GƏNCƏ — QƏHRƏMAN ŞƏHƏRDİR!

GÜNDƏM 20 okt 2020, 08:50

Gəncənin küçələrindən fərqli olaraq, bura qələbəlikdir. Evin qabağında maşınlar, həyətdə xeyli adam var. Heyif, sizə bəlli olan səbəblərdən geniş panoram verə bilmirəm. Gücü tək dinc əhaliyə çatan düşmən, bəlkə, növbəti zərbə üçün yer axtarır. Ancaq darvazanın ağzında bir qrup insanla şəklimizi çəkdiririk. Burada darvazalar bir-birinə oxşayır. Çoxundan da bayraqlar və şüar asılıb: “Bizimkilər qorxmuyor, naoborot, qızışıyor!”

 

Müzadil Həsənov evini boşaldıb, ailəsini köçürüb, mülkünü cəbhəyə yardım toplamaq üçün qərargaha çevirib. Həyətdə nələr yoxdur! Generatorlar, əlcək kisələri, bellər, külünglər, yorğan dəstləri, alt paltarı bağlamaları, su kassetləri… Jurnalistlər qaynaşırlar… Qonşular tava-tava yemək bişirib gətirirlər… Gəncəlilər maşın yükləyirlər… Bir ucdan boşalan həyət, bir ucdan dolur. Hər şey cəbhə üçün!


– Bu saat cəbhədə nəyə ehtiyac duyulduğunu bilirik, – Müzadil deyir. – Bir ayağımız oradadır. Dövlət nə lazımdırsa, orduya verir. Ancaq yardım heç vaxt artıq olmaz! Pul götürmürük, gərək olanları deyirik, camaat gətirir. Biz də aparıb orduya təhvil veririk.


***


Oktyabrın 17-də Ermənistanın SCUD raketi ilə vurduğu yerə bizi ərazidə növbə çəkən əsgərlər ötürürlər və ehtiyatlı olmağı, divarlara yaxın getməməyi xahiş edirlər. Biz stadion üçün ayrılmış boş sahənin yanından keçirik. Raket bura, əllicə metr şərqə doğru düşsəydi, ağır fəlakət olmazdı. Ancaq düşmən haranı nişan aldığını bilir.


Təxminən beş metr dərinliyində quyunun ətrafında adam çoxdur. Əksəriyyəti də jurnalistdir. Türk televizionçuları, bizim müxbirlər… Həmkarımız Ümid Rəhimoğluya rast gəlirik, özü ilə Bakıdan “Əl-Cəzirə”nin çəkiliş qrupunu gətirib.


Quyunun ətrafında, 30 metr radiusda yalnız daş-dəmir qalağı, şifer-taxta parçalarıdır. Ondan o tərəfə – qərbə, cənuba və şimala doğru isə evlərin pəncərələri yoxdur, talvarlar çöküb, damlar deşik-deşik olub.


Bir qadın bacısı oğlanları ilə uçqunun altından çıxarılmış yorğan-döşəyini yığır. Türk jurnalistləri onun harada qaldığını soruşurlar.


– Bacımgildə qalırıq. Hökumət yer verdi, istəmədik. Ev-eşik dərdi çəkmirəm, qonşularım tələf oldu. Elə gözəl insanlar idilər… Mən belə qonşuları hardan tapacam… Qoy olsun! Təki bizə dəysin, əsgərlərimizə dəyməsin. Allah onları qorusun! İki oğlum cəbhədədir. Heyfimizi düşmənlərdən çıxarlar!

 

Texnika, Fövqəladə Hallar nazirliyinin əməkdaşları jurnalistlərin işləyə bilməsi üçün əl saxlayıblar. Mən də rast gəldiyim hər əşyanın sahibinin taleyini düşünə-düşünə bir neçə şəkil çəkirəm.


***


Üç həftədir ki, Azərbaycanda bütün iç sədlər, bütün bölgüçülük aradan qalxıb. Bax, budur həsrətində olduğumuz birlik! İki həftə əvvəl hamımız Cəbrayıllı idik, bir həftə əvvəl Füzulili idik, bu gün hamımız Gəncəliyik. Biz bura insanlara arxa olmağa, ruh verməyə gəlmişdik, özümüz ruh alıb gedirik. Yolda Vaqif Gərayzadə deyir:


– Gəncəyə, Cavad xanın diyarına, müstəqil Azərbaycanın ilk paytaxtına, bu gün erməni zərbələri qarşısında mərdliklə dayanan şəhərə qələbədən sonra “Qəhrəman şəhər” adı verməliyik.


Yüksəl Bağırov da, Elçin Şıxlı da, Qulu Məhərrəmli də, mən də razılaşırıq.


***


Bakıda artıq komendant saatı başlayıb. Maşınımı redaksiya binasının həyətindən götürüb evə gedirəm. Yüz metr keçməmiş birinci postda saxlayırlar. İcazəmi kağızımı, maşının içini yoxlayırlar. Şəxsiyyət vəsiqəmi qaytarmazdan əvvəl zabit nədənsə haradan gəldiyimi soruşur.


– Gəncədən gəlirəm.


– Necədir gəncəlilərin vəziyyəti?


– Möhkəmdirlər.


– Gəncə həmişə möhkəm olub, – deyə zabit vəsiqəmi qaytarır.


Arif Əliyev (pressklub.az)

 

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top