Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir?

SOSİAL 09 fev 2021, 10:01
Respublikamızda koronovirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məlum olduğu kimi koronavirus əsasən insanların sıx toplaşdığı, bir-biri ilə yaxın təmasda olduğu yerlərdə surətlə yayılır. 

Bu cür yerlərdən biri də yas mərasimləridir. Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qabaqlayıcı tədbirlər görüldüyü, sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi bir ilə yaxın müddət ərzində Füzuli rayonu ərazisində yas mərasimlərinə də nəzarət daha da artırılmışdır. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılmışdır. Dəfn mərasimləri isə karantin qaydalarına riayət olunmaqla həyata keçirilmişdir.

Xatırlatmaq istəyirik ki, Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir. Son yeddi ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay,qənd, halva,  xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilmiş, nəticədə orta hesabla rayonda 10-12 milyon manatdan artıq vəsaitə qənaət olunmuşdur. Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 1000-1200 manatla yola vermək olur. 

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top