"Azərsu"dan şikayətlər bitib-tükənmir — Tovuzda nələr baş verir?

GÜNDƏM 08 fev 2021, 16:23
“Abonetlərə qanunsuz borclar yazılır, əhaliyə çirkli su verilir, işçilər istirahət günləri işlədilir, “leviy” su xətlərindən yığılan pullar mənimsənilir, qohumbazlıq və rüşvət baş alıb gedir…”

Demokrat.az
TvPress.az-a istinadən xəbər verir ki, Tovuz rayonundan bir qrup vətəndaşın müraciəti daxil olub. Müraciətdə “Azərsu”nun Tovuz rayonunda fəaliyyət göstərən regional idarəsinin sakinlərin başına açdığı oyunlardan, idarənin öz işçilərinə qarşı apardığı istismar siyasətindən şikayət olunur. Müraciəti təqdim edirik:

“Hörmətli redaksiya. 8 nömrəli Regional Su-Kanal İdarəsi Tovuzda yerləşir. Regional idarədə qohumbazlıq pik həddədir. İdarənin rəisi Darvin Hüseynov Aşağı Quşçu kəndindəndir. Bu şəxs sahələrdə fəhlə işləmiş və heç bir səriştəsi və təcrübəsi, ixtisas təhsili olmayan öz qohumlarını yuxarı vəzifələrə təyin edib. Vaxtilə Tovuz su təsərrüfatını məhv etmiş və əhaliyə əsassız su borcları yazmış bu adamlar regional idarədə şöbə rəisləri təyin olunur. Hansı ki, bu adamlar mənimsəmə və dələduzluğa görə həbs olunmalıdılar.

Şənbə-bazar günləri şöbəsindən asılı olmayaraq bütün işçilər hamısı əhaliyə yazılmış qanınsuz borcları yığmağa məcbur edilir. Halbuki bu borcları vaxtilə bu sahədə işləmiş şəxslər qanunsuz, əsassız yazıblar və indi də onların yerinə gələn işçilər bu borcu zorla almağa çalışırlar.

Tovuzda su sahəsində vəziyyət ağırlaşır. Rəsmi istirahət günləri olan şənbə və bazar günləri işçiləri işə çıxmağa məcbur edirlər, işə çıxmayana məcburi ərizə yazdırıb işdən qovurlar.

Borcu olan abonentlərin suyunu kəsməyən işçiləri incidib töhmətlə qorxudurlar. Aidiyyatı olmayan işçilər pul yığımına cəlb edilir. Məsələn, su və kanalizasiya qəzalarını aradan qaldırmaq sahəsində çalışan işçilər də su pulu yığmağa məcbur edilir.

Əhalinin, abonentlərin başına nə oyunlar açılır, deyiləsi deyil.

Tovuz şəhəri, Düz Qırıqlı, Dönük Qırıqlı, Eyyublu, Aşağı Quşçu, Aşağı və Yuxarı Öysüzlü kəndləri, bir sözlə, su ilə təmin olunan bütün ərazilərdə abonentlərə bilərəkdən əlavə borclar yazılır və məcburən ödədirlər. Əvvəlki dövrdə abonentlərdən su pulunu yığıblar, amma çek verməyiblər, pulu mənimsəyiblər, indi həmin şəxslər işdən çıxıb, yeni işçilər yenidən bütün köhnə ödənişləri tələb edirlər.

İdarənin sahə rəisi Etibar Əhmədov sahəni rüşvət mənbəyinə çevirib. Kanalizasiya şəbəkəsinə qoşulmaq üçün 50 manat, su şəbəkəsinə qoşulmaq üçün isə 100 manat alınır. Halbuki, su-kanal sahəsində bütün bu işlər pulsuz, ödənişsizdir. Kodu olmayan bəzi obyektlərə qanunsuz su xətti verilir və oradan alınan pullar mənimsənilir. Baxımsızlıqdan su kanalizasiya axıntıları yollara axır və beləliklə də asfalt örtüyü də sıradan çıxır, dövlətə xeyli zərər dəyir.

Mənbəyini Ermənistandan götürən, Yuxarı və Aşağı Öysüzlü kəndlərindən keçən, heç bir maya dəyəri olmayan çay suyunu heç bir təmizləmə aparmadan əhaliyə içməli su adıyla kubu 60 qəpiyə satıb, pulunu da zorla camaatdan yığırlar. Şəhərə və kəndlərə verilən su da çox çirkli və çöküntülüdür. Zəyəm çayından çəkilən su kəmərində köhnə, çürümüş borulardan istifadə edildiyindən və su təmizlənmədiyindən evlərə verilən su çox pis vəziyyətdədir.

Bina mənzillərinin və həyət evlərinin su sayğaclarının plombu qəsdən sındırılır və buna görə abonentlərə haqsız cərimələr yazılır.

Təkcə abonentlərdən yox, işçilərdən də zorla pul yığırlar, belə ki, hər ay idarənin işçilərinin maaşlarından 2 fonda (Yaşat Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna) zorla pul tuturlar. Az maaşı olan və bu tutulmaya etiraz edənlər vətən xaini kimi damğası vurularaq işdən kənarlaşdırılır.

Bu məsələləri işıqlandırmanızı xahiş edirik ki, bəlkə bu sahədə biabırçılıqlara, qanunsuzluqlara son qoyula”.

Redaksiyadan:

Tovuz rayonundan su təsərrüfatındakı problemlər və qanunsuzluqlar barədə şikayətlər çoxdandır ki var. Lakin “Azərsu” rəhbərliyi bu problemləri həll etmək və qanunsuzluqları aradan qaldırmaq əvəzinə suyun qiymətinin bahalaşdırılması üçün saxta və əsassız “əsaslar” axtarmaqla və bahalı villa şəhərciyi tikməklə məşğul olduğundan, bu problemlərin qarşısı nəinki alınmayıb, əksinə,n getdikcə daha da kəskinləşir. Xüsusən də, mənbəyini Ermənistandan götürən çayların suyunun təmizlənmədən əhaliyə verilməsi çox ciddi təhlükədir. Şikayətçilər su sahəsində digər problemlər barədə də məlumat göndərəcəklərini bildirirlər. Əsasən də, qanunsuz su xətləri barədə. Ümidvarıq ki, yuxarı orqanlar Azərsu-nun insanlarda sosial narazılığı gücləndirən, dövlətə zərər vuran bu fəaliyyəti ilə bağlı ciddi qanuni tədbirlər görəcəklər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top