Parlamentdə koronavirusla bağlı ölkədəki vəziyyət müzakirə edildi — FOTO

SOSİAL 04 fev 2021, 20:17
Fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya  və  digər görülən tədbirlər” mövzusunda  videokonfrans formatında dinləmə keçirilib.

Demokrat.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimayyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.

Onlayn toplantını giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki,  koronavirus infeksiyasının mövcudluğu dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat edir. Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə  tədbirlərinin müzakirə edilməsidir. Əhliman Əmiraslanov qeyd  edib ki,  COVİD-19  infeksiyasının qarşısının alınması və təhlükəsiz  idarə olunması  dövlət  başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər  görülüb. 

Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklər həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün koronavirusla bağlı vəziyyətin stabil olduğunu, yoluxma ilə azalma  arasında ciddi fərqin olmadığını bildirən komitə sədri vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək olmaz.

Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib  element  olduğunu  diqqətə çatdırıb.  O, 2020-ci ildə Azərbaycanda  icbari tibbi siğortanın  həyata  keçirilməsinin gedişatı ilə bağlı ətraflı  məlumat verib. Qeyd  edilib ki, ötən il 23 rayonda  icbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur  Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb. 

Sonra İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi  sığorta haqqında  qanunvericiliyə təklif edilməsi  nəzərdə  tutulan  dəyişikliklərdən danışıb. 

Onlayn dinləmədə “Tibbi  Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək qurumun  pandemiya  dövründə  gördüyü işlər,  xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verib. 

TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış  məntəqələrində  prosesin idarə olunması, xəstələrə psixoloji  dəstək xidmətləri, beynəlxalq  əməkdaşlıq məsələlərindən geniş söhbət  açıb. Bildirilib ki,  pandemiya  dövründə ölkəmizdə  çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana,  çarpayı fondu 570 olan  Yeni Klinika istifadəyə  verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la  mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı  ortaq layihələr həyata keçirilib. 

Dinləmələrdə çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, İqtisadi  siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Tahir  Mirkişili, deputatlardan  Vahid Əhmədov, Əli Məsimli, Məlahət  İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva,  Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev virusla  mübarizə sahəsində görülən işləri  yüksək  qiymətləndirib, bu tədbirlərin virusun qarşısının  alınmasında  böyük rol oynadığını bildiriblər. Hər bir  çıxışda  dövlət  rəhbərliyinə  minnətdarlıq   ifadə  edilib. Qeyd  edilib ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması  demək  deyil  və  bu, insanları arxayınlaşdırmamalıdır.

Onlayn toplantıda millət  vəkillərini maraqlandıran suallara   aydınlıq  gətirilib. 

Dinləmədə deputatlardan  Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət  Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top