“Bildirdi ki, sənədləri nazirin stolunun üstündədi, bütün pulları vəzifə üçün sərf edəcək” — Sabiq məmurdan ŞOK SÖZLƏR

SİYASƏT 04 apr 2020, 13:36

Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işlmiş Ramil bayramovun dələduzluqla üzləşməsi barədə məlumat vermişdik.

 

Qeyd etmişdik ki, o, 1985-ci il təvəllüdlü Ayaz Məhərrəmov tərəfindən aldadılıb. Ayaz Məhərrəmov biznes qurmaq adı ilə tanışı Azadi Paşayev ilə birlikdə Ramil Bayramovu aldadıb və onun 1 milyon manata yaxın pulunu ələ keçirib. Ramil Bayramov Ayaz Məhərrəmovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

 

Demokrat.az Ramil Bayramovun cinayət işi üzrə verdiyi ifadəsini əldə edib.

 

Yazının əvvəlini buradan oxumaq olar:  http://demokrat.az/news/34010

 

Ramil Bayramov ifadəsində göstərib ki, 1993-cü ildən 2009-cu ilə kimi Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işləyib: “Təxminən 1993-cü ildən Paşayev Azadi Paşa oğlu ilə tanış oluşam. Azadi mənimlə birlikdə qeyd olunan idarədə işləyib. 2009-cu ildə Azərbaycan respublikası Prezidentinin sərancamına əsasən işlədiyimz idarə Əmlak komitəsinə birləşdirilib və əməkdaşlar işdən azad olunub”.

 

“Mənzili kirayə verərək ailəmi dolandırırmışam”

 

Zərərçəkmişin sözlərinə görə, onun Azadi ilə dost münasibətləri yaranıb və ailəlikçə bir-birilərinin evinə gedib-gəliblər: “Mənə və ailəmə məxsus Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 47 A ünvanında yerləşən, 18 nömrəli 4 otaqlı mənzili olub. Həmin mənzili ayda 800 manata kirayə verərək ailəmi dolandırırmışam. Bu barədə Azadinin də məlumatı olub. Ayaz Məhərrəmov isə 2008-ci ildə Azadinin vasitəsi ilə tanımışam. Ayaz Azadinin “Layf sentr” adlanan binada olan mənzilini təmir edirib və orada işləyən ustalara nəzarət edib. Həmin vaxt Azadi Ayazla məni tanış etdi və Ayazı tərifləyərək mənə böyük oğlu kimi təqdim etdi. Təxminən 2012-ci ilin sentyabr ayında Azadi mənə təklif etdi ki, mənzilimi satım və əldə olunmuş pulu Azadiyə verim ki, Azadi məşğul olduğu biznes fəaliyyətini genişləndirsin, əldə olunmuş qazancdan hər ay mənə mənzili kirayə verdiyim puldan qat-qat artıq qazanc versin. Həmin vaxt Azadi məndən 100.000 ABŞ dolları pul istədi. Həmçinin Azadi mənə bildirdiki, verdiyi pulu geri istəsəm, lazım olan vaxt bir həftə öncə bu barədə bildirim və Azadi də deyilən vaxt pulu qaytaracaq. Azadinin təklifini öz evimdə yoldaşım ilə müzakirə etdim və Azadiyə inandığımız üçün təklifi qəbul etdik”.

 

“İnandığım üçün razılaşdım”

 

Ramil bayramov bildirib ki, təxminən 2012-ci ilin oktyabr ayında mənzildə yaşayan kirayəşinləri mənzildən çıxarıb və mənzili 196.000 ABŞ dollarına satıb: “Mənzilini satmaq barədə Azadiyə bildirdi. Təxminən 2012-ci ilin dekabr ayının son günlərində Nərimanov parkında Azadi ilə görüşdük. Azadi mənə bildirdi ki, sement və digər tikinti materiallarının alqı-satqısı ilə məşğul olur, özündə olan vəsaiti həmin işə yatırıb və mənə də təklif etdi ki, 100.000 ABŞ dolları pul verim, həmin pulu gördüyü işə yatırtsın və hər ay mənə 6.000 manat qazancdan pul verəcəyini bildirdi. Mən də  Azadiylə 1993-cü ildən dostluq etdiyim və inandığım üçün onunla razılaşdım. Təxminən dekabrın 26-da 100.000 ABŞ dolları pulu Azadiyə verdim. Həmin vaxt evdə olan pulu yoldaşım Fərqanə gətirib mənə verdi və mən də həmin pulu Azadiyə verdim. Pulu Azadiyə verərkən qızım Leylada evdə olub və bu barədə məlumatlı olub”.

