Ramiz Mehdiyevin AMEA "islahatları" — ŞOK TƏFƏRRÜATLAR

SOSİAL 24 yan 2021, 00:04
Ramiz Mehdiyevin əsas kadrı sayılan Əli Həsənova sadiqliyi ilə seçilən bəzi mətbu orqanlarında guya AMEA-da aparılan islahatlar barədə yazılanlar imitasiyadan başqa bir şey deyil. Əslində, məqsəd tam başqadır. Məlumdur ki, uzun illər boyu AMEA Ramiz Mehdiyevin kurasiyasında olan təşkilat olub və AMEA-nın hazırkı bərbad durumu onun əməyinin “məhsuludur”. Son günlər isə bilərəkdən İsa Həbibbəylinin istefası, Fizika İnistitutunda baş verənlər islahat kimi qələmə verilir.

Heç kəsə sirr deyil ki, hakimiyyət daxilində islahatlar aparılır və cənab Prezident də bu islahatları dəstəkləyir. İslahatlar həm də AMEA-da aparılmalı idi, amma bu islahatların qarşısını alan əsas qüvvə, Prezidentin islahat komandasının əsas əleyhdarları Ramiz Mehdiyev idi. Artıq bunu bütün ictimaiyyət bilir. AMEA-da da islahatlar bir neçə il bundan əvvəl başlamalı idi. Bu islahatları isə Prezidentin islahat komandasına yaxınlığı ilə seçilən Akif Əlizadə aparmalı idi.

Lakin bu islahatlar demək olar ki, baş tutmadı. Belə ki, Akif Əlizadənin humanitar sahəyə qarışmaq səlahiyyətləri demək olar ki yox idi. Bu sahəyə İsa Həbibəyli cavabdeh idi və heç kəsə sirr deyil ki, humanitar bölməyə daxil olan İnstitutlarda direktorları məhz o təyin edirdi. Məsələn, Əlyazmalar, Folklor, Dilçilik, Hüseyn Cavid muzeyinin direktorları məhz onun kadrları hesab edilir. Digər İnstitutlarda da vəziyyət heç də fərqli deyil.

Elə indi də bu İnstitutlarda idarəçilik onun əlindədir, yəni orada direktor ştatı sadəcə formal bir vəzifədir. Sadəcə, “baş akademik” çox gözəl oyun qurdu. İslahatçılar qanadını təmsil edən və Akif Əlizadənin kadrı hesab edilən birinci vitse-prezident İbrahim Quliyevi işdən azad etmək üçün əvvəlcə iki birinci vitse-prezidentlik yaradıldı, sonra isə bu vəzifələr ləğv olundu və beləcə hər iki birinci vitse-prezident öz vəzifəsini itirdi, deməli öz xoşu ilə istefa ərizəsi yazmayan İbrahim Quliyev “ofsayd”da qaldı və manevr baş tutdu, arzuolunmaz şəxs avtomatik kreslosunu itirdi.
 
(Hadisələrin gedişinə baxsaq bu artıq bir formallıq idi, çünki Ramiz Mehdiyev AMEA-ya ayaq basdığı gün İbrahim Quliyevin otağını belə onun əlindən almışdı və o AMEA-nın Rəyasət Heyətinin binasından uzaqlaşdırmışdı. Sadəcə yəqin ki, daxili yoxlamalarda ona qarşı tutarlı bir şey tapılamdığından onu vəzifədən beləcə kənarlaşdırdılar).

Əslində, AMEA-da elan olunan “islahatlar” davam edir və İbrahim Quliyevin kurasiyasında olan institutlarda “yeyintilər” hələ bundan sonra çox “aşkarlanacaq”. Məsələn, AMEA-da yüksək nəticələr göstərən və elmin hələ də az-maz qaldığı Fizika İnstitutu da tam yararsız elan edilib və ora Ramiz Ənvəroviçin kadrı yerləşdirilib.

