Partiya sədri: "Ramiz Mehdiyev və onun komandası Türkiyə ilə Azərbaycan dostluğunu qəbul etmir"

GÜNDƏM 05 dek 2020, 17:03
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı qalmaqallı müsahibə verib. Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

Bununla bağlı konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, nə qədər ki, Ramiz Mehdiyev həbs edilməyib, onun komandası çox aktiv şəkildə fəaliyyət göstərəcək.

Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin başında 5-ci kolon dayanırdı. Ukraynadakı səfir Elmira Axundova quş buraxaraq bildirdi ki, Türkiyənin bu müharibədə heç bir xidməti yoxdur. Polad Bülbüloğlu prezidentin əleyhinə gedərək, Qarabağa status müəyyən etdi. Babası bolşeviklərin satqını olan Rasim Musabəyov isə qardaş Türkiyənin ünvanına çox yersiz və xoşagəlməz ifadələr işlətdi. Bu da 5-ci kolonun düşünülmüş addımlarıdır. Yəni Türkiyə ilə münasibətləri pozmağa çalışırlar. Amma buna nail olmayacaqlar. Çünki Azərbaycan xalqı türk milləti ilə dost, qardaşdır”.

Partiya sədri bildirib ki, Rasim Musabəyov Ayaz Mütəllibovun yanında işləyəndə də satqınlıqla məşğul idi və təcili olaraq Milli Məclisdən qovulmalıdır:

“Düşünürəm ki, parlament buraxılmalı və yenidən seçkilər keçirilməlidir. 44 günlük Vətən müharibəsində bəzi deputatlar var ki, Ali Baş Komandanın yanında olmadı. Görünən odur ki, Ramiz Mehdiyev və onun komandası Türkiyə ilə Azərbaycan dostluğunu qəbul etmir. Onlar düşünürlər ki, Rusiya ordusu Azərbaycana gəlibsə, yenidən fəallaşacaqlar.  Bu da mümkün deyil. Harada başlarını qaldıracaqlarsa, orada burunlarını ovacağıq”.

Hafiz Hacıyev vurğulayıb ki, Rasim Musabəyov kimilərini kim küçədə görürsə, üzünə tüpürməlidir:

“O, qınaq obyektinə çevrilməlidir. Nə qədər ki, Türkiyə Ordusu Azərbaycana gəlməyib, biz çox narahatıq. Ramiz Mehdiyev və komandası düşünməsin ki, türk qardaşlarımızı küsdürəcək. Bu, mümkün deyil. Biz türk qardaşlarımızla birlikdə Ali Baş Komandanın ortaya qoyduğu ideyaları həyata keçirəcəyik. O, heç Azərbaycan dilini də düz əməlli bilmir. Ayaz Mütəllibovun dövründə pəltələyə-pəltələyə Azərbaycanı satdı. Biz Rasim Musabəyov kimilərə qarşı mübarizəmizi sona qədər davam etdirəcəyik. Kim cənab prezidentin yanındadırsa, o, bizim dostumuz, olmayan isə düşmənimizdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top