
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, Şuranın bu gün keçirilən onlayn iclasında “Xəzər TV” televiziya kanalının efirində iyulun 16-sı yayımlanan “Qonaqcanlı” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Bildirilir ki, qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının “Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin, yoxsa qadının?” sualına qonaq “Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə, əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə...” məzmununda cavab verib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrı-seçkiliyin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni ətraflı müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrı-seçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib. Həmçinin qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib.
Sonda Audiovizual Şuranın üzvləri “Xəzər TV” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
Xatırladaq ki, Əməkdar artist Zakir Əliyevin sözügedən proqramdakı çıxışı birmənalı qarşılanmayıb. Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə yol açıb və tənqid edilib.
Verilişdən həmin hissəni təqdim edirik: