Türkiyənin milli pilotsuz qırıcısı hərbi sınaqlarda növbəti vacib mərhələni keçərək yüksək zərbə imkanlarını nümayiş etdirib.
Demokrat.az xəbər verir ki, Türkiyənin pilotsuz qırıcı təyyarəsi "Bayraktar Kızılelma" mühüm sınağı uğurla tamamlayıb. Sınaq uçuşu zamanı "Kızılelma" ilk dəfə "JET-230" supersonik ballistik raketi ilə hədəfi dəqiq vurub. Hərbi sınaqların görüntülərini "Baykar" şirkəti sosial media hesablarında paylaşıb.
Uğurlu sınaq uçuşu pilotsuz qırıcının "S2" gövdə nömrəli seriyalı istehsal nümunəsi ilə həyata keçirilib. Ukrayna istehsalı olan mühərriklə təchiz edilən pilotsuz qırıcı sınaq zamanı iki ədəd "JET-230" raketi daşıyıb. Atəş nəticəsində dəniz üzərində yerləşən və hərəkətsiz olan hədəf məhv edilib. Sınaq zamanı hədəf 120 kilometrdən çox məsafədən dəqiqliklə vurulub. Əslində isə bu raketlərin uçuş məsafəsi 200 kilometrdən artıqdır.
Yeni raketin texniki imkanları barədə məlumatlar hələlik məhduddur. Raketi istehsal edən "Roketsan" şirkətinin rəsmi saytında da "JET-230" haqqında geniş rəsmi məlumat yerləşdirilməyib.
Hərbi ekspertlər bu raketin daha əvvəl təqdim edilən "UAV-230" modelinin təkmilləşdirilmiş versiyası olduğunu ehtimal edirlər. Havadan quruya atılan "UAV-230" supersonik ballistik raketinin maksimum uçuş məsafəsi təxminən 150 kilometr təşkil edir.
Yeni "JET-230" raketi isə həm mənzil, həm də sürət baxımından daha yüksək göstəricilərə malikdir.

