Şamaxıda şok olay: 1-ci qrup əlil polislərə hücum çəkdi, polis şöbəsini dağıtdı — Təfərrüat


HADİSƏ 09 fev 2021, 11:22
Azərbaycanda xuliqanlıq etməkdə ittiham olunan Ağsu rayon sakini, 1-ci qrup əlil Namiq Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Namiq Zərbalıyev 15 may 2018-ci il tarixdə, saat 15.30-da sərxoş vəziyyətdə ictimai yer hesab edilən Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi 52 ünvanında, rayon Mədəniyyət Sarayının qarşısında heç bir əsaslı səbəb olmadan Şamaxı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Abasət Məmmədovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yol hərəkəti qaydalarına əməl etməyib, onun idarə etdiyi “Naz Lifan” markalı avtomobilin hərəkətinə maneə yaratması bəhanə edib.

Namiq Zərbaliyev Abasət Məmmədovun ünvanına yüksək səslə nalayiq ifadələr işlədib, əli ilə onun xidməti geyim formasının sağ çiyin paqonunu, sinə hissəsində olan düymələri, sağ qolunda olan şevronu dartıb qopardıb, boğaz nahiyəsindən sıxaraq boğmaq istəyib.

Bundan başqa, Namiq Zərbalıyev həmin gün saat 16 radələrində Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi 52 ünvanında sərxoş vəziyyətdə istifadəsində olan “Naz Lifan” markalı avtomobilə əyləşərək idarə edib. Onu rayon polis şöbəsinə dəvət edən Şamaxı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı İlkin Qasımovun ünvanına avtomobildən enərək nalayiq ifadələr işlədib, onu vurmaqla hədələyib.

Daha sonra hədəsini real olaraq icra edib və İlkin Qasımovun xidməti geyim formasının yaxasından tutaraq dartmaqla düymələrini qopardıb.

Eyni məqsədlə Namiq Zərbalıyevə yaxınlaşmış Şamaxı rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Seymur Hacıyevin xidməti geyim formasının pencəyinin düymələrini dartaraq qopartdıqdan sonra boyun nahiyəsindən əli ilə vurub.

Namiq Zərbalıyev həmin gün saat 16.30-da inzibati qaydada tutulub rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə salınsa da, orada daxili nizam-intizam qaydalarına əməl etməyib, başını divara vurmaqla, divarları və dəmir barmaqlıq formasında olan qapını təpikləməklə özünə xəsarət yetirib.

Namiq Zərbalıyevin ayağı dəmir barmaqlıq arasında qaldığından qapını açaraq onun ayağını dəmir barmaqlıq arasından çıxartdıqdan sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar yenidən onu müvəqqəti saxlama yerinə yerləşdirmək istəyən Şamaxı rayon polis şöbəsinin məsul növbətçi köməkçisi, polis baş serjantı Vüsal Sadıqovun başına doğru yaxın məsafədən stul atsa da, sonuncu sağ qolunu başına tutaraq özünü müdafiə etdiyi üçün stul sağ qoluna dəyib.

Bundan başqa, Namiq Zərbalıyev saat 16 radələrində Şamaxı rayon polis şöbəsinin inzibati binası daxilində xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar polis əməkdaşlarına həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərkən hərəkətləri edib. O, rayon polis şöbəsinin dəhlizində silah otağının dəhlizə açılan pəncərəsinin qarşısında olan stol üzərindən silah qismində istifadə etdiyi patron yığılması üçün istifadə olunan taxta materialdan hazırlanmış patron qablarını, yanğın söndürmə avadanlığı kimi istifadə olunan dəmir materialdan hazırlanmış satılı (vedrəni) götürərək polis şöbəsinin məsul növbətçi köməkçisi, polis baş serjantı Vüsal Sadıqova doğru atıb.

İstintaq orqanı tərəfindən Namiq Zərbalıyevin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 315.2-ci (h akimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Şamaxı rayon Məhkəməsinin hökmü ilə Namiq Zərbalıyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 500 manat cərimə olunub.

Hökmdən narazı qalan Namiq Zərbalıyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Namiq Zərbalıyevin şikayəti təmin edilib. Onun barəsində bəraət hökmü çıxarılıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti, zərərçəkmiş polislər isə kasasiya şikayəti veriblər. Prokuror və polislər Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv olunmasını, işin ağırlaşdırıcı halların müəyyən olunması üçün apelyasiya instansiyasına qaytarılmasını istəyiblər.

Ali Məhkəmənin qərarı ilə prokurorun protesti, zərərçəkmiş polislərin şikayətləri təmin edilməyib.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 may 2021, 22:55
Top