Xırdalanda 32 yaşlı kişi qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 01 oktyabr 2025, 10:45
Abşeron rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 10-da , Xırdalan şəhərində baş verib. 

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Namiq həmin gün saat 21 radələrində yaşadığı evdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən onunla həmin ünvanda yaşayan qardaşı Zaurun ona işləmədiyinə görə irad bildirməsindən əsəbiləşib. 

Həmin səbəbdən aralarında ailə münaqişə zəminində yaranmış narazılıq üstündə mübahisə edib. 

Həmin mübahisə əsnasında Namiq həmin ünvanda Zaurun üzərinə hücum edərək qəsdən əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. 

Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onun barəsində şikayət edən Zaur doğma qardaşıdır: 

“Zaurla eyni evdə, yəni Xırdalan şəhəri, Quşçuluq massivində birlikdə yaşayır. Qardaşımla aramızda maddi sıxıntılarıla bağlı arada sözlə mübahisələrimiz olur. Martın 10-da, saat 21 radələrində Zaurla birlikdə yaşadığımız evdə olarkən mənə işləməyimə görə öz iradını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək qardaşımın üzərinə gedərək əl və yumruq zərbələri onun sifət, göz və qollarına vuraraq onu döydüm. Bundan sonra mübahisələrimiz sona çatdı. Mən öz yatdığım otağa getdim. Sonra bildim ki, qardaşım barəmdə polisə şikayət edib”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin zərərçəkən qardaşını bağışladığı, ona qarşı şikayətini geri götürdüyü məlum olub. Bununla bağlı məhkəməyə sənəddə təqdim ediblər. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top