Hər birimizin vətəndaşlıq borcu!

GÜNDƏM 21 dek 2020, 11:39
Digər qurumların Birinci vitse-prezidentin təşəbüssünə qoşulması başladılan xoşməramlı missiyaya əlavə töhfə verə bilər.

Məlum olduğu kimi dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə start verib. 

Artıq “Bravo” supermarketlər şəbəkəsi də bu humanist təşəbüssə qoşularaq Kəlbəcər rayonu, Xocavənd rayonunun Tuğ və Füzuli rayonunun Yuxarı Veysəlli kəndləri,  Hadrut qəsəbəsi və Gəncə şəhərində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlayıb. 

Bu xeyirxah missiyanın davamlı olmasına ehtiyac var. Digər qurumların və supermarketlərin də Birinci vitse-prezidentin bu təşəbüssünə qoşularaq əsgər və zabitlərimizə zəruri dəstəklərini vermələri başladılan xoşməramlı missiyaya əlavə töhfə verə bilər. 

İndiki məqamda müəyyən dairələrin, bəzi müxalifət təmsilçilərinin tutduğu mövqe isə həmişəki davranışlarından fərqlənmir.
 
Sadəcə olaraq həmişəki kimi dövlətin apardığı siyasətə və təşəbbüslərə kölgə salmaq xəttinə sadiqliklərini nümayış etdirirlər. Onlardan hansı biri işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparan hərbiçilərimizə sözdə yox, əməldə dəstək verib? Hansı biri şəhid ailəsinin, qazisinin yarasını sarıb? 

Təbii ki, Azərbaycan Ordusunun heyəti aparılan hərbi əməliyyatlar səbəbindən əvvəlkindən çoxdur. Bu müvəqqəti xarakter daşıyır. İndiki dönəmdə dövlət ordunun ehtiyaclarını qarşılamaq üçün bütün mümkün tədbirləri edir. Çatışmazlıqlar var və bir olub bu çətinlikləri sarmalıyıq. Təkcə tənqid etmək problemin həlli demək deyil. Hər bir qurum, şirkət bu işə öz töhfəsini verməlidir. Bu həm də hər birimizin vətəndaşlıq borcudur!

Elman Babayev
Əməkdar jurnalist


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top