Bakıda üçəmlərdən ikisi xəstəxanada öldü — Valideynləri həkimləri günahlandırır (VİDEO)

HADİSƏ 18 iyul 2025, 16:08

Bakıda dünyaya gələn üçəmlərdən ikisi doğulduqları tibb müəssisəsində ölüb.

Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, valideynlər uşaqların ölümündə həkim səhlənkarlığını və qeyri-rəsmi pul tələblərini səbəb göstərirlər.

Şikayətçi Nərgiz Əmirova bildirib ki, 2024-cü il iyunun 24-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeysəriyyə əməliyyatı ilə üç oğlan övladı dünyaya gətirib.

Doğuşdan sonra körpələr küveysə yerləşdiriliblər.

Valideynin sözlərinə görə, körpələrdən biri doğuşdan 7 gün sonra iyulun 1-də, digəri isə iyulun 7-də ölüb. Hazırda yalnız bir uşaq - Əbülfəz sağdır və başqa bir xəstəxanada müalicə alır.

Nərgiz Əmirova iddia edir ki, doğuş üçün xəstəxanaya əvvəlcədən 2500 manat ödəniş edib.

Daha sonra şöbə müdirinin müavini Gülmira Məmmədzadə tərəfindən küveysdə saxlanılan uşaqlara görə ondan əlavə 5000 manat pul alınıb.

İddiaya görə, küveysdəki uşaqlara göstərilən tibbi xidmətlə bağlı həkimlər məsuliyyəti boyunlarından atıblar.

Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri Rüstəm Hüseynov məlumat verib ki, körpələrin ölümü vaxtından əvvəl doğulmaları, infeksiyalar və digər tibbi fəsadlarla bağlıdır.

Onun sözlərinə görə, müvafiq tibbi müayinələrin nəticələri hazır olduqdan sonra dəqiq səbəblər açıqlanacaq.

Hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top