İlham Əliyev Murad Kajlayevi təbrik etdi

DAXİLİ SİYASƏT 29 yan 2021, 19:07
Prezident İlham Əliyev SSRİ Xalq artisti Murad Kajlayevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Murad Maqomedoviç.

90 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin yaradıcılığınız sovet və Rusiya musiqi mədəniyyəti tarixində layiqli yer tutur. Çoxtərəfli və parlaq ideyalarla zəngin bir insan kimi siz müxtəlif janrlarda və üslublarda işləyərək artıq bu gün haqlı olaraq klassika hesab edilən əsərlər yaratmısınız. Siz uzun illər boyu yorulmadan təkcə bəstəkar və dirijor kimi deyil, həm də pedaqoq kimi çalışırsınız, bütün gücünüzü, dərin biliklərinizi və qiymətli təcrübənizi gənc nəslə verirsiniz.

Uşaqlıq və gənclik illərinizin keçdiyi, sənətin əsaslarını öyrəndiyiniz Azərbaycanda sizi sevir və yüksək qiymətləndirirlər. Sizə doğma olan Bakının səhnələrində keçirilmiş yaradıcılıq gecələri istedadınızın bütün pərəstişkarlarında böyük maraq doğurur, xüsusi səmimiliyi ilə fərqlənirdi. Siz Azərbaycan musiqisinin inkişafı və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmlənməsi üzrə səmərəli fəaliyyətinizə görə Azərbaycan Respublikasının “Dostluq” (“Drujba”) ordeni ilə təltif edilmisiniz.

Əziz Murad Maqomedoviç, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top