"Qüdsi Osmanov Azərbaycanın haqq səsini dünyaya çatdıran fəal diplomatlardandır"

GÜNDƏM 06 mar 2021, 15:16
Bəziləri yenə mənimlə razılaşmayacaq, qərəzli olduğumu iddia edəcəklər. Onların da fikirlərinə hörmətlə yanaşıram. Bir şərtlə ki, həqiqət deyilsin. Fevral ayının əvvəlindən belə bir status yazmağı düşünürdüm, lakin bəlli qurumlar və fərdlərin əsassız iddialar irəli sürməməsindən dolayı yazmaq istəmirdim. Son günlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov barədə sosial şəbəkədə yayılan xəbərlər belə bir status yazmağa məcbur etdi. 

Qüdsi Osmanovun hansı addımı atmasını bir tərəfə qoyaraq bildirmək istəyirəm ki, Azərbaycanın haqq səsinin dünyaya, çalışdığı ölkəyə çatdırılmasında fəal olan diplomatlardandır. Həmçinin ilk diplomatlardandır ki, azərbaycanlı jurnalistlərə açıq şəkildə müraciət edərək ölkəmiz barədə ona materiallar göndərmələrini, həmin yazıların Moldova mətbuatında dərc etməsinə yardımçı olacağını bildirir. Bu fürsətdən yararlanıb bir daha Qüdsi müəllimə mənim də Xocalı faciəsi barədə yazımın Moldova mətbuatında dərcinə köməklik göstərdiyi üçün təşəkkür edirəm.  Halbuki mən belə bir addımın diaspor təşkilatlarının rəhbərləri tərəfindən atıla biləcəyini düşünürdüm. Düşüncələrim məni yanıltdı.  Hətta xarici mediada Xocalı faciəsi barədə məqalə dərc etdirmək niyyətimi bir neçə diaspor təşkilatı rəhbərinə (hansı ki fəaliyyət göstərdikləri ölkələrdə özlərini böyük güc hesab edirlər) bildirsəm də müsbət və ya mənfi cavab ala bilmədim. Kobud da alınsa mesajımı oxuduqdan sonra qanacağı çatıb müsbət və ya mənfi cavab yazmayanlar da oldu. Onu da etiraf edim ki, bəzi dostlarımız, diaspor təmsilçilərimiz açıq şəkildə etiraf etdilər ki, erməni lobbisinin gücü qarşısında acizdirlər.  Bütün bunlara baxmayaraq Moldova və Ukraynada Xocalı faciəsi barədə məqaləmiz işıq üzü gördü və buna görə də Qüdsi Osmanov və Mətləb Nəcəfova, eyni zamanda Yunanıstandan Rəşid Məmmədova, Misirdən Seymur Nəsirova dərin təşəkkürümü bildirirəm.

Sözümün canı ondan ibarətdir ki, hörmətli Diasporla İş üzrə Dövlət Komitəsi təşkilat rəhbərlərinə bir balaca etika dərsi də keçsə yaxşı olar.


Süleyman İsmayılbəyli
Əməkdar jurnalist

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top