Düşməndən məğlubiyyət etirafı: “Ölkəmiz Azərbaycan qarşısında sıfıra bərabər idi” — VİDEO

GÜNDƏM 14 dek 2020, 17:37
Ermənistanın yerli mətbuatına müsahibə verən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Ordusu”nun keçmiş komandanı Samvel Babayanın “Antitopor” portalına müsahibəsi məğlubiyyət etirafları və ittihamlarla yadda qalıb.

Baku TV xəbər verir ki, jurnalistin “Niyə Ermənistan Dağlıq Qarabağın suverenliyini qəbul etməyib?” sualına Babayan təəccüblənsə də, həqiqəti söyləyib.

“Suverenliyin qəbulu üçün heç bir maneə olmayıb. Məsələ odur ki, əgər sən indi Qarabağın suverenliyini qəbul edirsənsə, demək, sən bütün danışıqları pozursan. Bu halda da Azərbaycan müharibəyə başlayır.

Əgər hər hansı başqa bir ölkə bunu qəbul etsəydi, Ermənistan da edərdi. Məsələn, Rusiya Abxaziyanın, Osetiyanın suverenliyini qəbul etdi, çünki məsələ onun marağında idi. Amma Qarabağ məsələsində Azərbaycan razı deyilsə, bunu qəbul etmək mümkün deyildi”, - o bildirib.

Dünya siyasətinin ikili standartlarına istinad edən Babayan təqsiri böyük dövlətlərdə görüb. Eyni zamanda, o, ermənilərin əsas problemlərini də açıqlayıb. O, ermənilərin həmişə kiməsə arxayın olduğunu, həmişə kimdənsə kömək gözlədiklərini deyib.

“Ermənistan hakimiyyəti bilirdi ki, müharibə olacaq. Lakin düşünürdülər ki, böyük dövlətlər buna imkan verməyəcək. Əgər müharibə başlasa, 4-5 gün davam edəcək və dayandırılacaq. Amma mən həmişə demişdim ki, müharibə başlasa, Azərbaycan sonacan gedəcək. Bunu Azərbaycanın silahlanması da sübut edirdi. Sadəcə, vaxtla bağlı məsələ qalmışdı, bir ilə, iki ilə...

Nədənsə siyasətçilərimiz hesab edirdilər ki, müharibə heç vaxt olmayacaq. Hətta deyirdilər, Rusiya buna icazə verməz. Halbuki Rusiya ilə bağlı burada heç nə yoxdur. Çünki Azərbaycan müstəqil dövlətdir. Onun öz enerji və iqtisadi resursları var. Onun Türkiyə kimi tərəfdaşı var. Bilmirəm, niyə bizimkilər düşünürdü ki, müharibə olmayacaq”.

Məğlubiyyətin səbəblərini açıqlayan Babayan bildirib ki, İkinci Qarabağ Müharibəsində Ermənistanın Qarabağ ermənilərinə göstərdiyi hərbi kömək Azərbaycan ordusunun qarşısında sıfıra bərabər olub.

Bu azmış kimi Qarabağ erməniləri başqalarına arxayın olublar, bu səbəbdən də çox sayda fərarilik halları var idi. Bütün bu amillərə baxmayaraq, ermənilər hələ də gu\ünahı başqalarında axtarmağa davam edirlər:

“Birincisi, Ermənistan bu müharibəyə hazır deyildi. İlk növbədə hava müdafiəsi sıfıra bərabərdir. Nə aviasiya, nə də PUA-lar üçün müdafiə yox idi. İkincisi, qarşı tərəfin güclü texnikası və artilleriyası olub, bu faktdır.

Ermənistanın strateji resursları hesablanmamışdı. Əgər qarşı tərəf Horadiz istiqamətində 9-10 kilometrlik irəliləyiş etdisə, demək, onun üçün 200 kilometrəcən sahə açılır.

Ermənistan o yolu bağlamaq gücündə deyildi, bunun üçün onun resursları yox idi. Ermənistan əlindən gələni etdi, lakin bu, yetərli idimi? Mən sizə deyirəm ki, xeyr.

Yenə deyirəm, onlar düşünürdülər ki, kimsə müharibəni dayandıracaq. Bu problem ermənilərdə həmişə olub. Kiməsə arxalanmaq...

2013-cü ildə “İsgəndər”i alanda onlar hesab etdilər ki, Azərbaycan bundan qorxacaq və müharibə olmayacaq. Özündənrazı gəzirdilər. Birinci Qarabağ Müharibəsində çox yaralılarımız vardı… İndi isə bu rəqəm, demək olar ki, yoxdur, çünki hamısı silahını atıb qaçıblar”.

Söylədikləri etiraflara baxmayaraq, Qarabağın yenə də ermənilərə məxsus olduğunu deyən Samvel Babayan hələ də məğlubiyyəti həzm edə bilmir. Lakin necə deyərlər, özgə atına minən tez düşər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top