Minimum əmək haqqı 480 manata qədər artırıla bilər — Ekspertdən AÇIQLAMA

SOSİAL 01 oktyabr 2025, 11:51
"2026-cı ilin dövlət büdcəsində minimum əmək haqqının artırılması əsasən inflyasiya proqnozlarına bağlıdır. Maliyyə Nazirliyi 2026-cı ildə inflyasiyanın birrəqəmli olacağını proqnozlaşdırır və büdcə müzakirələrində bu məqam nəzərə alınır".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

Ekspert bildirib ki, bu, minimum əmək haqqının növbəti ildə təxminən 5–8% artırılacağı anlamına gəlir:

"Əvvəlki illərin təcrübəsinə görə hökumət inflyasiyanın və əhalinin həyat səviyyəsinə mənfi təsirlərini yumşaltmaq üçün minimum əmək haqqlarını inflyasiyaya uyğun artırır. Bu mühafizəkar yanaşma 10–20% artımı nəzərdə tutur. Beləliklə, minimum əmək haqqı 400 manatdan 440–480 manata qədər arta bilər".

Onun sözlərinə görə, minimum əmək haqqının artımı orta əmək haqqına böyük təsir etmir:

"2026-cı ildə orta əmək haqqının 1156 manat olması proqnozlaşdırılır. Yaşayış minimumu da 2026-cı ildə 300 manat səviyyəsində müəyyən ediləcək. Müəllimlərin maaşı isə 1000 manatdan başlayacaq".

Ekspert bildirib ki, büdcə defisiti və inflyasiya riski nəzərə alınaraq, minimum əmək haqqında çox böyük artımlar gözlənilmir:

"Artımlar işə götürənlərin maliyyə yükünü artıracaq, xüsusilə kiçik özəl müəssisələr üçün çətinliklər yarada bilər. Gəlir vergisi üzrə güzəştlərin uzadılıb-uzadılmayacağı da hələ məlum deyil. 

Əgər tətbiq olunarsa, özəl sektorda ixtisarların genişlənməsi ehtimalı var. Ümumilikdə, 2026-cı ildə minimum əmək haqqı 8–10% civarında artırılaraq təxminən 440 manat və ya bir qədər artıq olacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top