Kəlbəcərdəki erməni vandallığı Çin mətbuatında

SİYASƏT 16 noy 2020, 00:34

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vandallıqlar barədə məqalə yerləşdirilib.

 

Demokrat.az xəbər verir ki, məqalədə Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri tərəfindən imzalanmış bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycana qaytarılmalı olan Kəlbəcər rayonunda sonradan məskunlaşmış ermənilərin yaşadıqları evləri yandırmalarından, dam örtüyü də daxil olmaqla tikinti materiallarını söküb aparmalarından söz açılıb.

 

Qeyd olunub ki, Azərbaycanın hüquqi ərazisi olan Kəlbəcər 1994-cü ildə başa çatan müharibə nəticəsində ermənilərin nəzarətinə keçib. Amma bu il sentyabrın sonunda başlayan döyüşlərin gedişində Azərbaycan davamlı hərbi uğurlar əldə edib ki, bunların da kulminasiyası strateji vacib mövqeyi və Azərbaycan mədəniyyətində həssas yeri olan Şuşa şəhərinin azad edilməsidir. Bundan sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri atəşkəs barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistanın işğalı altında olan ərazilər Azərbaycana qaytarılacaq. Artıq Kəlbəcərdən Ermənistana gedən yolda kilometrlərlə uzanan avtomobil karvanı yaranıb.

 

Məqalədə 1994-cü ildə başa çatmış döyüşlər nəticəsində yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin düşdükləri bildirilib. Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılması ilə öz evlərinə qayıdacaq sakinlər yanmış, xarabalığa çevrilmiş evlərlə qarşılaşacaqlar. Qarşıdakı günlərdə Azərbaycana qaytarılmalı olan və vaxtilə minlərlə sakinin yaşadığı Ağdam birinci müharibədə dağılması və ya sonradan qarətçilərin binaların tikinti materiallarını söküb aparması nəticəsində xarabalığa çevrilib.

Məqalədə Azərbaycanın Baş Prokurorluğuna istinadla qeyd olunub ki, Füzuli rayonunda mina partlaması nəticəsində bir nəfər ölüb, digəri isə ağır dərəcəli bədən xəsarəti alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top