 

“Bildirdi ki, pulu Ayaz götürəcək”

 

Ramil Bayramov qeyd edib ki, təxminən 2013-cü ilin yanvar ayının əvvələrində o, oğlunun yanında xaricdə olarkən Azadi “Skayp” vasitəsilə oğlu Ənvərə zəng edib: “Mənimlə danışaraq bildirdi ki, iş üçün əlavə pul lazımdır və mənzilinin satışından qalan 96.000 ABŞ dollarınıda ona verməyimi xahiş etdi. Yanvar ayının sonunda 6.000 manat qazancı üstünə qoyaraq tam pulumu qaytaracağını bildirdi. Xaricdə olduğum üçün Azadiyə dedi ki, həmin pulu yoldaşım Fərqanədən götürsün. Həmçinin Azadi mənə bildirdi ki, pulu Fərqanədən Ayaz götürəcək. Sonra Fərqanəyə “Skayp” vasitəsilə zəng vurdum və dedi ki, Azadiyə yenə pul lazımdır, Azadi Ayazı göndərəcək, evdə olan 96.000 ABŞ dollarını Ayaza verərsən. Yanvarın 15-də Fərqanə mənə zəng vurdu və bildirdir ki, Ayaz gəlib evdən 96.000 ABŞ dollarını götürüb”.

 

“Kamaləddin Heydərovun xalası qızının əri ilə işlər gördüyünü dedi”

 

Ramil Bayramovun sözlərinə görə, 2013-cü ilin yanvar ayının sonlarında Bakı şəhərinə qayıdıb və fevral ayının ortalarında Azadi ona zəng edərək 6.000 manat pulun hazır olmasını deyib: “Həmin pulu mənə necə verəcəyimi soruşdu. Həmin vaxt işlərim olduğu üçün rayonda olduğumdan Azadiyə pulu evimə çatdırmasını dedim. Azadi də pulu Ayaz verəcəyini bildirdi. Bir neçə saatdan sonra Fərqanə mənə zəng etdi və Ayazın 6.000 manat pulu çatdırdığını söylədi. Mart ayında Azadi mənə pul vermədi və bildirdidi ki, pulu sement verdiyi şəxslərdən ala bilməyib, ona görə də mənə pul verə bilmir. Aprelin 1-də  Türkiyədə əməliyyat olundum və yoldaşım Fərqanə də mənim yanıma gəldi. Təxminən aprelin 5-də Azadi də mənə dəymək üçün İstanbula gəldi. Həmin vaxt Azadidən işlər nə yerdə olmasını soruşdum. Azadi isə Kamaləddin Heydərovun xalası qızının əri Şahinlə birlikdə işlər gördüyünü, onunla dostluq münasibətlərinin olduğunu və Şahinin yaxın müddət ərzində ona yaxşı bir vəzifə verəcəyini söz verdiyini dedi”.

 

“Bildirdi ki, sənədləri nazirin stolunun üstündədir”

 

Ramil Bayramov daha sonra ifadəsində qeyd edib: “Azadi bildirdi ki, sənədləri nazirin stolunun üstündədi və biznesə qoyduğu bütün pulları toplayaraq həmin vəzifə üçün sərf edəcək. Bu söhbəti ilə Azadi mənə eşitdirdi ki, ondan nə pulumu, nə də ki, qazancımı istəməyim. Bir müddət keçəndən sonra Bakı şəhərinə qayıtdıq. Növbəti dəfə Azadi ilə görüşərkən, Azadi bildirdi ki, qardaşı Mehti və bacısı Xatirə ona cadu ediblər, ona görə də işləri düz getmir. Mən  isə onu sakitləşdirdim və belə məsələlərə inanmamağı tövsiyə etdim”.

