3 yaşlı Sabir sərbəst yazıb oxuyur, Quran ayələrini əzbər bilir — VİDEO


MARAQLI 03 fev 2021, 16:57
Qobustan rayonunun Sündü kənd sakini 3 yaşlı Sabir Ağaverdiyev öz bilik və bacarıqlarına, dərin hafizə, intellekt və istedadına görə yaşıdlarından fərqlənir.

Demokrat.az xəbər verir ki, adətən uşaqlar hərfləri birinci sinifdə öyrənib, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlasa da, Sabir iki yaşından Azərbaycan dilində səlis oxumağı və yazmağı öyrənib. Böyük uşaq kimi oxuyub-yazan bu balacanın səsindəki 3 yaşlı uşağa məxsus şirinlik də öz yerində...

Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Quran ayələrini də əzbər bilən bu balaca, eyni zamanda, hansı bayrağın hansı ölkəyə aid olduğunu da söyləyir. Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri isə xəritədə dəqiq göstərərək, rayonlarımızın adlarını bir-bir sadalayır.

Atası Cabir Ağaverdiyev deyir ki, Sabirin heç bir oyuncağa həvəsi yoxdur: “Bir yaşı olanda fikir verdik ki, o, heç bir oyuncaqla oynamır. Bizim ailəmiz ziyalı ailə olduğundan hər zaman stolun üstündə kitab və qələm olub. Ancaq kitab-dəftərlə oynayır. Kitablara marağını gördük və onu o yöndə istiqamətləndirməyə çalışdıq”.

Cabir Ağaverdiyev bildirir ki, evdə televizorda ən çox intellektual yarışlara və oyunlara baxılır. Sabir də həmin oyunları diqqətlə izləyir. “Bəzən elə olur ki, telefonda “Əlaçı” verilişini izləməsə yemək yemir. Daha çox “Əlaçı” verilişinə baxır. Sadə sualların cavabını tez tapır. Hətta “Qurani-Kərim”dən 10 surə də bilir. Həmçinin ona Vətənimizlə bağlı bəzi məlumatları öyrətməyə çalışırıq. Bunları bilmək onun borcudur”, - deyə Sabirin atası vurğulayır.

Sündü kənd orta məktəbin direktoru Ziya Məlikov da Sabirin istedadından danışıb. Onun sözlərinə görə, Sabirin böyük bacısı və qardaşı da məktəbin əlaçı şagirdləridir. Balaca Sabir də qardaş-bacısından geri qalmır, bilik və bacarığını daha da inkişaf etdirməyə səy göstərir.(AZƏRTAC)
 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top