Şəhid anası ilə icra başçısı arasında baş verən hadisəyə RƏSMİ CAVAB


GÜNDƏM 18 dek 2020, 13:00
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndi istiqamətindəki döyüşlərdə şəhid olan hərbçi Xəyal Məmmədovun anasının təhqir olunması ilə bağlı iddialar barədə açıqlama verib.

O, Modern.az-a verdiyi açıqlamada hadisənin “Xəzər”, “Space”, “Real” telekanalları və Türkiyə televiziyalarının əməkdaşları, o cümlədən “CNN Türk”ün müxbiri Fulya Öztürkün gözü qarşısında baş verdiyini deyib:

“Müharibənin ilk günləri idi, mərmi Tərtərə yağış kimi yağırdı, biz də zirzəmi rejimində fəaliyyət göstərirdik. Əməkdaşlarımız gəldi ki, çöldə bir nəfər qadın bayrağı, dövlət atributlarını, rəhbər şəxsləri söyür, deyir ki, “oğlumu öldürüblər”.

Çıxdım ki, ay ana, qadan alım, nədir, nə məsələdir? Qayıtdı ki, “oğlumu tələyə salıb öldürüblər”. Soruşdum ki, oğlun əsgərdir, 18 yaşlılarla gedib? Dedi, yox. Dedim, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətilə mən çağırmışam? Dedi, “yox, oğlum altı ildir ordudadır”. Dedim ki, əgər oğlun ordunu seçib, müqavilə bağlayıb, ordan maaş alıb könüllü xidmətə yollanıbsa, müharibədə ölə də bilər, yaralana da bilər, sağ qala da bilər.

Mənə dedi “bəs sənin oğlun niyə getmir?”. Cavab verdim ki, mənim oğlum doqquzuncu sinifdə oxuyur, çağırılanda o da gedəcək. Dedi, “sənin oğlun öləydi”. Mən də dedim ki, Allahın işidir, qismətində nə varsa, o da olacaq. Danışığımız bax beləcə olub”.

İcra başçısı deyib ki, bu məsələləri sosial şəbəkələrdə başqa cür qələmə verən, onu şişirdən parlament seçkiləri vaxtı Tərtərdən namizədliyini irəli sürmüş Tamella Qulamidir.

Müstəqim Məmmədov şəhidin yas mərasimində hələ iştirak etmədiyini deyib və bunun səbəbini də açıqlayıb:

“Doğrudur, həmin vaxt rəsmi olaraq, şəhidlərin yasında iştirak etməyə icazə verilmirdi. Çünki sürücümdə və köməkçimdə koronavirus testi pozitiv çıxmışdı deyə, mən də 2 həftəlik təcrid olundum, işə çıxmadım. Ona görə yasa getməmişəm. Şəhidin dəfni üçün nə lazımdırsa edilib, başdaşı ailənin istəyinə uyğun qara mərmərdən hazırlanıb.

Onu da qeyd edim ki, Xəyaldan başqa, 57 şəhidimiz vardı, amma heç birinin ailəsi bu cür hərəkət etmədi, hamı dedi “Vətən sağ olsun!”. Mən başa düşürəm, Xəyal evin bir oğlu olub, o ananın təhqirlərini də deyilməmiş sayıram. Dərdlidir, anadır. Etiraf edirəm ki, yasda evlərinə getməmişəm, amma bu da virusa görə idi. Digər şəhid ailələrinin evində olmuşam. Bu yaxınlarda Xəyalgilə də gedəcəm. Yaralılarımızın, şəhidlərimizin ailələrində olmuşam. Əlimdən nə gəlibsə, kömək etmişəm. Bundan sonra şəhid və yaralılarımızın problemləri fərdi şəkildə deyil, “YAŞAT” Fondunun dəstəyilə həll ediləcək”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top