Ermənistan qapı və “nəfəslik” üçün yalvarır

SİYASİ 12 fev 2021, 23:14
İlk günlər Azərbaycan və Türkiyəyə “şərtlər” irəli sürən İrəvanın baş diplomatı qapıların açılmasına çağırır; qardaş ölkə ermənilərin torpaq iddialarının qarşılığında Ermənistana “nəfəslik” verə bilərmi?; politoloq: “İndi Ermənistanın nə Türkiyəyə, nə də Azərbaycana şərt qoyacaq halı yoxdur, şərtləri biz qoymalıyıq, biz qərar verməliyik: sərhədləri açırıq, ya yox, Ermənistana nəfəslik veririk, ya yox?”

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış təlimi-2021" birgə hərbi təlimləri yekunlaşır. Fevralın 1-dən 12-dək Qars vilayətində keçirilən təlimlər yüksək səviyyədə keçirilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan və Türkiyənin müdafiə nazirləri Türkiyə və Qars şəhərində keçirilən “Qış təlimi-2021"in yekun mərhələsini izləyəcəklər.

Bu arada Türkiyə ilə Azərbaycan arasında prezident Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında Bakıya səfəri zamanı imzalanan ikitərəfli sənədlər ratifikasiya olunmaq üçün Böyük Millət Məclisinə təqdim olunub. Bura iki ölkə arasında enerji və mədən sənayesi sahəsində birgə əməkdaşlıq və müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə anlaşmalar daxildir. Bu sənədlərin ratifikasiyaya təqdim olunması ilə bağlı danışan MHP Kahramanmaraş millət vəkili, professor Sefer Aycan deyib ki, onun partiyası Azərbaycanla Türkiyə arasında “istənilən anlaşmanı” dəstəkləyəcək. “MHP olaraq Azərbaycan hökuməti ilə əldə olunan hər cür anlaşmaya birmənalı olaraq dəstək verəcəyik”, - o bildirib. Virtualaz.org-un xəbərinə görə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşmanın ratifikasiya olunmasına dair qanun layihəsini parlamentə MHP təqdim edib və millət vəkili Aycan təqdimat çıxışında belə deyib. Bu anlaşmalardan qürur və məmnunluq duyduqlarını vurğulayıb. “Azərbaycanla Türkiyə cümhuriyyətləri insanları arasında yaradılmaq istəyən əngəllərə, bütün çətinliklərə, təzyiqlərə baxmayaraq bu gün bu nöqtəyə gəlinmiş olmasından qürur duyuruq. Müdafiə sənayesi sahəsində əldə edilmiş bu anlaşmalardan da ayrıca qürur duyuruq”, - o bildirib.

Sefer Aycan deyib ki, iki ölkə arasında hərbi sahədə texnologiyaların və məlumatların paylaşılması çox mühümdür. “Bu gün Azərbaycanın 30 ilə yaxındır işğal altında qalmış torpaqlarının azad edilməsində Türkiyə Cümhuriyyəti ilə Azərbaycan hökuməti arasında işbirliyindən qürur duyuruq. Bu münasibətlə cümhurbaşqanımıza, Azərbaycan cümhurbaşqanına təşəkkür edirəm”, - MHP millət vəkili deyib.
Image result for sefer aycan
Göründüyü kimi, “Bir millət, iki dövlət”in əməkdaşlığı gündən-günə yüksələn xətlə inkişaf edir. 10 noyabr anlaşmasına uyğun olaraq Mehri dəhlizinin açılması təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin təmin olunması baxımından deyil, iki qardaş ölkənin uzun müddətdən bəri quru əlaqəsinin bərpası baxımından da tarixi hadisə olacaq. Təbii ki, bu, digər region ölkələrinin inkişafını da stimullaşdıracaq bir layihədir, o cümlədən Ermənistanın. Ancaq uzun müddətdir öz əməlləri, işğalçılıq siyasəti və tarixi şablonlardan əl çəkməməsi səbəbindən dalanda qalmış Ermənistan 44 günlük müharibənin nəticəsində aldığı sarsıdıcı zərbələrin təsirindən uzun müddət qurtula bilməyəcəyini anlayır. Əks təqdirdə, Ermənistan XİN başçısı Ara Ayvazyan həyəcanlı şəkildə Ankaraya xitabən sərhədlərin açılması çağırışını etməzdi. Qeyd edək ki, Ayvazyan bu posta təyin olunandan sonrakı fəaliyyətində Türkiyə və Azərbaycanla bağlı kəskin mövqelər sərgiləməsilə diqqət çəkib, hətta bir sıra hallarda baş nazirin yeni kursuna zidd fəaliyyət sərgiləyib: məsələn, qanunsuz olaraq Qarabağa səfər etməklə, yaxud Azərbaycan və Türkiyəyə qarşı şərt (?) irəli sürməklə. Ancaq görünür, başı “daşdan-daşa” dayan erməni nazir fərqli ampluada çıxış edir.

