YAP-da önə çıxarılacaq 5 fəal isim — Kluardan sızan məlumatlar

SİYASƏT 03 mar 2021, 18:33
Hakim partiya yenilənmə ərəfəsində

“Yeni Azərbaycan” Partiyasının rəhbər strukturlarında dəyişikliyə gedəcəyi barədə informasiyalar istər siyasi kluarlarda, istərsə də, medianın gündəmində əsas yer tutur. Bu da təsadüfi deyil. Çünki qurucusu Ümummilli lider Heydər Əliyev olan partiyanın sədri ölkə prezidenti İlham Əliyev, sədr müavini isə 1-ci vitse prezident Mehriban xanım Əliyevadır.

Dövlət səviyyəsində aparılan islahatlara YAP vitrininin adekvat olmaması isə artıq heç kimə sirr deyil. Hakim partiyanın Siyasi Şurası, İdarə Heyəti, İcra katibliyi, təşkilat, təşviqat, analitik xidmətlərinin zamanın tələblərinə cavab verməməsi barədə kütləvi informasiya vasitələrində açıq mətnlə yazılır. Ölkə rəhbərliyinin isə bütün bu sosial mesajların fərqində olması isə bir gerçəklikdir. YAP rəhbərliyində ciddi vitrin dəyişikliyinin olacağı qaçılmaz görünür.

Heç şübhəsiz ki, yeni isimlər partiyanın rəhbərliyinə üç istiqamətdən gətirilə bilər:

- Partiyanın sıralarında formalaşmış, siyasi cəhətdən püxtələşmiş, “dib dalğalar”ın yetirməsi olan, öz təmiz reputasiyası ilə önə çıxmış yenilikçi isimlər.

- Partiyaya son dönəmdə transfer olunan, ölkə miqyasında tanınan təcrübəli isimlər. Unutmayaq ki, YAP Ümummili lider zamanında hər zaman transferlərədən uğurla yararlanıb və digər partiyaların üzvü olmuş savadlı və təcrübəli şəxsləri öz sıralarına cəlb etməklə uğurlu kadr siyasəti hıyata keçirib.

- Prezident İlham Əliyevin YAP-dan kənarda olan siyasi təcrübəyə, prinsipial mövqeyə malik tərəfdarları partiyaya cəlb oluna bilərlər.

Üçüncü seqment barədə danışmaq hələlik tez olsa da, mediada önə çıxan isimləri təftiş etdikdə YAP-ın rəhbərliyində təmsil olunacaq bir neçə fiquru hakim partiyadan sızan informasiyalar əsasında proqnozlaşdırmaq mümkündür:

1.Ramin Məmmədov - 1979-cu ildə anadan olub. 64 saylı II Seçki Dairəsindən YAP-ın namizədi olmaqla deputat seçilib. Həm dövlət işində, həm də parlament üzrə müsbət təcrübəsi olduğundan Ramin Məmmədov hakim partiyanın məsuliyyətli icra planlarını daşıyacaq kadr kimi dəyərləndirilir.

2. Fatma Yıldırım - 1973-cü ildə anadan olub. YAP-ın namizədi olaraq 93 saylı Bərdə Seçki Dairəsindən MM üzvü seçilib. Seçiciləri ilə sıx ünsiyyət saxlayan, Azərbaycanın milli maraqlarını daxildə və xaricdə layiqincə təmsil edən millət vəkillərindən biridir.

3.Vüqar İsgəndərov - 1972-ci ildə anadan olub. YAP üzvüdür və 113 saylı Şəki Seçki Dairəsindən 2020-ci ildə millət vəkili seçilib. İslahatçı komandanın ən fəal deputatlarındandır. ABŞ-da İctmai siyasət üzrə xüsusi kurs keçib. Hakim partiyda yaxşı təşkilatçı, cəmiyyətdə kommunikativ və vətənpərvər insan kimi tanınır. Parlamentdə müsbət obrazlı YAP üzvlərindən biridir.

4.Tahir Mirkişili - 1977-ci ildə anadan olub. 42 saylı Sumqayıt Seçki Dairəsindən Milli Məclisin üzvüdür. Parlament seçkilərində YAP-ın rəsmi namizədi olub. Peşəkar iqtisadçı, müasir informasiya texnologiyalarının iqtisadiyyatda rolunu dolğun qiymətləndirən innovativ kadrdır. Geniş mütaliəsi, müsbət reputasiyası və parlamentin xarici əlaqələrinin qurulmasında ciddi zəhməti ilə tanınır.

5.Çingiz Qənizadə - 1957-ci ildə anadan olub. Xalq hərəkatında formalaşmış ictimai-siyasi xadimdir. Bakı şəhərinin prokuroru olub. Hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktorudur. Ötən çağırışlarda Milli Məclisin üzvü olub.Cəmiyyətdə hörmətlə qarşılanan isimlərdən biridir. Hesab olunur ki, Çingiz Qənizadə YAP rəhbərliyində təmsil olunarsa, hakim partiyanın cəmiyyətə açılımı dərinləşə bilər.
AzNews.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top