
Torpaq qədər müqəddəs, vətən qədər uludur o zirvə... Adına Şəhidlik deyirlər! Torpağın altındaykən bayraq qədər ucada olmaq, ölmək yox, ölümsüzləşməkdir şəhidlik.. Vətən olub, torpağa qarışmaqdır.
Bəhruz Hüseynovun da qismətinə şəhidlik yazılmışdı. 1994-cü il yanvar ayının 17-də Salyanın 1-ci Varlı kəndində anadan olub şəhidimiz. Orta təhsilini Yolüstü kənd məktəbində başa vuran qəhrəmanımız 2011-ci ildə Azərbaycan Texniki Universitetinin mexanika mühəndisliyi fakültəsinə daxil olub. 2015 ci ildə hərbi xidmətə yollanan Bəhruz Hüseynov tank taborunda tuşlayıcı mexanik vəzifəsini icra edib. Hələ 2016-cı ildə aprel döyüşləri başlanan ilk günlərdən Tərtər rayonu istiqamətindəki ağır döyüşlərdə bölük yoldaşları ilə birlikdə iştirak edib. Hələ o zamanlardan şəhid olmağı gözünə almışdı o.
Döyüşlərdə göstərdiyi şücaətinə görə öz komandirləri arasında böyük hörmət və ehtiram qazanır. 2016-cı ildə hərbi xidmətini başa vuraraq ordudan təxris olunub. Lakin Qarabağ uğrunda döyüşlər başlayanda orduya çağırılır və döyüş bölgəsinə göndərilir. Füzuli istiqamətində başlanan ağır döyüşlərdə iştirak edərək irəliləyən Bəhruz düşmənin hərbi texnikalarının, canlı qüvvələrinin məhv edilməsinə fəal iştirak edir. Tankçı və tuşlayıcı mexanik olduğu üçün düşmən mövqelərinin dəqiq təyin edilməsində xüsusi bacarıq göstərir.
Oktyabr ayının 19-da Zəngilan rayonu istiqamətində gedən ağır döyüşlər zamanı bir neçə yoldaşı ilə qrad zərbəsi nəticəsində qəhrəmancasına şəhid olur.