Musavat.com xəbər verir ki, fevralın 10-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentdə gözlənilməz bəyanatla çıxış edib. Diplomatın sözlərinə görə, İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Ayvazyan deyib ki, Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı, ancaq indi status-kvo zorla dəyişdirilib. Yəni onun iddiasına görə, Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb. Erməni nazir ardınca bildirib ki, Türkiyə beynəlxalq təzyiq altında (?) yavaş-yavaş bu prosesə start verməlidir. Onun sözlərinə görə, hələ ki bu istiqamətdə hər hansı bir prosesin getdiyi müşahidə olunmur. Ermənistanla Türkiyə arasında quru sərhədin olmasına baxmayaraq, onlar arasında diplomatik münasibətlər mövcud deyil. Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq - Kəlbəcərin işğalından sonra - illərdir ki, Ermənistanla bütün münasibətləri, gediş -gəlişi dayandırıb. Haqsız işğala qarşı sanksiya olaraq da Ermənistanla sərhədlərini bağlayıb.

2009-cu ilin fevral ayında iki ölkənin xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində diplomatik münasibətlərin qurulmasına dair protokollara və ikitərəfli münasibətlərin prinsipləri barədə sənədlərə imza atıb. Lakin həmin sənədlər ratifikasiya olunmadı. 1 mart 2018-ci il tarixində isə Ermənistan həmin protokolları birtərəfli qaydada etibarsız elan etdi.

Qeyd edək ki, Türkiyə rəsmiləri də bir neçə dəfə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşa biləcəyinə işarə edən açıqlamalar veriblər.
Image result for Ermənistan ankara sərhəd
Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi törəndə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın da iştirak edə biləcəyi yeni əməkdaşlıq formulu ideyasını irəli sürdü.

“Əgər Ermənistan bu müddətdə müsbət istiqamətdə inkişaf edəcəksə, biz də Ermənistana qapılarımızı açarıq, ... Türkiyə-Ermənistan münasibətlərində də yeni bir səhifə açıla bilər”. Bu bəyanatı prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından bir ay sonra vermişdi. Qeyd edək ki, 1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olmuşdu. Ancaq iki il sonra Türkiyə Ermənistanla sərhədini bağladı.

Heç şübhəsiz Türkiyə rəhbərliyi daim bəyan etdiyi kimi, Azərbaycanın iradəsini nəzər alır və Ermənistanla bağlı hər hansı addım müştərək qərarın nəticəsində qəbul olunacaq. Ancaq bu da faktdır ki, Ermənistan nə Qarabağa yönəlik iddialarından birdəfəlik əl çəkməyib, nə də Türkiyəyə qarşı on illərdir irəli sürülən iddialara son qoyulmayıb. Xüsusilə də söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılmasından gedirsə, burada mütləq Ermənistanın dövlət gerbində Ağrı dağının əksinin olması, həmçinin Ermənistan Konstitusiyasında Türkiyə ərazilərinə qarşı iddia irəli sürülməsi xatırlanmalıdır. Üstəlik, Ermənistan Türkiyə əleyhinə qondarma “soyqırım” iddialarından da əl çəkmir. Belə bir durumda Ermənistanın üzünə qapıların açılması revanş hissi ilə yaşayan ermənilərin işinə yaraya bilər. Ola bilər ki, Ermənistanın qərbyönümlü hakimiyyətinə - “Sorosun uşaqları”na Türkiyə vasitəsilə Qərbə çıxmaq lazımdır. Paşinyan hakimiyyəti anlayır ki, Rusiya onu 44 günlük müharibədə müdafiə etmədiyi kimi, bundan sonra da yolların haçalanması prosesi davam edəcək, bu mənada alternativlər axtarışındadır. Həm də Ermənistan rəhbərliyi ölkədəki ağır sosial-iqtisadi vəziyyətin gətirəcəyi fəsadları anladığı üçün Türkiyə ilə qapıların açılmasına getmək istəyir.
Image result for zəfər paradı ərdoğan
Ankara İrəvandan gələn sərhəd qapısı təşəbbüsünün qarşılığında qarşı onlardan imtina tələbini hazırkı durumda Ermənistandan bəlkə də iltizam alınmasını özündə ehtiva edən hansısa müqavilə imzalana bilərmi?