Deməli, AMEA-da bu məqsədlə yaradılan Daxili audit şöbəsi bundan sonra daha “yaxşı işləyə” bilər və islahatçıların son nümayəndələri də vurulacaq. Amma İsa Həbibbəyli əvvəlki kimi, öz kurasiyasını saxlayacaq. Nəzərə almaq lazımdır ki, Ramiz Mehdiyevin “əsas kadrları” məhz burdadır və əsas yeyinti də elə bu bölmədə olub.

Maraqlıdır ki, bu barədə mətbuatda deyilənlərə heç kəs fikir vermir, məsələn elə təkcə Dilçilik İnstitutuna ayrılan milyonların aqibəti, Elmin İnkişaf Fondunda yeyilən milyonlar barədə danışılanlara reaksiya yox səviyyəsindədir. Amma günahkarlar başqa sahələrdə axtarılır və islahatların ilk qurbanları məhz elə Akif Əlizadəyə və ona sadiq qüvvələr olub. Onların yerinə isə köhnə qvardiyanın “vurulmuş” kadrları yerləşdirilir.
 
Bir gün Əli Həsənov, Abel Məhərrəmov da AMEA-da vəzifə başına gətirilsə heç də sensasiya olmayacaq. Bunun üçün artıq zəmin də yaradılıb. Belə ki, AMEA Rəyasət Heyəti qərara alıb ki, hər institutda iki direktor olsun. Beləcə, AMEA-da təxminən 40 direktor ştatı vakant olur. Bu həm də öz xoşu ilə çıxmaq istəməyən direktorlar üçün bir tələdir. Yəni çıxmaq istəməyənlər, bir gün İbrahim Quliyev kimi ofsaydda qalacaq. Nə qədər vəzifədən çıxarılan və ölkə başçısı tərəfindən cəzalandırılan adam var onları AMEA-ya işə götürəcəklər.

Məlum faktdır ki, məhz Ramiz Mehdiyevin dövründə keçmiş deputat Elton Məmmədov, keçmiş İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Radiasiya Problemləri İnstitutunun keçmiş direktoru Adil Qəribov və digər ekslər AMEA-da müxtəlif vəzifələrə gətiriliblər. Fikir versəz bunların hamısını vəzifədə olduğu vaxt tayfabazlığa və digər ciddi nöqsanlarına görə Prezident islahatları nəticəsində işsiz qalmaları, işdən çıxarkən çoxlu rüşvət aldıqları və ən əsası Ramiz Mehdiyev kadrı kimi tanınmaları ilə yadda qalıb. Beləliklə, “islahatlar” humanitar bölmədən kənara çıxmağa başlayır. O bölmə ki, İsa Həbibbəylinin, daha doğrusu Ramiz Mehdiyevin daim nəzarətində olub ora daxili audit olunmayacaq.

Əslində, problemləri də elə Humanitar bölmədə axtarmaq lazımdır. Bu bölmədə üç muzey var: Ədəbiyyat muzeyi, Hüseyn Cavid muzeyi və Tarix muzeyi. Doğrudanmı AMEA-ya muzey lazımdır? Niyə bu muzeydə işləyən işçilər AMEA-nın digər İnstitutlarında işləyən işçilərdən 50% artıq maaş almalıdırlar? Hamı bilir ki, muzeylərdə heç bir iş görülmür və onlar AMEA-ya əlavə yükdən başqa bir şey deyil. Muzeydə elmi işçi varsa onları Akademiyanın profilli inistutlarına verib, muzeyləri onların həqiqi sahibinə, yəni Mədəniyyət Nazirliyinin balansına verməklə islahatlara başlamaq lazım idi. Əlyazmalar İnstitutu da əvvəlki kimi fond statusuna qaytarıla bilər.

