
Abşeron rayonunun Qobu kəndində yerləşən kərpic zavodundan yayılan tüstü və qoxu yenidən bütün ərazini bürüyüb.
Demokrat.az xəbər verir ki, sakinlər havanın çirklənməsindən və nəfəs almaqda çətinlikdən şikayət edirlər.
Məlumata görə, həmin müəssisə daha əvvəl qaz-toz tutucu qurğu quraşdırmadığı üçün inzibati qaydada cərimələnib. Buna baxmayaraq, zavodun fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi davam edir.
Yerli icra orqanlarının açıqlamasında bildirilir ki, zavod ətrafında yerləşən evlərin bir çoxu sonradan inşa olunub və tikinti zamanı mühafizə zolağına dair tələblər gözlənilməyib.
Sakinlər isə məsələ ilə bağlı aidiyyəti qurumlardan nəzarətin gücləndirilməsini və ekoloji təhlükəsizliyin təmin edilməsini istəyirlər.