İrəvan Mühacir Hökumətinin rəhbəri, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, 2009-cu ildə imzalanan Sürix protokollarından biri Ermənistan-Türkiyə diplomatik əlaqələrinin bərpasını, digəri isə sərhədlərin açılmasını nəzərdə tuturdu: “Ermənistan həmin protokolları Konstitusiya Məhkəməsinə göndərmişdi. Konstitusiya Məhkəməsi ”Ermənistan Konstitusiyasına uyğun deyildir" qərarı vermişdi. Çünki Ermənistanın Müstəqillik aktında Türkiyənin bir sıra ərazilərinə iddia yer alırdı. Həmin dövrdə isə Ermənistanın bundan imtina etməsi mümkün deyildi. Ona görə bəhanə axtardılar. Serj Sərkisyan o zaman dedi ki, Türkiyə bizə Dağlıq Qarabağdan çıxma şərti qoyur, halbuki Azərbaycanın etirazı ilə qarşı-qarşıya qalan Türkiyə protokolların qəbulu ilə bağlı bir qədər tərəddüd edirdi. Ermənistanla əlaqələrə sahib olan Türkiyə qardaş ölkəni özündən uzaqlaşdıra bilərdi. Protokolların qəbul edilməsi bir də ona görə mümkün deyildi ki, Ermənistan ideoloji olaraq heç bir fəaliyyətindən vaz keçmirdi, əksinə, “erməni soyqırımı” deyilən yalanı Türkiyənin də qəbul etməsini tələb edirdi". Bu mənada Q.Çaxmaqlı hesab edir ki, Qarabağdan ordusunu çıxarmaqdan imtina edən, Türkiyəyə qarşı iddialardan əl çəkməyən bir ölkə ilə əlaqə qurmaq yanlış bir siyasət idi: “Yanlış siyasət Davudoğlunun ayağına yazılmalıdır. İndi nə dəyişib? Ermənistan Dağlıq Qarabağdan ordu olaraq çıxmayıb, çıxarılıb. Hələ Dağlıq Qarabağla bağlı Türkiyənin gözləntilərinin hamısı həyata keçməyib. Ermənilər nə Türkiyəyə qarşı apardıqları siyasəti dəyişiblər, nə də ərazi iddialarından vaz keçiblər. Ona görə Ermənistanla əlaqələr qurulması və sərhədlərin açılması məsələsini ortaya atmaq hələ tezdir. Ara Ayvazyanın bəyanatı dünyaya Ermənistanı sülhməramlı, əl uzadan ölkə kimi göstərməkdən başqa bir şey deyil”. Politoloq rəsmi İrəvanın atmalı olduğu addımları aşağıdakı kimi konkretləşdirdi: “Ermənistan Türkiyə və Azərbaycanla bağlı siyasətini dəyişməlidir. Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bu, o anlama gəlir ki, Türkiyənin Şərqi Anadolu vilayətlərinə daha ”Qərbi Ermənistan" deyilməyəcək, Dağlıq Qarabağla bağlı ömürlük sülhə nail olunacaq və Ermənistan bütün iddialarından vaz keçəcək". Q.Çaxmaqlı hesab edir ki, indi sərhədlərin açılması Ermənistanı xilas etmək olardı, halbuki bu bizim məqsədimiz olmamalıdır: “Biz Ermənistanı ömürlük sülhə məhkum etmək tədbirləri görməliyik. İndi Ermənistanın nə Türkiyəyə, nə də Azərbaycana şərt qoyacaq halı yoxdur. Şərtləri biz qoymalıyıq. Biz qərar verməliyik: sərhədləri açırıq, ya yox, Ermənistana nəfəslik veririk, ya yox? Bu ölkə bizə bu illər ərzində yaşatdıqlarına görə bunlara layiqdir, ya yox?!”
Image result for politoloq Qafar Çaxmaqlı
2018-ci ilin payızında Cənubi Qafqaza səfəri çərçivəsində İrəvanda olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton demişdi ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir. O, həmçinin ermənilərə məsləhət görmüşdü ki, ölkənin inkişafına nail olmaq istəyirsinizsə, tarixi şablonlardan imtina edin. O zaman İrəvanda amerikalı diplomatı eşitsəydilər, nə Qarabağdakı dəhşətli savaş olardı, nə də Ermənistan bir dövlət kimi özünü defolt elan etmək riski ilə üz-üzə qalardı. İndi də gec deyil, tarixi şablonlardan birdəfəlik imtina edib, adam kimi yaşamaq istəyirlərsə, buyursunlar...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top