Eləcə də son illər Ramiz müəllimin kadrları üçün məxsusi olaraq yaradılan Elm Tarixi və Qafqaz Tarixi İnstitutları sadəcə lüzumsuz qurumlardır. Onların işini elə onlardan da bərbad vəziyyətdə olan Tarix İnistitunda yaradılan bir şöbə yerinə yetirə bilərdi. Və ya Ədəbiyyat İnstitutunda Folklor sahəsinə məsul şəxslər olduğu halda ayrıca Folklor İnstitutu nəyə və kimə lazımdır? 

Eyni profilli bu tip institutları birləşdirmək olmazdımı? 

Hələ ayrı-ayrı institutlarda bir-birini təkrarlayan onlarla şöbə var. Məsələn, Şərqşünaslıq İnstitutunun bir sıra şöbələri Dilçilik, Ədəbiyyat və Fəlsəfə İnstitutlarında eyni adla təkrarlanır. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutlarında da bu tip şöbələr var. Bəs bu qədər əlavə xərc kimə və nəyə lazımdır?

Əsas məsələ isə budur ki, görəsən, Ramiz Mehdiyevin yeni yaratdığı audit şöbəsi hər il İnstitutlara ayrılan daxili qrantların hara xərcləndiyini araşdıracaqmı? Axı bu qrantlar, eləcə də onun kurasiyasında olan Elmin İnkişaf Fondu tərəfindən ayrılan milyonlarla pulun əsas hissəsi elə humanitar elmin “inkişafına” xərclənib. Hanı bəs bu inkişaf? Niyə bu institutların əməkdaşlarının 90% bu qrantların heç adını belə eşitməyib. Amma AMEA-da bu istiqamətdə islahatlar aparmaq, bir-birini təkrarlayan, lüzumsuz qurumlar yerində qalır və komissiya bu sahəni ümumiyyətlə təftiş etmir. Əvəzində son illər AMEA-da digər sahələrdə müəyyən qədər irəli getmiş, islahatlar aparılmış sahələr təftiş olunur və müxtəlif bəhanələrlə ya ləğv edilir, ya da işi iflic edilir.

Belə ki, AMEA-da islahat planına uyğun olaraq yaradılan və əsasən güc nazirlikləri ilə işləyib, dronlar, PUA-lar, müxtəlif çaplı silah-sursatın hazırlanmasında mühüm işlər görmüş, cəmi bir il ömrü olmasına baxmayaraq dünyanın bir sıra şirkətləri ilə müqavilələri olan, AMEA-nın gələcəyi hesab edilən “Strateji Elmi Tədqiqatlar Mərkəzi” Ramiz Ənvəroviçin “islahatının” ilk qurbanı oldu.

Çox məhdud resurslarla və 50-60 işçi ilə qurulan həmin mərkəzdə işləyən, əsasən, əcnəbi ölkələrdə təhsil alan gənc və perspektivli kadrlar heç bir əsas gətirilmədən işdən çıxarıldı və mərkəz bağlanıldı. Görülən işlər isə yarımçıq qaldı. Halbuki Vətən müharibəsi dövründə məhz həmin mərkəzin layihəsi əsasında Müdafiə Sənayesi Nazirliyində hazırlanan PUA-lar, raket mərmiləri və digər silahlar bizim düşmən üzərindəki qələbəmizdə az payı olmadı. Daha sonra “islahatlar” AMEA-nın Yüksək Texnologiyalar Parkına çatdı.

Bir il ərzində 9 milyon gəlir gətirən və müxtəlif məhsullar hazırlayan bu müəssisəyə Ramiz müəllim AMEA-ya gələndən sonra 3 nəfər rəhbərlik edib və o parkın da aqibətinin necə olacağı qabaqcadan bəllidir. Yəqin ki, bu il son müqavilə öhdəliklərini yerinə yetirdikdən sonra bağlanacaq və “islahatlar”ın əsas mərhələsi tamamlanacaq. Bəs bütün bunlar imitasita deyil bəs nədir? Bunun bircə adı var. Ramiz müəllimin təbiri ilə desək “pokazuxa”!(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top