
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə Bakıda fəaliyyət göstərən Resurs Mərkəzində bu gün “2020-ci ilin parlament seçkiləri və media. Jurnalist hüquqları və vəzifələri” mövzusunda "dəyirmi masa" keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Mətbuat Klubunun təşkilatçılığı ilə keçirilən təbirdə media ekspertləri, jurnalistlər, Avropa Şurası, Almaniya, Fransa, ABŞ, Niderland, Polşa və digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyev, media eksperti-hüquqşünas Ələsgər Məmmədli, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və digər şəxslər 9 fevral tarixində keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı Azərbaycan mediasının fəaliyyətindən danışıblar.
Qeyd olunub ki, növbədənkənar parlament seçkilərinin mediada işıqlandırılmasının monitorinqi aparılıb. Tədbir zamanı həmin monitorinqin nəticələri açıqlanıb.
Tədbirin yekun sənədi olaraq “Press Klub” jurnalist ictimaiyyətinə və rəhbər dövlət orqanlarına müraciət edib.