Deputat: “Silahdan qorxarlar, iynədən yox”

GÜNDƏM 22 yan 2021, 11:53
Dünya bir ilə yaxındır ki, COVID-19 pandemiyası ilə mübarizə aparır. Koronavirusa yoluxma sayı artdıqca, ölüm da çoxalır. Vəziyyət o həddə çatıb ki, koronavirusla bağlı xəbərlər dünya əhalisində psixoloji gərginlik yaradıb. Koronavirus bəlası Azərbaycanda da təhlükəli hal alıb. Hər gün yaxın ətrafımızdan kimlərinsə bu virusa yoluxduğunu, hətta öldüyünü eşidirik.

Mütəxəssislərin bildirdiyinə görə, bu bəladan qurtulmağın yolu vaksin vurdurmaqdır. Hazırda bir çox ölkələrdə insanlar COVID-19-a qarşı peyvənd olunurlar.

Yanvarın 18-dən Azərbaycanda da vaksinasiya prosesi başlanıb. Çindən alınan “Sinovak” vaksinlərinin keyfiyyətinə görə daha üstün hesab olunur.

İlk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev peyvənd olunublar.

Ardınca risk qrupuna daxil olan insanların peyvənd olunmasına start verilib.

Fevralın 1-dən başlayaraq risk qrupuna daxil olan 65 yaşdan yuxarı insanlar da peyvənd olunacaqlar.

Peyvənd vurdurmaq könüllü və pulsuzdur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndlərə birmənalı münasibət yoxdur. Bəzi insanlar indidən peyvənd olunmaqdan imtna edəcəklərini bildirirlər. 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin yaşı 65-dən yuxarı olan bəzi deputatlarından peyvənd olunub-olunmayacağını soruşub.

Aqil Abbas deyir ki, peyvənd vurdurmaq barədə düşünmür: “Sağlam adamam. Peyvənd olunmaq barədə düşünmürəm”.

Vahid Əhmədov da peyvənd olunacağı barədə konkret fikir bildirməyib: “Bu barədə hələ ki danışmaq istəmirəm”.

Eldar İbrahimov peyvənddən qorxmadığını bildirib: “Mən yüz faiz peyvənd olunacam. Heç nədən qorxmuram. Silahdan qorxarlar, iynədən yox”.

Elman Məmmədov da peyvəndləmə prosesinə qoşulacağını vurğulayıb: “Bundan boyun qaçırmaq düzgün olmaz. Əksinə, nümunə göstərmək lazımdır. Vətəndaşlarımızda bu məsələyə inam yaradılmasına çalışmaq lazımdır. Bu peyvəndləmə fəlakətin qarşısını almaq üçündür. Dövlət peyvəndlərə pul xərcləyir. Bu gün Azərbaycana gətirilən peyvəndlər dünyada mövcud olan ən etibarlı peyvəndlərdir. Hesab edirəm ki, bu məsələdə də bir olmalı və dövlət başçımıza təşəkkür etməliyik”.

Fəzail Ağamalı peyvənd olunmaq fikrindədir: “Mənim də peyvənd olunmaq fikrim var. Bundan çəkinmək lazım deyil. Bu peyvəndlər testdən keçib. Hər hansı fəsadı yoxdur. COVID-19 adlı lənətlənmiş virusdan qurtulmaq üçün mütləq peyvənd olunmaq lazımdır. Hesab edirəm ki, bundan qətiyyən çəkinmək olmaz”.

Eldar Quliyev vaksinlərlə bağlı şayiələrə inanmamağı tövsiyə edib: “Mən də peyvənd olunacam. Heç nədən də qorxmuram. İnsanları boş şayiələrə inanmamağa çağırıram. Oğlum da peyvənd olunub. Hər şey yaxşıdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top