 

“Yoldaşım xahiş etdi ki, caduları çıxarsın”

 

Ramil Bayramovun sözlərinə görə, təxminən bir iki gündən sonra Azadi yenidən onunla görüşərək sinif yoldaşı Nadirin onu Seyid ləqəbli bir falçı ilə tanış etməsini deyib: “Həmin falçı Azadinin maşınına oturaraq maşından və digər yerlərdən çadular tapdı. Həmin ərəfədə yoldaşım Fərqanə əməliyyat olunmalı idi. Əməliyyatdan qabaq Azadinin yoldaşı Mətanət Fərqanəyə dedi ki, şəklini Seidə göstərib və Seid bu qadına və ailəsinə çadu edilməsini bildirib. Həmçinin Seid əgər cadu çıxarılmasa həmin qadın əməliyyatdan qayıtmayacağını bildirib. Yoldaşım da bu sözlərdən qorxaraq Mətanətdən xahiş etdi ki, həmin Seidi evimizə gətirsin və caduları çıxarsın”.

 

“Cadunun çox olmasını bildirdi”

 

Zərərçəkmişin ifadəsinə görə, təxminən 2013-cü ilin aprel ayının son günlərində yoldaşı ilə evdə olarkən, mənzilin qapısı döyülüb: “Qapıda Azadini, Mətanəti, Ayazı və yanlarında bir nəfər şəxsi gördüm. Onları evimə dəvət etdim. Azadi məni həmin şəxslə tanış edərək Seid olduğunu bildirdi. Həmin Seid mənzildə əlində olan kitabı açdı və cadunun çox olmasını, bir gün ərzində iki cadudan əlavə çıxara bilməyəcəyini bildirdi. Sonra Seid mənzildə qapının yanında şkafın üstündə cadu olmasını dedi. Həmin vaxt Azadi Ayaza qalxaraq şkafın üstündən cadunu götürməyini dedi. Ayaz şkafın üstünə qalxdı və oradan bir bağlama götürərək Seidə təqdim etdi. Seid bağlamanı açdı və cadunu ləğv etdiyini dedi. Daha sonra Seid başqa bir yerdə də cadunun olmasını, həmin yerə maşınla getmək lazım olmasını dedi. Ona görə də mən, yoldaşım ilə öz  maşınımda, Azadi, Mətanət, Ayaz və Seid Azadinin maşını ilə dalbadal yola düşdük”.

 

“Müxtəlif yerlərdən cadular çıxardı”

 

Ramil Bayramov bildirib ki, Azadi maşını köhnə iş yerinin yanına “Montin bazarı” istiqamətində sürüb və keçmiş iş yerinin yaxınlığında saxlayıb: “Hamımız maşından düşdük, Seid yenədə əlində olan kitabı açdı, orada olan bir ağacın dibini göstərərək həmin yeri qazmağı dedi. Ayaz həmin yeri qazdı və oradan bir bağlama çıxararaq Seidə verdi. Seid isə həmin bağlamanı açaraq oradan mənim şəklimi çıxardı və bizi inandıraraq daha sonra cadunu ləğv edəcəyini dedi. Daha sonra bir güdən bir Seid bizim evimizə arvadıyla gəlməyə başladı. Hər dəfə Seidin sözü ilə müxtəlif yerlərdən cadular çıxarırdıq. Caduları təmizləmək üçün Seidə təxminən hissə-hissə 30.000 manat verdim. Sonra yoldaşım əməliyyat olundu. Təxminən 2013-cü ilin iyun ayında birlikdə bağda olarkən Azadi, Mətanət, Ayaz, Nadir və yoldaşı ora gəldilər. Orada Azadi ilə söhbət etdik. Ondan biznesin nə yerdə olmasını soruşdum, Azadi isə bildirdi ki, Şahin işlə əlaqədər Qazaxstana gedib və qayıdandan sonra Azadini vəzifəyə təyin edəcəklər”.

