Abşeronda ər arvadını bu səbəbdən döydü — TƏFƏRRÜAT

HADİSƏ 01 oktyabr 2025, 12:36
Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə dava ilə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 28-də baş verib. 1976-cı il təvəllüdlü Əmir həmin gün saat 13 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Günəşin fəaliyyət qabiliyyəti olmayan 1-ci qrup uşaqlıqdan əlil olan bacısı Nərminə (adlar şərtidir – red.) olan davranışından narazı qalıb.

Bununla bağlı arvadına irad bildirərkən həmin səbəbdən tərəflər arasında ailə məişət zəminində mübahisə yaranıb. 

Narazılıqla əlaqədar mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşib və arvadının üzərinə hücum edib. Əvvəlcə qəsdən əlləri ilə onun saçından tutub dartmaqla və qolundan burmaqla yerə yıxıb. 

Daha sonra arvadını döşəmədə sürükləyib, ardınca əl, yumruq zərbələri ilə başından ardıcıl vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 1978-ci il təvəllüdlü, 1-ci qrup əlil, fiziki və psixi qüsurlu, həmçinin görmə qabiliyyəti zəif olan Nərmin onun doğma bacısıdır: 

“Bacım anadangəlmə əlildir, bizimlə birlikdə yaşayır. Mən Günəş ilə 2012-ci ildə ailə həyatı qurmuşam, birgə nikahdan 3 övladım var. Ailə qurarkən Günəşə mənim fiziki və psixi qüsurlu bacım olduğunu, həmin bacımın da bizimlə birlikdə yaşayacağını bildirmişəm. 

Günəş də buna razı olub. Son vaxtlar aramızda ailə daxili mübahisələri baş verir. Bunun da səbəbi Günəşin bacım ilə yola getməməsi, onun evdə qalmasını istəməməsidir. Mən də buna görə Günəşə dəfələrlə irad tutmuşam”. 

Əmir qeyd edib ki, sonuncu dəfə fevralın 28-də, saat 13 radələrində bacısı Nərmini duş alması üçün hamama aparıb, sonra isə özü övladını məktəbə aparıb: 

“Bir müddət sonra evə geri qayıtdıqda bacımın paltarsız şəkildə evin dəhlizində olduğunu gördüm. Nə üçün belə qaldığını soruşdum. Bacım Nərminin qazı bağladığını və soyuq suda duş ala bilmədiyini dedi. Günəşin bu sözündən sonra Günəş onun üzərinə gedərək yalan söylədiyini bildirdi. Mən də həmin vaxt əsəbiləşərək əllərim ilə Günəşin saç və sağ qolundan tutaraq burdum. Həmin vaxtı Günəş yerə yıxıldı. Yerdə əl zərbələri ilə onun başından bir neçə dəfə vuraraq onu döydüm və mübahisəmiz başa çatdı. Bundan sonra Günəş Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin zərərçəkənin ərini bağışladığı, ona qarşı şikayətini geri götürdüyü məlum olub. Bununla bağlı məhkəməyə sənəddə təqdim ediblər. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top