“Ordumuz hansısa zəif düşmən üzərində qələbə qazanmayıb” Arzu Nağıyev

SİYASƏT 03 dek 2020, 21:18
"Heç kim Azərbaycan Ordusunun qalibiyyətini hansısa zəif düşmən üzərində qazanılmış qələbə kimi təqdim edə bilməz”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, son 30 ildə Ermənistan işğal olunmuş ərazilərimizdə nəhəng hərbi istehkamlar qurmuş, həddən artıq hərbi texnika və silah-sursatı qondarma qurumun ərazisinə toplamışdı:

“44 günlük Vətən Müharibənin gedişatı, azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya götürülmüş hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Məsələ ondan ibarətdir ki, Ermənistan büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Hesablamalar göstərir ki, Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü silah-sursatın dəyəri 3 milyard dollardan yuxarıdır. Yəni Ermənistanın nə dövlət büdcəsi, nə də hərbi xərcləri işğal etdiyi ərazilərə bu qədər silah-sursatı toplamağa imkan vermir. Deməli, onların arxasında çox ciddi havadarları durur.

Həmçinin müəyyən beynəlxalq qurumların və maliyyə təşkilatlarının marağında idi ki, gələcəkdə təmas xətti sərhəddə çevirsin. Azərbaycanın gücü ondan ibarət oldu ki, bu təmas xəttini darmadağın etdi və onların hazırladığı status-kvonu dəyişdi”.

Arzu Nağıyev onu da vurğulayıb ki, nə qədər Ermənistanı zəif bir dövlət kimi təqdim etməyə çalışsalar da, Azərbaycanın qarşısında ermənilik deyilən ciddi bir düşmən var idi:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, biz erməniliyin sonuna çatdıq, erməniliyi məhv etdik. Çünki bu qədər hərbi texnikanı cılız və iqtisadi inkişafı olmayan, eyni zamanda iqtisadiyyatı tənəzzülə uğramış bir dövlət ala bilməzdi. Ona görə də heç kim Azərbaycan Ordusunun qələbəsini hansısa zəif düşmən üzərində qazanılmış qələbə kimi təqdim edə bilməz. Azərbaycan çox güclü terrorçu dəstələrinin, dünya terror təşkilatlarının üzvləri üzərində qələbə qazanıb. Bu, əsas məqamlardan biridir.

Azərbaycan bu proseslərdə çox müasir texnika və texnologiyadan istifadə edib. Ölkəmiz kadr potensialına uyğun olaraq Ermənistanı məğlub olmağa məcbur qoyub və onları dünyada məğlub ölkə kimi tanıdıb”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top