Türkiyə parlamenti Azərbaycanla imzalanan vacib sənədi təsdiqlədi

XARİCİ SİYASƏT 23 dek 2020, 11:38
“Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığa söykənən “bir millət, iki dövlət” ruhu ilə müəyyən olunan münasibətlərimiz, hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər münasibətlərimizin arxasında duran ən əhəmiyyətli qüvvədir”.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisində MHP-nin İğdır millət vəkili Yaşar Karadağ Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən bildirib.

Karadağ Türkiyə Respublikası olaraq hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və bundan sonra da belə olacağını deyib:

“Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək üçün 44 günlük İkinci Qarabağ Müharibəsində böyük bir qəhrəmanlıq nümunəsi sərgilədi, işğal olunmuş əraziləri xilas etdi və dünyanın laqeyd qaldığı zülmü sona çatdırdı”, - deyə millət vəkili bildirib.

CHP-nin İzmirdən millət vəkili Mahir Polat isə 2020-ci ilin fevralın 25-də Preferensial Ticarət Sazişinin protokollarının imzalandığını xatırladıb və bu zaman ərzində görülən işlərdən danışıb.

Müzakirələrdən sonra, “Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi” Böyük Millət Məclisində qəbul edilib.

Təklif qəbul edildikdən sonra Türkiyə Böyük Millət Məclisinin iclası yekunlaşıb.

Preferensial rejim nədir?

Preferensial rejim malların hərəkətində tariflərin azaldılması və ya ləğvi, qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəfdən bu saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlükdür.  

Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsindən ibarətdir. 

Eyni zamanda, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da buraya daxildir.

Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top