Qərbin “demokrat” Paşinyanı

GÜNDƏM 13 noy 2020, 10:59

Məğlubiyyətin “dadını çıxardan” Ermənistanda tam bir xaos hökm sürür. Ölkəni etiraz mitinqləri bürüyüb, həbslər başlayıb. Bu proseslər düşmən ölkədə guya demokratiya dalğası ilə hakimiyyətə gəlmiş Paşinyan hökumətinin əsl sifətini bir daha çılpaq şəkildə nümayiş etdirməkdədir. Artıq Ermənistanın baş naziri qurduğu diktatura rejimini demokratiya pərdəsinə bürüyüb gizlədə bilmir. Ermənistanın yaşadığı fəlakətin əsas baiskarı olan Paşinyan onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, həmçinin onlara qarşı müxtəlif təzyiqlər və təhdidlər həyata keçirdir. Ermənistanda Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10-dan artıq müxalifət lideri saxlanılıb və müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etməkdə, dövlət sirrini açıqlamaqda təqsirləndirilir.


Paşinyan amansız repressiyalara əl ataraq, bu yolla ölkə daxilində artan narazılıq və xalq qəzəbini söndürmək niyyətindədir. “Demokrat” Paşinyan iqtidarı müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidlərini cəmiyyətə “milli xəyanət” kimi təqdim edir. Paşinyanın “demokratiyası” o həddə  çatıb ki, Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi, yayımlanması qadağan edilib.


Paşinyanın indiki davranışları heç də müharibədə üzləşdiyi məğlubiyyətlə bağlı deyil. Əslində Ermənistanda “demokratik inqilab” dalğası ilə iqtidara gələn Paşinyan hakimiyyətinin mayası ilk gündən diktatura ilə yoğrulub. Belə ki, Paşinyan hakimiyyətinin  7-ci ayında “demokratik islahatlara” başlamışdı. Bunun nəticəsində siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi.  


Paşinyan “islahatları” davam etdirərək hakimiyyətdə olduğu 2 il ərzində “korrupsiyaya qarşı mübarizə”yə başladı və bu ad altında siyasi rəqiblərini sıradan çıxartmağa nail oldu. Ermənistanın keçmiş prezidentlərdən biri həbs edildi, digərinə qarşı cinayət işi qaldırıldı. Aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyan bu gün də həbsdədir. 


Paşinyanın bu davranışlarını Qərb dairələri həmişə görməzdən gəldilər. Bu heç də təsadüfi deyildi. Qərbin öz adamı kimi hakimiyyətə gətirdiyi şəxslərin qeyri-insani addımlarına göz yumması ənənəyə çevrilib. Paşinyan da belələrindəndir. Məhz Qərb dairələri Sorosun adamı olan Paşinyanı Ermənistanda demoktarik şəxs kimi qələmə verirdilər. 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Paşinyanı isə “demokrat lider” kimi təqdim edirdilər. Amma Paşinyan cəmi 2 ilə Ermənistanda demokratiyanın olan-qalan işartılarını belə məhv etməyi bacarıb. Ermənistan sözün bütün mənalarında kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. Vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur, hakimiyyəti, hətta bələdiyyələrə belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir, sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalıqlarını, cinayətlərini tənqid edə bilmirlər. Burada hansı demokratiyadan söz açmaq olar? 


Amma Qərb, onun demokratik institutları, insan haqları təşkilatları ötən 2 ildə Paşinyan iqtidarının bu davranışlarına qarşı heç bir tənqidi mövqe sərgiləməyib. İndinin özündə də Paşinyan Qərbin gözündə “toxunulmaz” şəxsdir.


Bəlkə də zamanında Paşinyanın qeyri-demokratik addımlarına qarşı cəza tətbiq olunsaydı, o, növbəti daha böyük cinayətlərə əl atmaz, hərbi cinayətlərə də yol verməzdi. 


Deməli, bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan məsuliyyət daşımır. Bütün bunlarda Paşinyana hakimiyyət kürsüsünə qalxması üçün hər cür dəstək verən, sonradan onun bütün cinayətlərinə göz yuman Qərb dairələri, təşkilatları da məsuliyyət daşıyırlar.


Bir anlıq təsəvvür edin ki, Ermənistanda baş verənlərin bir neçəsi Azərbaycanda yaşanır. Dərhal bütün Qərb instutları hərəkətə gətirilər, Azərbaycanın əleyhinə davamlı bəyanatlar verilərdi. 

 
Bu gün Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması tam bir susqunluqla qarşılanır. Heç kim bunu “görmür”.  Dünyada ikili standartlar, ədalətsizlik, selektiv münasibət ən iyrənc şəkil alıb. 


44 günlük müharibə zamanı Prezident İlham Əliyevdən müsahibə götürən Qərb mediası feyk məlumatlar əsasında ölkəmizdə demokratiya, insan haqları ilə bağlı ittiham xarakterli suallar verirdilər. Hətta Almaniyanın ARD kanalı irəli gedərək yalan məlumatlar əsasında Azərbaycanda müharibə dönəmində bir nəfərin sülh tələb etdiyinə görə həbs olunması barədə sual verdi. Azərbaycan Prezidentinin ad tələb etməsindən sonra bunun yalan olduğu anındaca üzə çıxdı. Həmin beynəlxalq media bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri niyə görmür? Paşinyan kimi alçalmış bir  adama bu barədə sual verməyə özlərində cəsarət tapmayanların Azərbaycana qarşı səlib yürüşünün səbəbi nədir?


İllərdir Azərbaycan Prezidentinə xarici mediada hər cür böhtan atılır. Bunun başlıca səbəbi demokratiya, filan deyil. Səbəb Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri almaq üçün sistemli mübarizəsi idi. Azərbaycanı ləkələmək, güclənməsinin qarşısını almaq, ölkənin mənfi imicini yaratmaq üçün hər cür yola baş vurulurdu. 


Bunu illərdir sifariş edənlərin əsl kimlikləri, simaları gün kimi ortadadır. Bu gün Ermənistan haqq işi uğrunda mübarizə aparan Azərbaycanın qarşısında diz çöküb, düşmən ölkə xaosa sürüklənib, iqtisadiyyatı çöküb. İndi bu dairələr işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hərəkətə keçiblər. Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs olunmur. Hansısa Qərb mediasının bu hadisələrdən obyektiv nəsə yayımlamasına imkan verilmir, bunu edənlərə təzyiqlər olunur. Əvəzində Azərbaycana və onun liderinə qarşı uydurmaları davam etdirmələrinə şərait yaradılır. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

 

Elman Babayev
Əməkdar jurnalist

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top