Deputat: "Rusiya sülhməramlıları erməniləri himayə edir" — "Rus generalı Arayik Harutyunyanın otağına gedib şəkil çəkdirir"

QARABAĞ 14 dekabr 2020, 15:55
Fəzail Ağamalı: "Rusiyanın rəsmi şəxsləri sülhməramlıların Azərbaycan ərazilərində bu cür davranışlarını davam etdirməsinə son qoymalıdırlar"


"Müzəffər Ordumuz Şuşanı işğalçılardan azad etdikdən sonra Xankəndinin 2-3 kilometrliyində mövqe tutmuşdu. Bununla Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordusu tamamilə ciddi şəkildə məhv edilmək üzrə idi. Ordumuzun mühasirəyə aldığı erməni qüvvələrini ya təslim olmağa, yaxud da tamamilə məhv etməyə heç bir çətinliyi qalmamışdı. Xankəndindəki erməni hərbiçilərini tam zərəsizləşdirmək igid əsgər və zabitlərimiz üçün su iççək qədər asan idi. Vəziyyətin son dərəcə ağır olduğunu görən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə müraciət edib yalvararaq, onları xilas etməyi xahiş etdi". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. 

Daha sonra Fəzail Ağamalı deyib:

"Təbii ki, bu qədər yalvarışlardan sonra Putin həm də Rusiyanın geosiyasi maraqlarını əsas gətirərək Prezident İlham Əliyevlə əlaqə saxladı. Müzakirələrdən sonra cənab İlham Əliyev ciddi və məsuliyyətli dövlətin Prezidenti kimi yaranmış vəziyyəti təhlil etdi. 

Həm də cənab İlham Əliyev hümanist dəyərlərə söykənərək Azərbaycanın dövlət maraqlarının da əks olunduğu atəşkəs bəyanatının imzalanmasına razılıq verdi. Belə qərara gəlindi ki, Xankəndində, Ağdərədə və digər ərazilərimizdə gələcəkdə azərbaycanlılar və ermənilər arasında xoşagəlməz halların yaranmaması üçün Rusiya sülhməramlıları yerləməlidir. 

Təbii ki, azərbaycanlılar və ermənilərin birgəyaşayışı təmin olunandan sonra bu sülhməramlılara ehtiyac qalmayacaq. Əslində, Rusiya sülhməramlılarının vəzifəsi bu funksiyanı yerinə yetirməkdir. 

Çox təəssüf ki, sülhməramlılar üzərlərinə düşən vəzifəni yerinə yetirmir. Yəni, Azərbaycanın Qarabağ ərazisində gizlənən və möhkəmlənən erməni silahlı qruplaşmaları hələ də mövcuddur. Bir neçə gün öncə Xocavənddə baş vermiş insident buna misaldır".

Deputat qeyd edib ki, Rusiyanın Müdafiə Nazirliyi sülhməramlıların hərəkət və fəaliyyətinin trayektoriyasını özündə əks etdirən, saxta xarakter daşıyan və ermənilərin məqsədinə xidmət edən xəritələr yaymaqdadır:

"Düşünürəm ki, bu cür hallar qətiyyən yolverilməzdir. Həmin xəritələr kağız parçası kimi kənara tullanılmalıdır. 

Digər tərəfdən isə sülhməramlıların birinci vəzifəsi Dağlıq Qarabağdakı qondarma rejimin nəzarətində olan 300-500 nəfərlik silahlı dəstələrin tərkisilah edilməsi və onların Azərbaycan ərazilərindən çıxarılması idi. 

Təəssüflər olsun ki, Rusiya sülhməramlıları hələ də bunu etməyiblər. Əksinə, sülhməramlılar erməniləri himayə edir, onlarla görüş keçirərək onların əski parçalarını "bayraq" kimi yayırlar. 

Sülhməramlı qüvvələrin generalı cinayətkar xunta başçısı Arayik Harutyunyanın otağına gedərək onunla şəkil çəkdirir və bu görüntülərin sosial şəbəkələrdə yayılmasına imkan verir. 

Məlumatlar var ki, Laçının bəzi kəndlərindən hələ də silahlı ermənilər çıxmaq istəmirlər. Bəs sülhməramlı qüvvələr nə üçün üzərlərinə düşən missiyanı yerinə yetirmək istəmirlər? Nə üçün ermənilərin kaprizi ilə oynayırlar?".

F.Ağamalının sözlərinə görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağda Azərbaycanla razılaşmadan özbaşına hərəkətlər edirlər, terrorçu Arayik Harutyunyanla mütəmadi görüşlər keçirirlər və erməniləri birmənalı şəkildə himayə edirlər:

"Bu sülhməramlı qüvvələrin missiyasına qətiyyən uyğun deyil. Sülhməramlı qüvvələr xaricdən gətirilərək Qarabağa məskunlaşdırılmış erməniləri yenidən İrəvanda avtobuslara mindirib Xankəndinə daşıyır. Mən bunu anlaya bilmirəm ki, həqiqətənmi sülhməramlı qüvvələrin missiyasına bu aiddir? 

Kim gəlmək istəyir gəlsin, gəlmək istəməyən də gəlməsin. Axı nə üçün sülhməramlı qüvvələr maraqlıdır ki, o ermənilərin hamısı Xankəndinə qayıtsın? 

Hətta, o ermənilərin içərisində terrorçular və xarici vətəndaşlar da var. Rusiya sülhməramlıları isə pulsuz avtobuslarla erməniləri Xankəndinə daşıyır. Ermənilər üçün evlər tikirlər, təmir edirlər. Bu missiya sülhməramlıların səlahiyyətinə qətiyyən aid deyil. Rusiya xüsusi hümanitar mərkəz yaradaraq ən aparıcı nazirliklərini ora daxil edir. 

Axı Rusiya Xarici İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin bu missiyada nə işi var? Rusiya sülhməramlıları tamamilə xankəndinin yiyəsi kimi çıxış edir. Bu onların səlahiyyətinə aid deyil, sülhməramlılar səlahiyyət həddlərini aşırlar. Bütün bunlar Azərbaycan xalqı tərəfindən böyük etirazla qarşılanır. 

Eyni zamanda bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil. Bütün bu davranışlar artıq Azərbaycan cəmiyyətində Rusiya Federasiyasına qarşı ciddi narazılıqlar yaratmağa başlayıb. Ona görə də Rusiyanın rəsmi şəxsləri sülhməramlıların Azərbaycan ərazilərində bu cür davranışlarını davam etdirməsinə son qoymalıdırlar. Bu, Azərbaycan xalqının mütləq əksəriyyətinin birmənalı mövqeyidir. 

Düşünürəm ki, Milli Məclisin deputatı olaraq bizim də bununla bağlı söylədiklərimiz tamamilə xalqımızın iradəsinə əks etdirir". 


Vaqif Hüseynli
Demokrat.az     


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top