 

“Dedi ki, danışdığı şəxs Yolçu adlı mələkdir, Allah tərəfindən göndərilib”

 

Zərərçəkmiş ifadəsində qeyd edib ki, sonra Azadi, Mətanət və Ayaz kənara çəkilibilər, öz aralarında nə isə söhbət ediblər və yenidən hamının yanına qayıdıblar: “Bu vaxt Ayaza zəng gəldi və Ayaz hamıya sakit olmağı, Yolçu bəyin ona zəng etdiyini dedi və dəstəyi götürdü. Telefonda Ayazın dediyi Yolçu nə deyirdisə, Ayaz da onun sözlərini bizə təkrar edirdi. Ayaz deyirdi ki, sağında oturan şəxs, sənin ən yaxın dostundur və mənə əlini uzadırdı. Daha sonra “onun o qədər yüksək vəzifəsi olacaqdır ki, sizə də iş verəcək, sənin sənədlərin nazirin stolunun üstündədir, sən seçilmisən” əlini Azadiyə uzadaraq deyirdi, sonra orada oturanların hamısına hərəsinə bir söz dedi. Beləliklə də Ayaz bizi inandırmağa çalışırdı ki, Yolçu adlı mələklə söhbət edir və həmin mələk hamının keçmişini və gələcəyini deyir. Ayaz dəstəyi qoyandan sonra dedi ki, danışdığı şəxs Yolçu adlı mələkdir və Allah tərəfindən Azadinin hansısa yaxşı əməlinə görə ona yardım edilməsi üçün göndərilib. Mən və yoldaşım həqiqətən də ona inandıq. Daha sonra Azadi, Mətanət və Ayaz hər gün evimizə gələrək söhbətlər aparırdılar, həmçinin evdə olarkən Ayaz yenə də Yolçu ilə telefonla danışdı və bizə Yolçunun dediyi sözləri çatdırırdı. Növbəti dəfə evimizdə olarkən Ayaz yenə də Yolçu ilə telefonla danışaraq guya ki, onun sözlərini çatdırdı və dedi ki, Azadi vəzifəyə getməlidir və ona maddi yardım etmək lazımdır, həmçinin əlini mənə uzadaraq maddi yardım tərəfimdən olunmasını dedi. Beləliklə də tam şəkildə inanmağa başladım ki, həqiqətən də Azadi vəzifəyə gedir və sonra məni də bir işlə təmin edəcəkdir. Bu məqsədlə Azadi mənə dedi ki, 200.000 ABŞ dolları pul lazımdır, mən isə bu qədər pulumun olmamasını bildirdim.  Azadi isə xahiş etdi ki, ona borc pul tapsın, vəzifəyə gedir. ən də bacanağım Rafaeldən 65.000 ABŞ dolları pul aldım və təxminən 16 iyun 2013-cü ildə öz evimdə Azadiyə və Ayaza Mətanətin yanında verdim. Sonra qudam Aydından 70.000 ABŞ dolları pul aldım. Təxminən 2013-cü ilin iyun ayının sonlarından Azadi, Mətanət və Ayaz evimə gəldilər və həmin vaxt pulu onlara verdim”.

 

“Yolçu deyirdi ki, torpağımı və maşınımı satım”

 

Ramil Bayramov qeyd edib ki, sonra təxminən 2013-cü ilin avqust ayının əvvəllərində yenə də Azadi, Mətanət və Ayaz da evlərində olarkən, Ayaza yenidən zəng gəlib: “Ayaz dedi ki, zəng edən Yolçudur, Yolçu deyir ki, 100.000 manat pul lazımdır verin Azadiyə, həmin pulnan guya ki, onun dolanışığı təmin olunacaq və hər ay guya ki, mənə 7.900 manat pul veriləcəkdir. Mən də dostum Camaldan xahiş etdim ki, 100.000 manat pul versin, həmin pulu Azadiyə və Ayaza verimş Təxminən avqustun 8-də Camaldan 100.000 manat pul götürdüm. Həmin tarixdə öz evimdə Azadiyə və Ayaza verdim. Ayaz da mənə özümdə olan kitabçaya imza etdirdi ki, ayda mənə 7.900 manat pul verəcəkdir. Təxminən 2013-cü ilin axırlarında yenə də Azadi, Mətanət və Ayaz evimdə olarkən, Yolçu Ayaza zəng vurdu, Ayaz onunla telefonla danışdı və Yolçu deyir ki, 100.000 ABŞ dolları pul vermək lazımdır ki, Azadinin vəzifə işi düzəlsin. Mən də yenidən borc almaq üçün əmim Nurəddinə müraciət etdim və ondan 100.000 ABŞ dolları pul aldım. Avqustun 22-də öz evimdə 100.000 ABŞ dollarını Azadiyə və Ayaza verdim. Təxminən sentyabr ayının əvvələrində Azadi, Mətanət və Ayaz evimizə gəldilər, yenə də Ayaza Yolçu zəng vurmuşduş Ayazın sözlərinə görə, həmin vaxt Yolçu deyirdi ki, torpağımı və maşınımı satım, pulları Azadiyə verim. Mən də Masazır qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəmi Ayazın vasitəsi ilə 64.000 manata satdım və həmin pulu Ayaz torpağı alan adamdan notariat kontorunda götürdü. Sonra isə sürdüyüm “Toyota” markalı avtomaşınını 33.000 ABŞ dollarına satdım və pulları Azadinin sözü ilə Ayaza verdim”.

