Bələdiyyələrin böyüdülməsinə ehtiyac yaranıb

GÜNDƏM 04 mar 2021, 15:52
Bələdiyyələrin fəaliyyətində uğurlarla yanaşı, irəliləyişlərlə yanaşı, həm də ciddi problemlərin olduğunu danmaq olmaz. Bu problemlərin kökündə isə bələdiyyələrin həm maliyyəsiz, həm də az qala səlahiyyətsiz bir quruma çevrilməsi dayanır. Bu gün hər kəsdə sanki elə bir təsəvvür yaranır ki, guya cəmiyyətdəki bütün problemləri bələdiyyələr yaradır. Və elə belə də olmalıymış. Və yaxud 10 manatlıq vergi ödəyən kimi problemin dərhal həll olunacağını gözləyirmişik. Lift işləmir, zibil küçələrdə yığılıb qalır, ağaclar budanmır və sair. Sanki bütün bunları bələdiyyə etməliymiş kimi düşünürük.

Bəs bələdiyyələrin problemlərinin həllini, onların cəmiyyətdəki hörmət və nüfuzunun artması üçün hansı addımların atılmasını təklif edərdik.

Bələdiyyələrin problemlərinin həlli üçün atılacaq addımlardan ən əsası bələdiyyələrin birləşdirilməsini hesab etmək lazımdır.  Bu gün ölkəmizdə 1606 bələdiyyə formalaşdırlıb. İlk vaxtlarda isə bu rəqəm 2667 olmuşdu. Təkrar və əlavə  olaraq formalaşdırılan  bələdiyyələri də əlavə edəndən sonra bu rəqəm 2755-dək yüksəldi. Lakin sonrakı gedişat bələdiyyələrin sayçoxluğunun səmərəsiz olduğunu ortaya qoymuş oldu. Nəticədə yerlərdən gələn təkliflərdən sonra 2009-cu il seçkisindən sonra 1000, 2014-cü il seçkilərindən sonra isə daha 100 bələdiyyə birləşdirildi. Və nəticə etibaryilə bu gün 1606 bələdiyyə fəaliyyətdədir. Lakin növbəti seçkilərədək çox gümankı erməni işğalından azad edilən ərazilərdə də bələdiyyələrin formalaşdırılması həyata keçirilə bilər. Belə olan halda bələdiyyələrin sayının artacağı real görünür. Lakin Azərbaycan kimi ərazisi və əhalisi az olan bir ölkəyə bu qədər bələdiyyənin olmasına heç bir lüzum yoxdur. 

Bəs çıxış yolu kimi nəyi təklif etmək olar. Qanunvericlikdə  belə qeyd edilir:

“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun beşinci maddəsində deyilir.

Maddə 5. Bələdiyyələrə seçkilər

Bu Qanuna uyğun olaraq macoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir: 500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü; 500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü; 1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü; 5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü; 10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü; 20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü; 50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü; 100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.”

Qanunun bu maddəsindən belə başa düşmək olar ki, 500- dən az əhalisi olan ərazilərdə bələdiyyə formalaşdırmaq olar. Demək, biz qanunun bu maddəsində əhalinin sayını artırmış olsaq, onda bələdiyyələrində sayını azaltmış olarıq. Bununla yanaşı bələdiyyə üzvlərinin də sayı azaldılması da gündəmdə olmalıdır. Yəni bələdiyyə üzvlərin sayının 5-11 nəfər aralığında olması daha məqsədəmüvafiq hesab etmək olar. Bu addımın atılması əslində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, cəmiyyətdə hörmət və nüfuzunun artmasına, o cümlədən maliyyənin təmərküzləşdirilməsinə xidmət edir. Və bu arada mövcud olan üç bələdiyyə assosiasiyasının birləşdirilməsi də prosesdən kənarda qalmamalıdır.

Beləliklə, bələdiyyələrin qarşılaşdığı problemlərin həlli kompleks şəkildə aparılması nəzərdə tutulmalı və bu prosesin ilk olaraq birləşdirmədən başlanılmasını təklif edərdik. Düşünürük ki, Azərbaycan kimi ölkədə bələdiyyələrin sayının 400-500 aralığında olması daha məqsədə uyğundur. Və nəzərə alsaq ki, kompleks proqrama həm də yerli icra nümayəndələyinin ləğv edilərək səlahiyyətinin bir qisminin bələdiyyələrə verilməsi nəzərdə tutulsa, onda bələdiyyələrin həqiqətən həm səlahiyyəti, həm maliyyəsi, həm də ərazidə hörmət və nüfuzu olacaqdır.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri (hafta.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top