“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirildi — FOTO


XARİCİ SİYASƏT 27 yan 2021, 20:14
Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə  “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib. Tədbirin moderatoru BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan zəfər əldə etmiş bir ölkə olaraq, keçmişdə işğal altında olan ərazilərin bərpasına və müvafiq regional layihələrin icrasına başlayıb. Fərid Şəfiyev bu zəfərin əldə olunmasında Türkiyənin müstəsna rolunu qeyd edib. Onun sözlərinə görə, 30 il ərzində Türkiyə ilə Azərbaycan  davamlı olaraq hərbi təlimlər keçib və qələbə tək Pilotsuz Uçuş Aparatları hesabına qazanılmayıb: “Türkiyə-Azərbaycan birliyi heç bir ölkəyə qarşı yönəlmir, öz müstəqilliyimizin təminatına xidmət edir”. BMTM-in İdarə Heyəti sədri onu da əlavə edib ki, iki ölkə həm də elmi sahədə birgə potensialı gücləndirməlidir. O həmçinin islam dünyası çərçivəsində iş birliyinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə-Azərbaycan əlaqələrinin sıradan deyil, stabil qardaşlıq əlaqələri olduğunu diqqətə çatdırıb. O bu əlaqələrin gələcək yüz illərdə də eyni şəkildə davam edəcəyini əminliklə deməyin mümkün olduğunu ifadə edib. H. Hacıyev Bakının işğaldan azad edilməsi münasibəti ilə 2018-ci ildə Azərbaycanda keçirilən hərbi paradı xatırladaraq bu tədbirin iki ölkənin birliyinin təcəssümü olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə,  2020-ci ilin iyulunda erməni təxribatlarına qardaş Türkiyənin verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir edib: “İyul hadisələri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyənin rəsmi şəxslərinin tərəddüd etmədən “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri özündə ehtiva edən açıqlama idi”. H. Hacıyev bildirib ki, Azərbaycanın apardığı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, diplomatik, psixoloji və siyasi dəstəyi çox vacib və Azərbaycanın qələbəsini şərtləndirən elementlərdən idi: “Qarşıdan gələn dövrlərdə və proseslərdə əlaqələri daha da inkişaf etdirməliyik. Bu əməkdaşlıq regional sülh və təhlükəsizliyi gücləndirir. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Bizim üçtərəfli formada apardığımız əməkdaşlığımız göstərir ki, bu əməkdaşlıqdan hər kəs qazana bilər. Ermənistan da Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər”.

Hikmət Hacıyev Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin region üçün əhəmiyyətinə də toxunub.

Daha sonra çıxış edən  SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran təmsil etdiyi qurum tərəfindən Qarabağa aid kitabın hazırlanması üzərində iş getdiyini qeyd edib. O iki ölkə arasında tarixi və mədəni əlaqələrin gücündən danışaraq bu münasibətlərin Azərbaycanın əldə etdiyi zəfərlə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, Türkiyəyə qarşı “qarayaxma” kampaniyasına baxmayaraq Türkiyə vətən müharibəsi zamanı daim Azərbaycanın arxasında olduğunu göstərib. Ardınca çıxış edən SETA xarici siyasət direktoru, Ankara Sosial Elmlər Universitetinin müəllimi Muhiddin Ataman Türkiyənin tək müharibə zamanı deyil, ondan əvvəl və post-münaqişə dövründə daim Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. O, bu dəstəyin bütün müsəlman ölkələri tərəfindən ifadə edilməsinin vacibliyini qeyd edib. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı çıxışı zamanı iki ölkənin həyata keçirdiyi regional layihələrdən danışıb və bildirib ki, Trans-Xəzər əməkdaşlığı Azərbaycan-Türkiyə əməkdaşlığını daha da gücləndirəcək potensiala sahibdir. SETA Təhlükəsizlik Koordinatorluğunun təmsilçisi, Uludağ Universitetinin müəllimi Fərhad Pirinççi çıxışı zamanı qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi tək Qafqaz və ya Qarabağla bağlı olmamalıdır. Onun sözlərinə görə, əlaqələr bütün geosiyasi reallıqlara nəzərə alaraq geniş sahəni əhatə etməlidir.

BMTM-in şöbə müdiri Cavid Vəliyev regional 3 tərəfli platformaların vacibliyindən danışıb. Onun sözlərinə görə, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr bütün tərəfləri qazandıran layihələrdir və bu fəlsəfə 6 ölkənin əməkdaşlığı şəklində davam edə bilər. Yaxın Şərq Texniki Universitetinin (OTDÜ) müəllimi Oqtay Tanrısevər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin qayıdışı məsələsinə toxunub  və bildirib ki, bu bölgədə həyatın qurulması üçün Türkiyənin inşaat sektorunda malik olduğu təcrübədən də istifadə etmək mümkündür. O, həmçinin bildirib ki, 6 ölkənin regional əməkdaşlıq platformasının həqiqi olmasını göstərmək üçün çevik işlər görülməlidir.

Tədbir sual-cavab sessiyası ilə davam edib.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top