 

“Guya Yolçu deyib ki, qızımın kəbini göylərdə kəsilib”

 

Zərərçəkmişin ifadəsinə görə, daha sonra 2013-cü ilin oktyabr ayında yenə də Azadi, Mətanət və Ayaz onun evinə gəliblər: “Mətanət “Yolçu guya deyib ki, qızımı Azadinin oğlu Mənsura ərə verməliyım, guya ki, onların kəbinləri göylərdə kəsilib. Sonra oktyabrın 6-da Azadi, Mətanət, Ayaz, Ayazın atası və anası, Azadın dostu Ceyhun, arvadı Nərminə ilə, Azadinin Mehti və Eldar qardaşları və Mehtinin yoldaşı, Mətanətin bacısı və anası bizə elçiliyə gəldilər. Elçilik oldu,  qızım Leylanın hərisini verdim. Hərini verəndən sonra Azadi, Mətanət və Ayaz yenidən  evimə gəldilər və yenə də Ayaz Yolçu ilə söhbət etdi. Dedi ki, Yolçu “sübh namazı vaxtı mələklər qurban kəsmək üçün onlara 1300 manat pul qoyublar kamodun üstünə, Azadi çıxıb pulu götürsün, üç qurban alınıb kəsilsin, ikisi paylanılsın, biri isə ailənizdə qalsın. Azadi kamodun üstünə çıxdı və orada olan vazanın içindən konvertin içərisində 1.300 manat pulu götürdü və bizə göstərdi. Bu hal onlara qarşı inamım daha da çoxaldı. Sonra Azadi dedi ki, təcili qızım Leylanın mənzilini satımn və pulu ona verim ki, işini keçirdə bilsin. Mən isə evi satmayacağımı Azadiyə dedim. Daha sonra Azadi, Mətanət və Ayaz evimdə olarkən yenə də Ayaza zəng gəldi. Ayaz Yolçu ilə daışandan sonra dedi ki, Yolçunun bu sözlərini bizə çatdırdı. Guya Yolçu deyirdi ki, Ramil evi qızı üçün alıb və satmaq istəmir, qoy Ramil evi satsın və pulu Azadiyə versin, 3 aydan sonra həmin mənzil Ramilin özünə qayıdacaq və hər 15 gündən bir Ramilə 13.333 manat pul veriləcək. Yenə də Ayaza inandım, kürəkənim Samirin vasitəsi ilə mənzili 290.000 ABŞ dollarına satdım və həmin pulu oktyabrın 19-da öz evimdə Azadiyə və Ayaza verdim”.

