Paşinyanın rəzil olduğu Münhen debatı: Azərbaycan Prezidenti dediyini həyata keçirdi

SİYASİ 15 fev 2021, 10:52
Ötən il məhz bu gün – fevralında 15-də bütün beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin usta siyasətçi və dövlətinin maraqları üçün əzmkar mübarizə aparan lider olduğuna şahidlik etdi. 

2020-ci ilin 15 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin debatı keçirildi. Bütün dünyanın diqqəti bu debatda idi, çünki bu, Dağlıq Qarabağ münaqişəsində tərəflərin hansının haqlı olduğunu göstərəcəkdi. Digər tərəfdən, bu, həm də münaqişə tərəflərinin dünyanın gözü önündə döyüşü də hesab oluna bilərdi.  

"Mən bura həqiqətləri deməyə gəlmişəm"

Prezident İlham Əliyev bu sözlə qarşı tərəfi – erməni baş nazir Nikol Paşinyanı ilk sözü ilə çətin vəziyyətə saldı.

Paşinyan 2 min il öncə hansısa uydurma tarixə istinadən, “böyük Tiqrandan”, onun Pompeylə söhbətindən danışdı. 

İlham Əliyev isə səsləndirdiyi faktları hər kəsin internetdə axtarışla tapa biləcəyini deməklə auditoriyaya əslində kimin haqlı olduğunu göstərdi.

Azərbaycan lideri Ermənistan rəhbərinə bütün dünyanın gözü önündə tarix dərsi keçdi: Qarabağ xanlığından, Çar Rusiyasının etdiklərindən, ermənilərin bölgəyə köçürülməsindən, SSRİ vaxtında Dağlıq Qarabağdakı vəziyyətdən, işğal dövründən danışdı, son 200 ilin tarixi gerçəklərini müfəssəl şəkildə çatdırdı.

Paşinyan cavabında pis ingiliscəsi ilə “Kokeyşn büro” (Qafqaz bürosu) sözləri ilə gülüş hədəfinə çevrildi və həm də “çaşaraq”, həqiqəti dilə gətirdi: “Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm...”.

Dili topuq vuran Paşinyana zərbə endirən Azərbaycan lideri onun Xocalı soyqırımı ilə bağlı Mütəllibov iddiasına cavabı, eləcə də Şaumyan rayonunun Dağlıq Qarabağın tərkibində olmadığını deməklə erməni baş nazirin primitiv savadının belə olmadığını göstərməsi qarşı tərəfi dünyanın gözü önündə “dəfn etməsi” idi.

Prezident İlham Əliyev dünyanın önündə Paşinyana başa saldı ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan erməni işğalı ilə barışmayacaq.

Bu kontekstdə debatın son hissəsi xüsusilə diqqət çəkir.

Prezident İlham Əliyev: Sadəcə, bir qeyd edim.

Moderator: Konstruktiv olsun.

Prezident İlham Əliyev: Konstruktiv, bəli. Öz müqəddəratı haqqında danışacağam. Yalnız bu haqda. Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunu bir yana qoyuram...

Azərbaycan Prezidenti bununla Yeravanın tarixi Azərbaycan torpağı olduğunu da vurğuladı.

Moderator: Bu, konstruktiv deyil.

Prezident İlham Əliyev: Bunun haqqında danışmayacağam. Öz müqəddəratına gəldikdə, onlar hər zaman bu haqda danışırlar.

Moderator: 30 saniyə.

Prezident İlham Əliyev: Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

Moderator: 30 saniyə.

Nikol Paşinyan: Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər.

Prezident İlham Əliyev: Ermənilər və ermənilər.

Nikol Paşinyan mat vəziyyətinə düşdü. Bu, Prezident İlham Əliyevin Ermənistan rəhbərliyini mat vəziyyətinə saldığı ilk hadisə deyildi.

2016-cı ilin 16 sentyabrında Bişkekdə MDB Dövlət Başçıları Şurasının sammiti keçirilirdi. Həmin vaxt Ermənistanın prezidenti olan Serj Sarkisyanın qondarma iddialarına cavabında da Prezident İlham Əliyev qətiyyətli mövqeyi ilə seçildi və qarşı tərəfə tərs sillə effekti verən sözlər dedi, xüsusilə “Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə Sarkisyanı aciz vəziyyətə saldı.

Sarkisyanın 2016-cı ildə düşdüyü vəziyyətlə Nikol Paşinyan Münhendə üzləşdi.

Bütün bunlar Prezident İlham Əliyevin nə qədər bacarıqlı siyasətçi olduğunu göstərir. Burada ən vacib məqam isə Azərbaycan Prezidentinin dediyi sözlə əməlinin üst-üstə düşməsidir.

Prezident Soçidə keçirilən "Valday" diskussiya klubunda bəyan etdi ki, “Qarabağ Azərbaycandır və Nida”.

Münhendə isə bildirdi ki, Azərbaycan torpaqlarında ikinci “erməni dövləti”nin yaradılmasına imkan verilməyəcək. Hətta Ermənistana bununla bağlı Yer kürəsində başqa yer tapmağı tövsiyə etdi. Qətiyyətli və siyasi iradəsi olan bir lider kimi dediyini də etdi, Qarabağda “erməni dövləti”nin yaradılmasına icazə vermədi.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycan Prezidenti torpaqlarımızdakı işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, həm də Ermənistanın uydurma iddialarını tarixin zibilliyinə göndərdi.

Bu, Prezident İlham Əliyevin diplomatiyada düşmənə vurduğu zərbələrin müharibə meydanında da davam etdirilməsi, nəticə olaraq, dövlət və milli maraqlarımızın təmin edilməsi siyasəti idi. İllərdir Azərbaycanı regionun, hətta dünyanın güclü ölkəsinə çevirən bu siyasət bundan sonra da ölkəmizi zirvələrə daşıyacaq.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top