İstiliyin verilişi normadan aşağı olsa, abonentdə kompensasiya VERİLƏCƏK — YENİLİK

SOSİAL 29 aprel 2025, 14:03
“İstehlakçı hər zaman haqlıdır” deyilsə də, reallıqda bunu çox az hallarda görürük. Xidmət təşkilatları ikili münasibətdə birmənalı şəkildə dominantdır və öz şərtlərini istehlakçıya qəbul etdirir.

Məsələn tez-tez qazın, elektrik enerjisinin verilişində fasilələr yaranır. Amma bu fasilənin abonentə vurduğu maddi və mənəvi ziyan ikinci planda qalır. Bundan əlavə, həm istilik, həm qaz, həm də elektrik enerjisi çox zaman tələb olunan səviyyədə verilmir. İşıq lampaları bəzən közərir, qazın ancaq işartısı olur, istiliyi isə ancaq radiatora toxunanda hiss edirsən. Təbii ki, bütün bunlar da xidmət təşkilatları ilə abonentlər arasında davamlı narazılıq yaradır.

Nəhayət ki, bu problemin həlli istiqamətində ölkəmizdə bir ilkə imza atılır.

Belə ki, istilik enerjisi istehlakçısı istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək hüququna malik olacaq.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsində əksini tapıb.

Yeni qanun nəyi dəyişəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemindən faydalanan abonentlərin sayı çox aşağıdır:

“Sovetlər dönəmində bu göstərici daha yüksək idi. Görünən odur ki, hökumət “Azəristiliktəchizat” ASC-nin fəaliyyətini stimullaşdırmaq üçün belə bir qərara gəlib. Təbii ki, bu təqdirolunası haldır. Çünki heç də bütün istehlakçılar tələb olunan səviyyədə istilik ala bilmir.

Ona görə də yeni qanunvericilik həm satıcı şirkətin məsuliyyətini artıracaq, həm də daha çox istehlakçını bu xidmətdən istifadəyə təşviq edəcək.

Amma burda bir məsələ açıq qalır. Bilinmir ki, qanun “Azəristiliktəchizat”ASC-yə, yoxsa bütün istilik xidməti göstərən təşkilatlara şamil olunacaq? Nəzərə alaq ki, çoxmərtəbəli binaların çoxunun avtonom qazanxanaları var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 19:30
Top