 

“Qızıma ərinə sadiq olmamağını deyəcəyini bildirdi”

 

Ramil Bayramovun sözlərinə görə, bu məsələlər baş verərkən qızı Nigar və yoldaşı Mahmud şübhələnblər: “Mətanətin yanında Nigar dedi ki, Ayazı Milli Təhlükəsizlik Naziliriyi (2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb – red.) vasitəsi ilə yoxlatdırır. Mətanət Nigarın sözlərini ciddi qəbul etdi və növbəti dəfə Azadi, Mətanət və Ayaz evimizdə olarkən, Ayaza Yolçu zəng vurdu. Sonra Yolçunun dediklərini bizə çatdırdı. Guya Yolçu deyib ki, Azadi və mən təcili olaraq Azərbaycanı tərk etməlidirlər, burada təhlükə gözlənilir. Bundan sonra Azadi öz ailəsinə və mənim ailəmə biletlər aldı. Birlikdə Antaliyaya getdik. Bir həftə Antaliyada qalarkən xəbərim olmadan Ayaz Nigara gizlin zəng vurub və MTN-nə verdiyi ərizəni geri götürməsini, onu yoxlatdırsa, ərinə sadiq olmamağını deyəcəyini bildirdi. Nigar da bu barədə yoldaşı Mahmuda danışdı”.

 

“Dedi ki, qızımın ərinə sadiq olmadığını film kimi göstərəcək”

 

Ramil Bayramov qeyd edib ki, Antaliyadan qayıdandan sonra yenidən Azadi, Mətanət və Ayaz evinə gəliblər: “Evdə olarkən Nigar söhbəti açdı və Ayazın dediklərini hamının yanında təkrar etdir. Nigar Ayazın sözlərini deyəndən sonra, Ayaz bildirdi ki, Nigarın sadiq olmaması barədə olan sözləri ona Yolçu deyib və Nigarın ərinə sadiq olmamasını divarda film kimi  dekabrın 13-də göstərəcəkdir. Mən də əsəbləşdim, Azadini, Ayazı və Mətanəti evimdən qovdum və verdiyim pulumun qaytarılmasını tələb etdim, əks təqdirdə isə polisə şikayət edəcəyimi dedi. Azadi, Mətanət və Ayaz  getdilər. Təxminən bir iki gün sonra Azadi yenidən mənə zəng vurdu və xahiş etdir ki, polisə şikayət etməyim, pulları tezliklə qaytaracaqdır və təklif etdi ki, götürdüyü pullara görə onunla borc müqaviləsi bağlayım. Mən də Azadi ilə razılaşdım. Dostum Camalla 3 saylı notariat kontoruna getdik. Orada Azadi və Ayazla görüşdük. Ayazla və Azadiylə borc müqaviləsi bağlanıldı. Borc müqaviləsində Ayaz 732.300 ABŞ dolları aldığını təsdiq etdi, Azadi isə 194.000 ABŞ dolları aldığını təsdiq etdi. Azadiylə müqavilə bağlayandan sonra onu görmədim. Dəfələrlə ona zəng etdim, lakin zənglərimə cavab vermədi. Daha sonra bir dəfə Ayaz mənimlə görüşdü və mənə 13.333 manat verdi. Xahiş etdi ki, polisə şikayət etməyim. Təxminən bir il gözlədim ki, , pulunu qaytarsınlar, lakin Azadi Antaliyaya qaçmışdı. Sonradan isə polisə şikayət verdim”.

 

Qeyd edək ki, bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.  Prokuror Ayaz Məhərrəmovun cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmişlər də apelyasiya şikayəti verərək, Ayaz Məhərrəmovun cəzasının ağırlaşdırılmasını istəyiblər.

 

Ayaz Məhərrəmov da apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

 

Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

 

Qərara görə, prokurorun protesti, zərərçəkmiş şəxslərin apelyasiya şikayətləri təmin olunub. Ayaz Məhərrəmovun cəzası 8 ilə qədər artırılıb.

 

Ayaz Məhərrəmovun apelyasiya şikayəti isə təmin olunmayıb.

 

Qeyd edək ki, 1993-cü ildən 2009-cu ilə kimi Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işləyib. Təxminən 1993-cü ildən o, Azadi Paşayev ilə tanış olub.

 

Belə ki, Azadi Ramil Bayramov ilə birlikdə qeyd olunan idarədə işləyib.

 

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən idarələri Əmlak komitəsinə birləşdirilib və əməkdaşlar işdən azad olunub.

 

Həmin gündən həm Ramil Bayramov, həm də Azadi Paşayev işsiz qalıblar.

 

Azadi Paşayevin də barəsində hüquq-mühafizə orqanlarında cinayət işi ayrıca icraata götürülüb. O, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

 

Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top