DYP-dən nənə və nəvənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

HADİSƏ 18 iyul 2025, 12:35
"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur".

Demokrat.az xəbər verir ki, bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

"Dəfələrlə isbat olunub ki, təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər qəza hallarında kəmərdən istifadə etməyənlərə nisbətən daha az zərər çəkir.
 
Ötən gün Bakı-Qazax yolunun Goranboydan keçən hissəsində aralarında azyaşlılar olmaqla bir ailədən iki nəfərin həyatını itirməsi, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amil məhz təhlükəsizlik kəməri oldu.

Belə ki, sözügedən hadisədə sərnişinlərin kəmər bağlamadıqları üçün aşan avtomobildən kənara düşməsi onların həlak olmasının və xəsarət almasının başlıca səbəblərindən biri hesab edilir.

Qanuna əsasən, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlərin də bu vacib tələbi yerinə yetirmələrini təmin etməlidir. Buna nail olan sürücü qanunun tələbini yerinə yetirir, gələcəkdə üzləşə biləcəyi hüquqi problemlərin qarşısını alır və ən əsası təhlükəsizliyi sığortalamış olur.
 
Dəyərli sürücülər, təhlükəsizlik kəmərləri sizi və həyatlarını sizə etibar edən sərnişinlərinizi həyata bağlayan bağdı. Unutmayın ki, qayda pozuntusu inzibati məsuliyyət, onun fəsadları isə bərpası mümkün olmayan itkilər doğurur".

Qeyd edək ki, qəza nəticəsində avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Ayşən Məmmədli və iki övladı - 2016-cı il təvəllüdlü Əsmər Samir qızı Məmmədli və 2021-ci il təvəllüdlü Alixan Samir oğlu Məmmədli xəsarət alıblar.

Sürücünün digər övladı 2018-ci il təvəllüdlü Firuzə Samir qızı Məmmədli və anası 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva həlak olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 iyul 2025, 14:06
Top