Azərbaycan vətəndaşı olan erməni var. Mənim mövqeyim budur ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Bakıda yaşayanlar kimi. Əgər Qarabağdakı ermənilər Azərbaycanın qanunları ilə yaşamaq istəməzlərsə, İrəvana gedərlər, bunu qəbul etmələri lazımdır.

- Yəni ermənilər seçim etməlidir...

- Bəli. Kasıb bir Ermənistan vətəndaşımı olmaq istəyirlər, yoxsa zəngin Azərbaycan vətəndaşımı? Bu, ən önəmli bir seçimdir. 1991-92-ci illərdən öncə də bunlar zatən Azərbaycan pasportunu, şəxsiyyət vəsiqəsini daşıyırdılar. Bundan sonra da eyni vəziyyət davam edəcək, başqa bir şey yoxdur. Status-kvo deyilən bir şey yoxdur daha, status yoxdur, bu gerçəkləri görmələri lazımdır. Ermənistanın nəhayət, dövlət olması, qonşularına hörmət etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması lazımdır...

- Həmçinin Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi lazımdır, elə deyilmi?

- Bəli. Türkiyəyə qarşı torpaq iddiasından əl çəkməsi, qondarma “soyqırım” iddialarından vaz keçməsi, terrora son qoyması, Azərbaycan və Türkiyədən üzr istəməsi gərəkdir.

- Amma dövlətimizin başçısı dediyi kimi, hüquqi müstəvidə mübarizə davam edəcək. Çünki işğal dövründə Ermənistan Azərbaycana milyardlarla dollar zərər vurub, təzminat ödəməsi lazımdır.

- Təbii ki, Türkiyənin təzminat ödəməsi lazımdır. Çünki Qarabağdakı bizim binalarımızı, tarixi əsərlərimizi, məscidlərimizi yerlə bir ediblər, yaşayış məntəqələrini dağıdıblar.

- Bu da faktdır ki, hələlik Türkiyənin də qapıları Ermənistanın üzünə qapalıdır. Yaxın dönəmdə sərhədlərin açılması real görünürmü?

- Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bəri bağlıdır. Bu qapılar cənab Prezidentin icazəsi ilə açıla bilər. Türkiyə mütləq sərhədi açmaq üçün cənab Prezidentlə görüşəcək. Amma dediyim kimi, Ermənistanın birdəfəlik terror fəaliyyətindən vaz keçməsi, Qarabağın dağlıq hissəsi ilə bağlı gerçəyi qəbul etməsi, torpaq iddialarından əl çəkməsi, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması gərəkdir. Bizim tələsəcəyimiz bir yer yoxdur. Sərhədlər bu günə qədər, 28 ildir qapalıdır. Yenə qapalı olar, bizim itirəcəyimiz bir şey yoxdur, amma açılsa, Ermənistan qazanar.

- Ancaq Ermənistanda müəyyən qüvvələr hətta Azərbaycanla anlaşmanı pozmaq, həmçinin Zəngəzur dəhlizini açmamaqla bağlı iddialar səsləndirirlər. Bu haqda nə deyə bilərsiniz?

- Bu, əslində Ermənistan üçün bir şansdır, bunu qəbul etməsi lazımdır. Biz əlimizi uzatdıq, bu əli sıxmalı və öpməli, çünki bu əldə erməni xalqı üçün çörək var, gələcək var.

- Konkretləşdirsək, türkün böyüklüyüdür ki, hətta əzilmiş düşmənə də yardım əlini uzadır...

- Bəli. Biz kinli olmadıq heç zaman. Mən ona üzülürəm ki, nəsilləri düşmənliklə zəhərləyirlər. Türkiyədə bizim heç bir gəncimiz bunlara qarşı kin bəsləməz. Kinlə böyüyən nəsil sağlam olmaz ki. Kin, nifrətə son verilməlidir ki, bu qovğa bitsin, yeni nəsillər barış içərisində yaşasınlar, mən bunu arzu edirəm!

- Rusiyalılar kimi, Türkiyə əsgərinin də Qarabağa sülhməramlı missiya olaraq gəlməməsi bir çox insanlarımızda narahatlıqlar yaratmışdı. Şükürlər olsun, artıq Türkiyə hərbçilərinin bir qrupu Birgə Monitorinq Mərkəzində çalışır, bu da Azərbaycan üçün əlavə üstünlükdür, həmçinin iki qardaşın çiyin-çiyinə dayanmasının növbəti nümunəsidir. Sizin bu duruma yanaşmanız necədir?

- 10 noyabr anlaşması üç ölkə arasında imzalandı: Azərbaycan, Rusiya və Ermənistan. İmzalanan anlaşmada Türkiyənin adı keçmir. Amma anlaşmanın 5-ci maddəsinə görə, Monitorinq Mərkəzi qurulmalı idi. Rusiya ilə Türkiyə anlaşdı, Ağdamda Birgə Monitorinq Mərkəzi quruldu. Bu, bölgədəki terrorçuların və Ermənistanın fəaliyyətinə nəzarət etməyə imkan verir. Monitorinq Mərkəzi açıldıqdan bu günə qədər hələlik yanlış bir şey olmayıb. Mərkəz ermənilərin fəaliyyətini təqib edir və bundan sonra da təqib edəcək. 10 noyabr anlaşmasına görə, Qarabağın dağlıq hissəsində rusiyalı sülhməramlılar fəaliyyət göstərir. Sülhməramlılar öz fəaliyyətini doğru-dürüst həyata keçirərlərsə, heç bir problem ortaya çıxmaz.

Bütün məsuliyyət rus sülhməramlılarınındır. Onlar orada hüququ, haqqı qorumaq üçündür. Bunun əksinə davranırlarsa, onlar missiyalarını bitirmiş olarlar. Türkiyə olaraq biz bütün bu prosesi tam şəkildə təqib edirik və təqib edəcəyik. 102 il sonra türk əsgərinin Azərbaycana gəlməsi, əslində Azərbaycana çox önəmli bir dəstəkdir. Bundan sonra da türk əsgəri işini görəcək. Türkiyədən gələn hərbçilər Azərbaycanın generalı və zabiti kimi çalışacaq. Bu, kimsə üçün deyil, Azərbaycanın haqqını, hüququnu qorumaq üçündür. Təbii ki, Azərbaycanın istədiyi öz haqqının, hüququnun qorunmasıdır. Birgə Monitorinq Mərkəzi də Azərbaycanın haqqını, hüququnu qorumaq üçün yaradılıb, bunun əksi olan bir şey yoxdur.

- Hörmətli səfirimiz, bilirik ki, qısamüddətli səfəriniz zamanı mühüm görüşləriniz olub və yəqin ki, zəngin təəssüratlarınız var. Təəssüratlarınızı bölüşə bilərsinizmi?

- Budəfəki görüşlərim qalib bir ölkənin vətəndaşları, qəddi dik, üzü gülən, gözləri parlayan qardaş-bacılarımla oldu. Artıq düşməni məğlub etmiş, zəfər qazanmış bir ölkənin vətəndaşları, qalib bir ölkənin rəsmilərilə görüşdüm. Ona görə də çox böyük xoşbəxtliklə geri dönürəm. Bundan sonra daha fərqli olacaq.

Qarabağ bir yaşıl zona olacaq, ora həm Azərbaycan, həm Türkiyə, həm bölgə üçün bir inkişaf mənbəyinə çevriləcək. Daha gözəl Qarabağ quracağıq. Burada Türkiyə şirkətləri də çalışacaqlar, Türkiyədə necə işləyirlərsə, burada da o cür işləyəcəklər. Türk şirkətləri Çindən sonra dünyanın ikinci şirkətləridir, həm keyfiyyətli, həm də sürətli görərlər işlərini.

- Hulusi bəy, bəs, Qarabağa nə zaman gedəcəksiniz?

- Qarabağa gələcəkdə gedəcəyəm. Pandemiya da yavaş-yavaş bitir, peyvənd prosesi gedir. Qarabağa mütləq gedəcəyəm. Şuşaya, Cıdır düzünə gedəcəyəm, orda çay içəcəyəm, çox istəyirəm. Bir vaxtlar Paşinyanın yallı getdiyi məkanda gözəl vaxt keçirəcəyik. Gedəcəyik, inşallah, yollar da çəkilir, hava da düzəlir. Şuşada Üzeyir Hacıbəyli məktəbinin təməlqoyma mərasiminin də keçirilməsi gözlənilir. İnşallah daha gözəl günlər qarşıdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top