“Ağ ev”in qara günləri bitdi — FOTOLAR

GÜNDƏM 20 noy 2020, 16:35
Qarabağın tək bir rayonunun misalında nələri itirdiyimizi, 30 ilə yaxın müddətdən sonra nəyi qazandığımızı görmək mümkündür
 
 
Ağdam rayonunun işğaldan azad olunması, ilk növbədə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanatın qrafik üzrə həyata keçirildiyini isbat edən mühüm məqamdır. Çünki Rusuya tərəfinin xahişi ilə Kəlbəcərin relyefi nəzərə alınaraq, bu rayonun boşaldılması qrafikində texniki dəyişiklik edilib və proses 10 gün uzadılıb. Ağdamın bəyanatda əksini tapan tarixdə Ermənistan tərəfindən boşaldılması sənədin icrası ilə bağlı müəyyən şübhələri tam aradan qaldırdı. Artıq bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və ərazi Azərbaycan ordu hissələrinin tam nəzarətindədir. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması, Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.
 
Digər mühüm məqam Ağdamın itkisiz azadlığa qovuşmasıdır. Bu rayon uğrunda birinci Qarabağ savaşında gedən döyüşlərdə xeyli sayda itkilərin olduğu danılmaz faktdır. İndi Azərbaycan Ordusunun heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil olması 44 günlük zəfərimizin məntiqi davamıdır. Nəzərə almaq lazımdır ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bura bir neçə müdafiə xəttindən ibarət olmaqla, müasir standartlar tətbiq edilməklə hazırlanıb.  Ona görə də bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Məhz Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü bu variantı heçə endirdi. Ermənistan kapitulyasiyaya və digər əraziləri boşaltmağa məcbur qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. 
 
Digər işğal altında ərazilərimiz kimi Ağdam rayonu da ermənilərin sərhəd tanımayan vəhşiliyindən nəsibini alıb. Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biri olan Ağdamın bütün infrastrukturu, məşhur bunaları dağıdılıb.  
 
 
Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyan bir ərazidir. Burada vaxtilə Qarabağ xanı Pənahəli xanın inşa etdirdiyi ağ daşlardan ibarət yay sarayı yerləşir. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.
 
 
Ağdam ərazisinin qədim insanların yaşayış məskənlərindən biri olduğunu Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar sübuta yetirib. Ağdamda qədim mədəni-tarixi abidələrin sırasına Xındırıstan kəndində yеrləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri və s. daxildir.
 
 
Bütün bu memarlıq incilərinin əksəriyyəti işğal dövründə düşmən tərəfindən məhv edilib. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın olunub. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
 
 
Qeyd edək ki, Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. 
 
 
Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam cümə məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
 
 
Rayon ərazisində yerləşən tarixi abidələri saymaqla bitməz.  Burada Elxanilər dövrünün xatirə memarlığının dəyərli yadigarı, xalq arasında “Sarı Musa türbəsi” adlanan abidə də yerləşir. Abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub. 
 
 
Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri Cümə məscidi mövcuddur. Bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. 
 
 
Qədim tariximizin bütün dəlilləri 1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində saxlanılırdı. Belə ki, rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunurdu. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.
 
 
Erməni vəhşiliyi bununla bitməyib. Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər  olub. Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyub və muzeydə olan 1500-dək eksponat yanaraq məhv olub.
 
 
Ağdam rayonunun işğala məruz qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi kitabxanası və 67 kitabxana filialı tamamilə məhv edilib, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşüb. 
 
 
Qarabağın mədəniyyət beşiyi olan Ağdam coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün əlverişli şəraiti ilə də fərqlənir. Ağdamda 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.
 
 
S/s Yataqların adı Yatağın növü Təsdiq edilmiş ehtiyatı
 
 
1 Gülablı üzlük daşı 3999 min m3
2 Şahbulaq sement xammalı 64767 min m3
3 Çobandağ sement xammalı 140464 min ton
19981 min ton
4 Boyəhmədli sement xammalı 44708 min ton
5 Şahbulaq I sement xammalı 25197 min ton
6 Qarqarçay-I qum-çınqıl 17500 min m3
7 Xaçınçay qum-çınqıl 12099 min m3
8 Qarqarçay-II qum-çınqıl 7289 min m3
9 Ağdam gil 1599 min m3
10 Qarqarçay dərəsi şirin su 39.3 min m3/gün
11 Qarqarçay dərəsi (Ağdam) şirin su 38.4 min m3/gün
12 Şelli üzlük daşı 3600 min m3
13 Burundağ üzlük daşı 3700 min m3
14 Çəmənli-I gil 2208 min m3
15 Çəmənli-II gil 2304 min m3
 
 
Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi.
 
 
Bütün bunlar nələri itirdiyimizi, 30 ilə yaxın müddətdən sonra nəyi qazandığımızı bir daha göz önünə sərgiləyir. Erməni işğalının və vəhşilyinin qurbanı olan Ağdamın ağ günləri qabaqdadır. Azərbaycan dövlətinin iqtisadi qüdrəti tezliklə bu rayonda da bərpa işlərinin aparılmasına imkan verir və bu rayonun tezliklə dirçəldilməsinin, öz tarixi simasına qovuşmasının şahidi olacağıq.
 
 
Elman Babayev
Əməkdar jurnalist


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top